SAHİBUL-VƏFA MUSA ƏFƏNDİNİN KÖNÜL HƏSSASLIĞI

SAHİBUL-VƏFA MUSA ƏFƏNDİNİN KÖNÜL HƏSSASLIĞI

İman ruhlar aləmində Rəbbimizlə bağladığımız əzəli əhd-peymanımıza dünyada göstərdiyimiz sədaqətimizdir. Yəni əsas etibarı ilə iman “əhdə vəfa”dır.

Bu vəfa isə sadəcə verilən sözdə durmaqdan ibarət deyil. Vəfa könüldəki sədaqət, təslimiyyət və itaət halını nəyin bahasına olursa olsun, qoruyub saxlamaq, əhdini unutmamaq, ömür boyu istiqaməti mühafizə edə bilməkdir.

Allah-Təalaya olan bu vəfa Ona yaxınlıq dərəcələrinə görə bütün yaradılanları da ehtiva edər. Yəni gerçək bir vəfa Allah-Təalaya olan şükran və minnətdarlıq duyğusunun bir nəticəsi olaraq ən başda Allah Rəsulu r -ə, bütün nəbilər silsiləsinə, Hz. Peyğəmbərin əhli-beytinə və əshabına, daha sonra iman nemətinin bizə qədər gəlib çatmasında əməyi olan bütün saleh möminlərə, qəlblərimizi irşad edən mürşidi-kamillərə, ata-anaya, qohum-əqrəbaya, din qardaşlarına qarşı ehtiram, məhəbbət, dua və təşəkkür hissi ilə yaşamaqdır. Bu halı da müəyyən müddətlik deyil, həyatın yaxşı-pis, bütün günlərində davam etdirməkdir.

Möhtərəm atam Musa Əfəndi g sevənləri tərəfindən “sahibul-vəfa” adlandırılacaq dərəcədə müstəsna bir “vəfa” duyğusu ilə seçilən nümunəvi şəxsiyyət idi. Onun vəfası sağ olanlar qədər vəfat edənləri də əhatəsinə almışdı. Ondakı bu ali vəsfin saysız misallarından biri mahiyyətində bir gün Abdullah Sert bəyə belə demişdi:

“Karacaahmed Qəbiristanlığında Yaman Dədə və Xəttat Hamid Aytac bəyin qəbirləri var. Yaman Dədə Allah və Rəsuluna olan böyük məhəbbəti ilə, Hamid Aytac bəy də İslam hərflərinin sənətə əksi olan hüsn-xətt sahəsindəki gözəl xidmətləri ilə çox dəyərli insandı. Gedib qəbirlərinə baxın, əgər ehtiyac varsa, məzarlarını təmir etdirək”.

Abdullah bəy də gedib məzarlara baxmış və hər ikisinin nizam-intizam içində olduğunu görüb Musa Əfəndiyə məlumat vermişdi.

Həmçinin bir dəfə Musa Əfəndi g Anadolu səyahətində ikən Afyonun Çay bölgəsindən keçərkən yanındakılar:

– Əfəndim, burada Əmir Buxari həzrətlərinin xəlifələrindən İsa Dədə dəfn olunub, - dedikdə o Həzrətin qəbrini ziyarət etmişdi. Lakin oranın dağınıq olduğunu və ətrafında bəzi heyvanların dolaşdığını görmüşdü. Hüznlə:

“Övladım, baxın, bu zatların ümmətə böyük xidməti toxunub. Onlara hörmət göstərmək, xatirələrinə sahib çıxmaq lazımdır”, - buyurmuşdu. Konyaya çatanda memar Mehmet Dolular bəylə bu haqda danışaraq:

“Mehmet bəy, siz memarsınız, ora gedib bir baxın. Ora əl gəzdirsək, yaxşı olar. Bu qədər mühüm bir yerin şəhər mərkəzində pərişan halda qalması uyğun deyil. Üstəlik o insanlara qarşı da vəfasızlıq olar”, - demişdi.

Mehmet Dolular bəy də böyük ehtimal ki, vəqflərin öhdəliyində olan bu yer üçün lazımi qurumlardan rəsmi izin alaraq gözəl bir şəkildə abadlıq işləri aparmışdı. Nəticədə sökülən yerləri, qapı-pəncərələri təmir etdirmiş, bağçada yaşıllıq salmış, ətraf divarları bərpa etmişdi. Beləliklə, həm şəhərə gözəllik verilmiş, həm də o mənəvi böyüklərə vəfa örnəyi sərgilənmişdir. Musa Əfəndi g daha sonra oraya getdikdə gül bağçasını görüb hüzurla ziyarət etmişdir.

Əcdadımız da dünyadan keçənlərə vəfa hissinin davam etməsi üçün qəbiristanlıqları adətən şəhərlərin mərkəzində və məscidlərin önündə salmışlar ki, oradan gəlib-keçənlər həm ölülərə bir Fatihə oxusunlar, həm də öz gələcəklərini görərək ölümü təfəkkür edə bilsinlər.

Həmçinin Musa Əfəndi g bir yerə gedərkən yol üstündə yıxıq-sökük, baxımsız və ya inşaatı yarım qalmış bir məscid, Quran kursu və s. görsə, “buralara əl ataq”, - deyər, az-çox mütləq dəstək olmağa çalışardı. Yəni bir yerdə əskiklik, nöqsan, icra ediləcək bir xidmət görsə, “necə də olsa kimsə maraqlanacaq” deməz, mütləq surətdə oraya yardım əlini uzatmağa çalışardı.

Musa Əfəndi g-in müstəsna nəzakət, zərafət və vəfasını göstərən başqa bir misal isə müalicəsi ilə məşğul olan bütün həkimlərə hər il ayrı-ayrılıqda hədiyyə və ya məktub göndərməsi idi. Bunu Mədineyi-Münəvvərədə olduğu vaxtlarda belə əsla unutmaz, lazım gələrsə telefonla zəng edib bu vəzifəni onun adına yerinə yetirməyimizi istəyərdi.

Həkimlərindən biri bu vəfakarlıq qarşısında təsirlənərək bunu ifadə etmişdir:

“Mən bu qədər xəstə müalicə etdim. Müalicədən sonra xəstələrimdən təşəkkür edib hədiyyə verənlər olmuşdur, amma bir il keçdikdən sonra, hətta daha sonrakı illərdə bunu yada salıb təşəkkür edən birini ilk dəfə gördüm”.

Yenə də bu qəbildən, mərhum atam Musa Əfəndi hələ mən qundaqda ikən mənə xidmət edən tibb bacısını əlli ildən sonra axtarıb tapmış və ona minnətdarlıq və hörmətlə ikram etmişdir.

Onun möhtərəm ustadı Sami Əfəndi həzrətlərinə olan vəfası da dillərə dastan idi. Bayram günləri ziyarət etdiyi ilk yer Əfəndinin xaneyi-səadəti olardı. Əvvəlcə onun qurbanlarını kəsdirərdi. Sami Əfəndini o qədər çox sevərdi ki, həyatında ikən onun ailə üzvlərinə nə qədər ehtiram və ikram etmişdirsə, vəfatından sonra da böyük vəfa hissi ilə eyni hörmət və ikramları davam etdirmişdir.

Onda müşahidə etdiyimiz bu hallar sanki Rəsulullah r və sələfi-salehinin misilsiz sədaqət və vəfasından bir nümunə idi.

Rəsulullah r -in həyatında vəfanın ən ali misallarını görmək mümkündür. Necə ki, Məkkədə zülm görən müsəlmanların Həbəşistana hicrətindən uzun illər sonra Nəcaşinin elçiləri Rəsulullahın hüzuruna gəlmişdi. Hz. Peyğəmbər r onlarla yaxından maraqlandı, hətta şəxsən özü onlara xidmət etdi. Səhabələr Rəsulullahdan bu xidməti özlərinin göstərməsinə izin istədikdə Allah rəsulu bu cavabı verdi:

“Bunlar Həbəşistana hicrət edən əshabıma yer göstərmiş, ikram etmişdilər. Bunun müqabilində mən də onlara xidmət etmək istəyirəm”. (Beyhəqi, Şuabul-İman, VI, 518, VII, 436)

Başqa bir misal isə belədir: Məscidi-Nəbəvini təmizləyən qaradərili bir müsəlman vardı. Allah Rəsulu r bir ara onu görə bilmədi. Harada olduğunu soruşdu. Vəfat etdiyini söylədilər. Bu zaman vəfa abidəsi olan Peyğəmbərimiz r:

“Mənə xəbər verməli deyildinizmi?” – deyə buyurdu. Sonra “Mənə qəbrini göstərin”, - deyərək qəbrinə getdi, cənazə namazı qıldı və onun üçün dua etdi. (Buxari, Cənaiz, 67)

Hz. Peyğəmbərin əxlaqı ilə əxlaqlanaraq Onun gerçək varisləri olan Allah dostları da həyat şərtləri, məqam və mövqeləri, sosial statusları dəyişsə də, qəlblərindəki vəfa hissləri heç vaxt dəyişməyən, istiqamətlərindən əsla dönməyən örnək şəxsiyyətlərdir.

Sami Əfəndinin buyurduğu kimi:

“İstiqamət sahibi dağ kimi möhkəm olmalıdır. Çünki dağın dörd əlaməti var:

1) İstidən əriməz,

2) Soyuqdan donmaz,

3) Külək onu yerindən tərpətməz,

4) Sel yuyub aparmaz”.[1]

Yəni həyatın dəyişən şərtləri onların ali şəxsiyyətini pozmaz, könüllərindəki vəfa hisslərini yox etməz.

Həzrət Əli Həzrət Əbu Bəkr t-ı qiyabən mədh edərək belə buyurmuşdur:

“Sən, şiddətli qasırğaların belə yerindən tərpədə bilmədiyi, güclü sarsıntıların belə yox edə bilmədiyi uca bir dağ kimi idin!”.[2]

Mərhum ustadımız Musa Əfəndi də ömrü boyu sərgilədiyi nümunəvi davranışları ilə bizə “sevənlərin necə vəfalı olmaları” xüsusunda sanki Hz. Əbu Bəkr Siddiq kimi məhəbbət və sədaqət müəllimliyi etdi.

Həzrət Əbu Bəkr t xəlifə olmadan əvvəl böyük bir təvazökarlıqla yetim qızların qoyunlarını sağar, onlara kömək edərdi. Xəlifə olduqdan sonra bütün ümmətin yükü çiyinlərində olduğu üçün artıq yetimlərin qoyunlarını sağmaz deyə düşündükləri halda, o mübarək səhabə eyni şəkildə bu xidmətinə davam etmişdir.

Yenə Həzrət Əbu Bəkr t Allahın əfvinə nail olmaq ümidi ilə öz qızına – Allah Rəsulunun mübarək zövcəsinə, ümmətin anasına iftira atan adamı əfv edib ona ikram etməyə davam etmişdir.

Sevənlərini bu vəfa timsalı ilə irşad edən Musa Əfəndinin üzərində ən çox durduğu xüsuslardan biri də bir möminin fərdiləşmək yerinə ictimailəşməsinin zəruri olması idi. Çünki insanlıq cövhərini meydana çıxaran vəfa qardaşlığın ictimai atmosferdə yaşanmasıdır. Bu səbəblə Rəsulullah r -in tez-tez əshabi-kirama verdiyi:

“Bu gün Allah üçün bir yetim başı oxşadınızmı?

Bir xəstə ziyarətinə getdinizmi?

Bir cənazədə iştirak etdinizmi?

Bir yoxsulu doyurdunuzmu?”[3] suallarını möhtərəm atam da söhbətlərdə dilə gətirərdi. Bununla da bizi əshabi-kiramın ictimai qulluq səylərinə nə qədər yaxınlaşa bildiyimizə dair nəfs mühasibəsinə sövq edərdi. Bu xüsusda özü də bizə örnək olardı.

Musa Əfəndi g bir din qardaşının xəstə olduğunu eşitsə, ilk fürsətdə onu ziyarət edər, getməyə imkanı olmasa, yerinə vəkil təyin etdiyi başqa birini göndərib şəfa diləklərini çatdırardı.

Elə bil fitrəti mərhəmət mayası ilə yoğrulmuşdu. Fəqir-füqəradan xəstə olanlar üçün xidmət göstərən Hüdayi Klinikasının açılmasına vəsilə olmuşdu. Səhhəti əl vermədiyi üçün həmin klinikada felən xidmət edə bilmədiyinə görə kədərlənər və bu həsrətlə:

“Güc-qüvvəm yerində olsaydı, gedib xəstələrə şəxsən xidmət edərdim”, - deyərdi.

Eyni mərhəmət duyğusu ilə:

“Kimsəsizləri himayəyə götürməli və onlara xidmət etməliyik. Əks halda Allah qatında məsuluq”, - deyərək yaxınları ilə birlikdə qurduğu Hüdayi Qocalar Evi də onun böyük şəfqətinin bir nümunəsi idi.

Hər il ənənəvi olaraq yaşadığı köşkün bağçasında ümumi toy məclisləri quraraq bir çox gənci Quran və Sünnə iqlimində birləşdirmiş, onların xoşbəxt ailə yuvasına addım atmalarına yardım etmişdir. Yeni evlənənlərə də bu mühüm tövsiyəni edərdi:

“Zövc və zövcə (ər-arvad) bir-birinə qarşı mərhəmətli olmalıdır. Əsl şəfqət və mərhəmətiniz Allah yolunda bir-birinizə dəstək olmanızdan məlum olar. Həqiqi mərhəmətin nişanəsi bir-birinizi təhəccüd və sübh namazına oyatmanızdır”.

Bir sözlə, cəmiyyətdə yardıma möhtac kim varsa, hamısı Musa Əfəndinin rəhmət dərgahı olan qəlbində idi. Mərhum atam onları düşünər və gücü yetdiyi nisbətdə dərdlərinə dərman olmağa çalışardı. Kasıblar, tələbələr, dullar, yetimlər, kimsəsizlər, qəriblər, çarəsizlər, məzlumlar, xəstələr… Bunların hamısı üçün imkanı nisbətində xüsusi büdcə ayırardı.

Zəkat, xeyir və infaq qeydlərini apardığı bir dəftərini hələ də saxlayıram. Möhtərəm atam hərdən o dəftəri mənə göstərib belə tövsiyə edərdi:

“Bax, oğlum, bu səhifə zəkatım, bu səhifə isə xeyratımdır. Nəfs daima insanı aldadır. Az xeyri çoxmuş kimi göstərir. Ona görə də mütləq zəkat və xeyratınızı ayrı-ayrı yazın. Xeyir xərcləmələriniz də -xüsusilə çətin zamanlarda- zəkatınızdan qat-qat artıq olsun!”.

Mərhum ustadımızın xeyir və həsənatı hər zaman zəkatından qat-qat artıq olardı. Bunu mənə göstərməsinin məqsədi isə ixvanı da infaq məsələsində eyni ölçülərə təşviq etməsi idi.

Musa Əfəndi g israfdan uzaq durub qənaətə riayət edərdi.  Bunu bizə də aşılamaq üçün hələ uşaq yaşlarımızda ikən portağal və ya alma aldığımız zaman neçəyə aldığımızı soruşar və belə deyərdi:

“Bazardakı bütün qiymətlərə baxdınızmı?”.

Heç vaxt meyvə-tərəvəzi ilk çıxdığı günlərdə almazdı. “Bir ay sonra bollaşıb ucuzlaşanda yeyərik”, - deyərdi. Bu xüsusda sadəcə Sami Əfəndimizə ikramda istisna vardı. Hər hansı bir meyvə və ya tərəvəz çıxan kimi onu alar, gözəl bağlama düzəldər, Əfəndi həzrətlərinin evinə göndərərdi.

İki lirəyə ala biləcəyimiz eyni keyfiyyətdə olan bir şeyi iki lirə yarıma almağımızı israf sayardı. Bizə, nə qədər imkanımız olsa da, mütləq qənaətə riayət edib pulumuzun artıq qalanını infaq etməmizi tövsiyə edərdi. Özü üçün xərcləyəndə yüz ölçüb bir biçər, amma Allah yolunda əlindən gəldiyi qədər səxavətli olmaqdan həzz alardı.

Həddən artıq köhnəlmiş bir maşınım vardı. Hətta bəzi yerləri çürüməyə başlamışdı. Bir gün üstündə bir az pul verərək başqa bir maşınla dəyişdim. Bunu öyrənəndə qaşları çatıldı və mənə:

“Oğlum, o maşını bir az daha sürə bilərdin, niyə bu qədər tələsdin?” – deyə etiraz etdi.

Möhtərəm atam daima özünü toplumdan məsul görər, möhtacları özünə zimmətli bilərdi. Bizə də eyni şüurda olmağı və həssaslığı təlqin edərdi. Yalnız sözlü dua ilə kifayətlənməyib feli dua demək olan yardım səfərbərliyinə də sövq edərdi.

Üstəlik bu həssaslığı sadəcə yaşadığı toplumla məhdud deyildi. Mərhəmət, qayğıkeşlik, fədakarlıq və comərdlik zirvələrində dolaşan qəlbi bütün İslam aləminin iztirabları ilə kədərlənərdi. Əlinin yetmədiyi məkanlarda müsəlmanların başına gələn hər bir fəlakətin dərdini qəlbən onlarla birlikdə yaşayardı. Bosniyadan, Kosovadan, Azərbaycandan, Əfqanıstandan, Fələstindən gələn imdad fəryadları qəlbini yaralayardı.

Əl uzatma imkanı olduğu təqdirdə də çox vaxt heç kimə hiss etdirmədən ixlasla gərəkəni yerinə yetirərdi.

Məsələn, bir söhbətdən sonra Bosniyadakı yaralara məlhəm olmaq adına yardım kampaniyası elan edilmişdi. Hər kəs öz adından müəyyən yardımı etdiyi zaman o böyük bir məbləğ uzatmış və:

“Bir Dostun buraya vermək üçün fəqirə əmanətidir!” – deyərək təqdim etmişdi.

Bəsirət əhli xaric, orada olan hər kəs verilən pulun məclisə gəlməyən bir nəfər tərəfindən göndərildiyini zənn etmişdi. Halbuki onun əmanət dediyi – Allah bilir, böyük ehtimal – öz malı, dost dediyi də Allah-Təala idi…

Bəli, Musa Əfəndi g sahib olduğu ali fəzilətlərinə baxmayaraq, daima təvazö və heçlik halını qoruyub saxlayardı. Hər gözəlliyin Allahdan olduğunu bilər, maddi və mənəvi heç bir neməti nəfsindən görməz, daima həmd və şükür halına riayət edərdi.

Əsla unutmamaq lazımdır ki, Allah-Təalaya qulluq vəzifələrimiz sadəcə namaz, oruc və həcc kimi ibadətlərdən, zahiri, bədəni və maddi fərzlərdən ibarət deyil. İslam həyatın hər mərhələsini ən gözəl ölçülərlə tənzimləyər. İbadətlərə əlavə olaraq əqidə, əxlaq və davranışlarda da həssas ölçülər qoyar. Bu səbəblə həyatın ilahi tənzimləmələrə uyğun olması üçün onun heç bir mərhələsinə laqeyd yanaşmaq olmaz. Çünki şeytan və nəfs tapdığı kiçicik bir zəif nöqtədən nüfuz edərək hər şeyi məhv edə bilər.

Bu məqsədlə də kamil bir mömin həyatının heç bir mərhələsində İslami ölçülərə biganə qalmamalıdır. Xüsusilə də mənəvi tərbiyə yolu olan təsəvvüf həyatında…

Mərhum atam Musa Əfəndi mənəvi dərs almaq üçün gələnlərin Allaha yaxınlıq halını yoxlamaq üçün onlara əvvəlcə bu sualları verərdi:

- Maddi-mənəvi halın necədir?

- Dolanışığını necə təmin edirsən? Qazancın halaldırmı? Haram, yaxud şübhəli durumun varmı?

- Məmursansa, maaş aldığın vəzifəni tam və düzgün yerinə yetirirsənmi? İş saatlarına riayət edirsənmi? Səhlənkarlıq və rüşvət kimi pis əməllərdən özünü qoruya bilirsənmi?

- Tacirsənsə, ticarət həyatın necədir? Alverdə hər hansı bir yanlışın varmı? Yalan, hiylə, aldatma, həddən artıq qiymət oxuma, inhisarçılıq kimi haramlardan uzaq durursanmı?

- Alıb-satdığın şeylər halaldır, yoxsa Allahın yasaq etdiyi şeylərdir?

- Faizə bulaşırsanmı?

- Kirayə verdiyin mülkün varsa, hansı işlərdə istifadə olunması üçün vermisən? Qazancına oradan haram və ya şübhəli nə isə bulaşırmı?

- Rəhbər işdə çalışırsansa haqq-hüquqa nə qədər riayət edirsən? Qul haqqına diqqət edirsənmi? İşçilərin haqqını onların alın təri qurumadan verirsənmi?

- İşçiləri özünə qardaş bilib onlarla xoş rəftar edirsənmi? Onların sadəcə qarınlarını doyurmaqla kifayətlənməyib mənən də doyurmağa çalışırsanmı? Şəxsən örnək olaraq onları ibadətə, qulluğa və təqvaya təşviq edirsənmi?

- İmkanın varsa zəkat, sədəqə, infaq kimi xeyir əməllərdə nə qədər fədakarlıq edirsən?

- Ailə həyatın necədir? İlahi təlimatları ailə üzvlərinə təlqin edə bilirsənmi? Bu xüsusda onlara gözəl örnək ola bilirsənmi?

- Ata-ananın vəziyyəti necədir? Onların haqlarına riayət edirsənmi? Çünki Allah-Təala belə buyurur:

“Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşkün çağına yetərsə, onlara: “Uf!” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış!”. (əl-İsra, 23)

Əgər ata-anan baxıma möhtac haldadırsa, onlarla kifayət qədər maraqlanırsanmı?

- Sənə Allahın əmanəti olan övladlarının təlim-tərbiyəsinə fikir verə bilirsənmi? Onlara nə öyrədirsən? Hansı istiqamətdə yetişdirirsən? Uşaqlarının əbədi istiqbalına dünyəvi istiqballarından daha çox əhəmiyyət verirsənmi? Övladlarına nə üçün dünyaya gəldiklərini, haradan gəlib haraya gedəcəklərini, kimin mülkündə yaşadıqlarını, bu dünyanın imtahan məktəbi olduğunu izah edə bilirsənmi?

- Övladlarının Qurani-Kərim öyrənməsinə lazımi əhəmiyyəti verirsənmi? Onları kiçik yaşlarından etibarən namaza, məscidə və camaata alışdırırsanmı?..

Xülasə, Musa Əfəndi g mənəvi dərs almaq istəyənlərə əvvəlcə Quran və Sünnə çərçivəsində bir həyat yaşamalarını şərt qoyardı. Buna riayət etməyənlərə dərs verməzdi. Qonağına lokum ikram edirmiş kimi sadəcə dərs kağızı verib yola salmağı münasib görməzdi.

Çünki təsəvvüfün qayəsi qulluq həyatımızda şəriəti kamal zirvəsinə çatdırmaqdır. Beləliklə, ilahi əmr və qadağalara layiqincə riayəti təmin etməkdir.

Şəriət İslam binasının təməlidir. Bir binanın təməli çürük olduqdan sonra istədiyin qədər mərtəbələrin sayını artır, kiçik bir zəlzələ ilə yıxılıb gedər. Zəif təməl üzərinə sağlam bina inşa etmək mümkün deyil. Bunun kimi, mənəvi tərəqqi üçün də, şübhəsiz ki, şəriət təməlləri üzərində bir qulluq həyatı yaşamaq zəruridir.

Bu həqiqətin əksinə, xüsusilə də zəmanəmizdə təsəvvüfi cəhətdən tərəqqi etdiyini iddia edərək boy göstərən bəzi qrupların hər şeyi qəlbi və batini hökmlərdən ibarət zənn edib dinin zahiri hökmləri deyə biləcəyimiz şəriətə laqeyd yanaşma qəflətinə düşdüyünü müşahidə edirik. Şübhəsiz ki, bu hal təsəvvüfün əsas qayəsindən uzaqlığın açıq-aşkar göstəricisidir.

Bu kimi insanların “Qəlbin təmiz olsun, əməlin az olsa da olar”, qəbilindən sözləri nəfsə qapı açmaqdadır və şəriətin xadimi olan həqiqi təsəvvüflə heç bir əlaqəsi yoxdur.  

Təsəvvüf, qəlbə, şəriət hökmlərini həyatın hər mərhələsində ən məqbul şəkildə yaşaya bilmə təlimini verməkdən ibarətdir.

Rəbbimiz sevdiklərinin gözəl hallarından qəlbimizə hissələr nəsib etsin. Bizi, sevib razı qaldığı saleh qullarının Allah yolundakı qiymətli xidmətlərini davam etdirməyə müvəffəq qılsın. Hər birimizi təqva üzrə həyat sürüb son nəfəsdə imanla köçərək salehlər zümrəsinə qatılan bəxtiyar qullarından eyləsin.

Amin!..

Bu vəsilə ilə siz dəyərli qardaşlarımdan mərhum ustadımız Musa Əfəndinin əziz ruhu üçün bir Fatiheyi-Şərifə, üç İxlası-Şərif ikram etmənizi xahiş edirəm.


[1] M. Sami Əfəndi, Yunus və Hud Surələri Təfsiri, s. 145.

[2] Əbu Nuaym, Mərifətus-Səhabə, Riyad, 1419, I, 264.

[3] Bax. Müslim, Fədailus-Səhabə, 12.

PAYLAŞ:                

Osman Nûri Topbaş

1942 yılında İstanbul Erenköy’de doğdu. Babası Mûsâ TOPBAŞ, annesi de H. Fahri KİĞILI’nın kerîmesi Fatma Feride Hanım’dır. İlk eğitimini Erenköy Zihni Paşa İlkokulu’nda tamamladı. İlkokul yıllarında

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz