“YARIMÇIQ PAPAQÇI”
İnsanı aldatmağa nə var ki!..
İndiki zəmanədə təkcə öz yaxınları, etibar etdiyi, güvəndiyi kimsələr deyil, heç tanımadığı, üzünü görmədiyi, yaxşı bir işinə şahid olmadığı insanlar belə çox rahatlıqla aldadır insanı. Artıq onun aldanması üçün saatlarla, günlərlə dil tökmək də tələb olunmur. Bəzən elə insanın içindəki arzu və istəklər də onu aldatmağa kifayət edir. Sanki aldanmaqla ovunur zəmanə insanı, aldanmaqla ümid bəsləyir, nəyəsə.
İçindəki “vicdan”ının səsini boğduqdan sonra insanın şəxsiyyəti suyun üzünə tərk edilmiş kağız gəmidən fərqsizdir. Külək hansı səmtə əsərsə, o tərəfə üz tutar. Bir o yana, bir bu yana sovrulduqdan sonra dibi nəm çəkməyə başlayar və bir müddət sonra o suda batıb məhv olar. Təkcə kağız gəmilər deyil, həqiqi gəmilər üçün də bu belədir. Əgər istiqamətini bilməz, sükanını boş buraxarsa, əvvəl-axır fırtınalar girdabında məhv olmağa məhkumdur.
Dahi Nizaminin heç bir zaman qiymətini və həqiqət payını itirməyən bu beyti düşür yadıma:
Kamil bir palançı olsa da insan,
Yaxşıdır, yarımçıq papaqçılıqdan!
Əvvəla insan öz daxilindəki gəminin sükanını idarə edə biləcək kamil vicdana sahib olmalıdır ki, istiqamətini təyin edə bilsin. “Vicdan” ümumi ifadədir. Siz buna “təhsil, insanpərvərlik, vətənsevərlik, fərasət, öz xeyrini bilmək” kimi detalları əlavə edə, yaxud “iman” kimi ən əhatəedici bir ifadə ilə daha ülvi məna verə bilərsiniz. Nəticə olaraq, əsas məsələ budur ki, insan ona xitab edən, sükanının yönünü düzgün təyin edən daxili səsə malik olmadıqdan sonra nə qədər çabalasa da, kənardan müdaxilə edilərək yön verməklə müvəffəqiyyət limanına çata bilməyəcəkdir.
Günümüzdə insanın daxili aləminə ən çox nüfuz edə bilən vasitə hava kimi, su kimi həyati dəyər qazanmış olan virtual aləm, yəni internetlə təqdim olunan resurslardır. İnsanların bir çoxu interneti əyləncə, yaxud ünsiyyət vasitəsi kimi işlədir. Ancaq bəzi hallarda da internet əlimizdən tutur, cavab axtardığımız bir çox suallara cavab tapır, müşkülümüzü aşmaq üçün yol göstərir. Belə hallarda əlimizdə internet kimi geniş bir məlumat bazasının olmasına görə şükürlər edirik.
Təəssüf ki, bəzən internetin bu əngin imkanları insanın başını gicəlləndirir və onu suyun üzündə rotasız qalmış gəmi kimi hərləyərək böyük bir aldatmacaya sürükləyə bilir. İnsan barmaqlarının altında oynaşan gözqamaşdırıcı bilgi adresləri sayəsində özünü hər şeyi edə biləcək, hər şeyi öyrənə biləcək qabiliyyətdə görür.
Məsələn, əvvəllər insanlar xəstəxanaya üz tutmadan əvvəl ara həkimlərə, yaxud dua yazan mollalara baş çəkərdi. İndi onlardan da əvvəl ilkin mərhələni internet ələ keçirib. Belə ki, həkim məsləhətlərindən tutmuş şəfalı bitkilərə, hətta kimyəvi dərmanlara kimi bir çox həqiqi, yaxud saxta məlumat internetdən çox rahat əldə edilə bilir. Halbuki internetə qərəzli olaraq, yaxud savadsızlıq ucbatından bir çox səhv məlumatlar yüklənə bilməkdə və bunlar insanların öz həyatlarını məhv etməsinə səbəb ola bilməkdədir.
Buna başqa bir misal olaraq dini sahəni də göstərə bilərik. Bir çox insan kitab oxumağa vaxt tapa bilmədiyini bəhanə gətirərək suallarına cavab tapmaq üçün sualını internetə ünvanlamaqda, yazılan cavabın nə qədər doğru olduğunu, göstərilən mənbələrin həqiqiliyini yoxlama imkanı olmadığı halda orada öz istəyinə uyğun cavab tapan kimi bunu dəlil olaraq qəbul etməkdə, hətta bu sahədə özünü böyük bir elmə sahib imiş kimi görməkdədir.
Belə olan halda internetin geniş nemətləri onların hamısından doyumsuz bir iştahla faydalanmaq istəyən istifadəçiləri öz ağuşuna almaqda və heç hiss etdirmədən, öz istəkləri və razılıqları ilə böyük bir çılğınlıq və israf uçurumuna sürükləməkdədir. Burada israf deyərkən bunu həm internetdəki bilgi kirliliyinin yaratdığı baş qarışıqlığı, həm də sərf olunan vaxt və maddi vəsait mənasında başa düşə bilərik.
İnternetdən istifadə yaşının gündən-günə aşağı düşdüyünü də nəzərə alsaq, meydana gətirilən bir çox sayt və mənbələrin yaş və təcrübə olaraq olduqca kifayətsiz adminlər tərəfindən idarə olunduğunu düşünsək, necə də gülünc bir aldatmaca ilə qarşı-qarşıya olduğumuzu anlaya bilərik. Bizi aldatmaq bu qədər asan olmalıdır?..
Halbuki hər sahənin öz mütəxəssisi var. İnternet istifadəçisi də maraqlandığı sahənin mütəxəssiləri ilə məsləhətləşməli və onun üçün faydalı ola biləcək ünvanları əvvəlcədən müəyyən etməlidir.
İnternetlə əldə edilən bilik heç vaxt insanı özündən arxayın hala gətirməməli, həqiqi elm yolunda ona mane olmamalıdır. İstər elm, istər din, istər sağlamlıq, istərsə də vətənpərvərlik mövzusundakı paylaşımlar olsun, nəticə dəyişmir. Əks halda biz “yarımçıq papaqçı”lıqdan uzağa gedə bilməyəcəyik.
ŞƏRHLƏR