Sahibin Hanı

Sahibin Hanı

Şuşanın işğalı zamanı dərədə sahibsiz bir atın atəşlər

altında sağa-sola vurnuxduğu videolentə alınmışdı.

Bu, nə qovğa; bu, nə qəza?!

Qeyrət də getdi güdaza...

Sağ qalmağın sənə cəza,

Səfil at, sahibin hanı?!

 

Nə axurun, nə bir damın...

Səfilliyin sərt edamın!

Şərəfiydin bir adamın,

Səfil at, sahibin hanı?!

 

İlk baxışda sən bir atsan,

Haqdan gəlmiş bir baratsan!

Sən namussan, bərəkətsən!

Səfil at, sahibin hanı?!

 

Yanında bir cəngi yoxmu?

Cənginin ahəngi yoxmu?!

Qeyrətin öz rəngi yoxmu?

Səfil at, sahibin hanı?!

 

Elin qaçqın, yudun yağma...

Kim qaldı ki, sənə doğma?!

Sən dözməzsən, bizə baxma,

Səfil at, sahibin hanı?!

 

Göy pərişan, yer küskündür,

Nə pis dövran, nə pis gündür!

Yetimliyin nə miskindir,

Səfil at, sahibin hanı?!

 

Bu dağlar kişnərti istər!

Vurnuxma gəl belə müstər,

Fınxır, kişnə, qeyrət göstər,

Səfil at, sahibin hanı?!

 

Elə kişnə, göy kişnəsin!

Ərzin bağrına işləsin!

Hamı sənin, sən heç kəsin -

Səfil at, sahibin hanı?!

sahibin, sahibin,

sahibin hanı!!!

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz