Bibi-Heybət Məscidi
Paytaxtdan 4-5 km aralı Bakı-Astara yolunun üstündə, dəniz sahilində gözoxşayan bir İslam abidəsi ucalır.
"Bibiheybət" adlanan bu müqqəddəs yerin və qəsəbənin maraqlı tarixçəsi var imiş. Bunu çiyarətgahın axundu HACI HİKMƏT ƏLİZADƏNİN söhbəti də təsdiq etdi.
Bibiheybət məscidi Şirvanşah II Fərruxzad tərəfindən XIII əsrdə inşa edilmişdir. Məscidin divarındakı kitabədən A.Bakıxanov, B.Dorn bəhs etmişlər. Həmin kitabədə məscidin 1281-1282-ci illərdə memar Mahmud ibn Sədin tikdiyi bildirilir:
"Bu məscidi tikməyi əzəmətli məlik, böyük sultan, dövlətin və dinin qoruyucusu, möminlər əmrinin köməkçisi,Əbul-Fəth Fərruxzad ibn Axsitan özünə rəva görmüşdür. Allah onun hakimiyyətini ucaltsın." Bu mətn Xanəgah məscidinin mehrabındakı kitabənin yuxarıda göstərilən mətni ilə eynidir.
Bəs, üçgünbəzli türbə və 20 metr hündürlükdə olan minarə məhz kimin şərəfinə ucaldılmışdır?
Bu əzəmətli turbədə Həzrət Həkimə və imam Museyi Kazımın 3 nəvəsi uyuyur. Həzrət Peyğəmbər (s.ə.s) nəslindən olan müqəddəs əhli-beyt məzarlarının sayına görə Məkkə, Mədinə, Nəcəf, Kərbəla, Kazımeyn, Samirə ziyarətgahlarından sonraki yeri Bibiheybət tutur. Ziyarətgahın ətrafında Şeyxlər məskən saldığından Şeyx -yəni Şıx qalmışdır.
Bəs Həzrət Həkimə xanım və Həzrət Rəhimə xanım Bakıya Azərbaycana necə gəlib çıxmışlar?
Bəzi tarixi rəvayətlərdə onların Azərbaycana gəlişi İslam dininin təbliği və islamın Azərbaycanda yayılması ilə bağlıdır. Digər bir tarixi rəvayətdə isə deyilir ki, imam Rza (ə) Bağdad xəlifəsi Məmun-ər-Rəşid (Harunun oğlu) tərəfindən Xorasan şəhərində zəhərləndiriləndən sonra imam övladlanının əhli-beytin mərkəzi, Peyğəmbər (s.ə.s) dəfn olunduğu Mədinə şəhərinə buraxılması yasaq edildi. Ər-Rəşid yollarda pusqular və xəfiyyələr qoydurur, imam balalarını gizli yollarla tutdurub əziyyət verdirirdi. Həzrət İmam Rza (ə) Xorasan şəhərində yaşayıb fəaliyyət göstərirdi.
Zəhəri isə Həzrətə ər-Rəşidin özünün içirtdiyi rəvayət olunur. Sevimli qardaşının ölümündən sonra imam Museyi Kazımın (ə) üç nəvəsi ilə Həkimə xanım İranın Ənzəli şəhərinə zəvvar olur. Buradan xeyirxah Baba Sücəddin vasitəsi ilə Bakı limanına gəlir. Baba Sücəddin Bakını Həzrət üçün təhlükəsiz bildiyindən, onu Hacı Bədir adlı varlı bir dostuna tapşırır. Varlı, ədəbli, sadiq bir insan Hacı Bədir ömrü boyu Həzrət Həkimə xanımın xidmətində durmuşdur. Düşmənlərinə xəbər çatmasın deyə, onun əsl adını gizlədib ona "Bibi" (yəni xanım) deyə müraciət etmişdir. Bibiheybət isə fars dilində xidmətkar xanım deməkdir.
İmam Museyi Kazımın (ə) üç nəvəsi və onun sevimli qızı Həzrət Həkiməni himayə edən Hacı Bədir onları bütün qalmaqal və dedi-qodulardan, imam övladlarını təqib və zülümlərdən hifz etmişdir. İmamzadələrin adı nə qədər gizli tutulsa da, Bakı əhlinin, Şirvan Şahının bundan xəbəri vardı. Bu torpağa ziyarətə gəlir onların başına dolanırdılar. Xanım isə ərə getməmiş, bakirə qız olsa da ömrünü qardaşı və bacısı balalarına həsr etmişdir. Həmin uşaqların məzarları da onunla yan-yana salınmışdır. Hacı Bədir isə öz arzusuyla xanımın ayaq tərəfində dəfn olunmuşdur. Bu Azərbaycanlı Hacı Bədirin İslam dünyasına olan sədaqət və məhəbbətinin təzahürü idi.
XIX əsrin ən görkəmli şəxsiyyətlərindən biri olan, Azərbaycan xalqının görkəmli qızı Xurşid Banu Natəvan (Qarabağ xanının qızı) ərə gedəndən bir neçə il sonra övladı olmamış və Həkimə xanımın ziyarətinə gələrək Allahdan övlad diləmişdir. Oğlu dünyaya gələndən sonra övladını qolları üstə alıb ona övlad vermiş Allaha şükr etmək üçün Həkimə xanımın ziyarətinə gəldiyini söyləyirlər. Məhz Şıx yolunu ilk dəfə Xurşid Banu Saldırmışdır. Nəzr dediyi yolu abadlaşdıran Natəvan bu xidməti ilə Azərbaycanın yaxın şərq və qonşu ölkələrlə ticarət və ziyarət yolunu xeyli asanlaşdırmışdır.
Həzrət Həkimə xanımın türbəsini Quba xanı Fətəli xan da tez-tez ziyarət edərmiş. Bu ziyarətlərin birində dünyasını dəyişən Fətəli xan öz arzusu ilə müqəddəslərin dəfn olunduğu məzarlıqda torpağa tapşırılır. Hazırda Fətəli xanın 30-cu illərin məlum hadisələri zamanı yerlə-yeksan olmuş qəbrinin baş daşı Azərbaycan tarixi muzeyində qorunur.
1911-ci ildə məscidin şimal divarına bitişik bir məscid də inşa edilir. Görünür əvvəlki məscid çoxsaylı zəvvarlar üçün darlıq edirmiş.
Lakin 1934-cü ildə o illərin sərt küləkləri Xanım həzrətlərinin müqəddəs türbəsini daha dəhşətli tufan qopartdı. "Kommunist dinamitiylə" partladılan məscid və minarə yerlə-yeksan oldu. Şıxlılar isə gecəylə xanımın sinədaşı olan qəbirlərin üstünü torpaqla basdırmışlar ki, qəbirlərə zədə toxunmasın. Bununla belə həmin partlayış qəbir daşında çat vermişdir.
Bütün bunlara baxmayaraq, yetmiş ilin sovet qadağaları xalqı ziyarətgahdan ayıra bilmədi. Müqəddəs ziyarətgah mərhum prezident Heydər Əliyev tərəfindən yüksək səviyyədə bərpa edilərək xalqın ixtiyarına verilmişdir.
Hacı Hikmət əsl tədqiqatı xatırladan söhbətinin sonunda dedi: Bibiheybət məscid-kompleksini xalqa qaytarmaq məsələnin bir tərəfidir, yəni onun mənəvi aspektini də yoluna qoymaq gərəkdir. Buna görə də nəzərdə tutulub ki, dünyanın bütün ziyarətgahlarında olduğu kimi, Bibiheybətdə də zəvvarların qəbulu üçün mehmanxana tikilsin, zəngin kitabxana yaradılsın, ətraf abadlaşdırılsın və bütün kompleksi idarə edə bilən yüksək ixtisaslı kadrlar hazırlansın.
ŞƏRHLƏR