HƏR ŞEY SƏNDƏN BAŞLAYIR!

HƏR ŞEY SƏNDƏN BAŞLAYIR!

Məşhurlardan birinin dediyi kimi: “həyat velosipedin üzərində yıxılmamaq üçün tarazlığı qorumaqdır”. Bu həyat yolunda idarə etdiyimiz həyat velosipedinin üzərindən yıxılmaq isə istənilən halda mümkündür.

 Yıxılma və büdrəmə hadisəsi qarşıya çıxan bir maneə və ya hərəkət mexanizmasında ortaya çıxan hər hansı bir nasazlıqdan sonra baş verə bilər. İstənilən halda insanın bu hadisəyə qarşı münasibəti iki şəkildə olur: Bunlardan birincisi yıxıldığı velosipedi təpikləyir və bir daha ona minmir. İkincisi isə üst-başını təmizləyib heç nə olmamış kimi yoluna davam edir.  Hər insan üçün mümkün olmayan yıxıldıqdan sonra qalxıb yoluna davam etməkdir. Həyatda qarşılaşılan bu kimi hadisələrdən sonra yoluna davam edənlər uğur qazanır, davam etməyənlər isə uğur qazananların hekayələrini dinləyir.

Unutmamaq lazımdır ki, bu dünyada qaranlıqla işıq, soyuqla isti, acıyla sevinc bir arada yaşanır. Bunlardan birinin yoxluğu digərinin varlığı deməkdir. Günəşin istisi yoxdursa soyuq, sevinc yoxdursa acı var. Bunları özü üçün tarazlayan da yenə insanın özüdür. Qaranlıqda işıq yandırıb ətrafını işıqlandırar, soyuqda ocaq qalayıb bədənini isidər. Ən acı günlərində belə hər şeyin daha yaxşı olacağına inanaraq sevinmək üçün özünə şans yaradar. Yəni hər neqativ görünən hadisə qarşısında bir çıxış yolu tapar. Bütün qeyd etdiklərimin əksi baş verdiyi zaman isə həyat yaşanmaz bir şəkil almağa başlayar. Belə ki, müəyyən bir müddətdən sonra qaranlıqda işığı, soyuqda istini və acı içərisində sevinci duymaz hala gələr. Bu da ciddi həyatın içərisində qeyri-ciddi yaşam tərzindən xəbər verir. Hər şeyin yaxşıya doğru dəyişməsinə təsir edən əsas amil də, əvvəl də qeyd etdiyim kimi, insanın özündən qaynaqlanan həyata baxış tərzidir.

İnsan davamlı olaraq yaşadığı həyata valideynlərinin qısa müddətli zövqlərinin nəticəsi olaraq gəldiyini düşünərək istənilən neqativ hadisə qarşısında özündən başqa hamını günahlandırırsa, bu baxış tərzi ilə həmin insanların uğur nisbətləri çox aşağı olur. Çünki bu stereotiplər həyatda baş verən hadisələrin məntiqli səbəb və nəticəsinin olmadığını düşünür və uğur qazanmaq üçün çəkilən zəhməti də heç bir mənası olmayan əziyyətli bir iş kimi görür. Əksər hallarda onların beyinlərində canlandırdıqları fikirlər də davamlı olaraq hər şeyin neqativə doğru yönləndirilməsi istiqamətində olur. Kitab oxumaqla oxumamağın, çalışıb daha uğurlu bir insan olmaqla çalışmadan necə gəldi yaşamağın eyni şey olduğunu düşünürlər. Bu baxımdan həmin insanların beyinlərindəki mənfi düşüncə şəklini və onların həyata baxış tərzlərini müəyyən qədər müsbətə doğru dəyişə biləcək psixoloqların üzərinə kifayət qədər iş düşür.

 Yenə bu tiplərin əksinə olaraq bu dünyaya gəlişini ilahi bir nemət olaraq görüb, çox əhəmiyyətli vəzifələrin öhdəsindən gəlməsi lazım olduğunu düşünən insanlar isə bu dünyada daha çox uğur qazanmaq şansını əldə edir. Bu iki tip arasında olan fərq isə çox elementar və bəsit göründüyü kimi, həddindən artıq qəliz və mürəkkəbdir. Belə ki, insanın beynində özü üçün qoyduğu maneələr, dünyada qarşısına çəkilən sədlərdən və başqalarının ona qarşı etdiyi pislikdən daha zərərlidir. İnsanın ortaya qoyduğu hərəkətlərin ilk başlanğıc nöqtəsi beynindən verdiyi qərarların nəticəsi olaraq ortaya çıxır. Onun üçün də başlanğıcdakı hər hansı bir xırda kimi görünən büdrəmə hadisəsi sonda mütləq böyük ölçüdə özünü göstərəcəkdir. Hərəkət nöqtəsində az görünən interval finiş nöqtəsində həddindən artıq geniş məsafəni əhatə edir.

İnsanlar onu bilməlidir ki, bu həyatda ölümdən başqa heç bir ciddi hadisə gedilən yolun sonu deyil. Sadəcə yaşanılan hadisələri doğru analiz edib fərdi motivasiyanın azalmağının qarşısını almaq mümkündür. Hər hansı bir uğursuz hadisə qarşısında ediləcək və düşünüləcək birinci şey sənin hələ də nəfəs alıb-verdiyin və yaşamağa davam etməyindir. Sənin fiziki yaşantında hər hansı bir problem baş verməyibsə, psixoloji olaraq özünü yenidən bərpa etməyin mümkündür. İkinci olaraq, səni sənin qədər tanıyan və düşünən rəbbindən başqa heç kimin olmadığını qəbul etməkdir. Yəni sənin üçün ediləcək ən böyük yaxşılığı yenə sənin özün edəcəksən. Üçüncü olaraq, “yıxılana balta vuran çox olar” və “yıxılanın dostu olmaz” kimi həyati prinsipləri düşünüb, yıxıldıqdan sonra qalxmağa çalışmaq lazımdır.

Son olaraq da unutmayaq ki, bir şeyin dəyəri ona duyulan ehtiyacla ölçülür. Sən davamlı olaraq öz dəyərini artırmağa çalışmalısan ki, səndən dəyərlilər sənin dəyərsizliyini ortaya çıxarmasın.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz