CƏMİYYƏTİN QƏLBİNDƏKİ YARA

CƏMİYYƏTİN QƏLBİNDƏKİ YARA

“İsraf sadəcə var-dövləti sağa-sola sovurub hədər etmək deyil, həyatın bütün mərhələlərini əhatə edən bir anlayışdır. Ömrü boşa keçirmək, qidalanmada və geyimdə həddi aşmaq, bədən sağlamlığını gərəksiz yerlərdə zay etmək,  təfəkkürü ruhani mənzərələrlə deyil, nəfsani vitrinlərə yönəltmək, faydasız elmlə məşğul olmaq və elmi nəfsani mənfəətlərə alət etmək də israfdır”.(O.N.Topbaş)

Dünya günü-gündən dəyişir, inkişaf edir. Texnologiyanın inkişafı, qloballaşma və istehlak elə bir həddə çatıb ki, bu axışı izləmək artıq çox çətinləşib. Bütün bu inkişaf, sürət və yeniliklərin insan üçün faydalı olduğu düşünülməkdədir. Lakin həyatı daha asan etmək üçün görülən bütün işlər əslində insanları daha çox ziyana, narahatlığa, psixoloji pozuntulara və istehlakdan doymamağa gətirib çıxarıb. Beləliklə, insan bütün gün doymaq bilməyən nəfsinə xidmət etməyə məhkum olur. Bu məhkumiyyət insanı dibi görünməyən bir əzab quyusunda durmadan daha da aşağı enməyə məcbur edir. Ən çox gərəkli olduğu halda ruhunu qidalandırmağı unutdurur və insani keyfiyyətlərdən uzaqlaşdırır. Məhz bu durmaq bilməyən, insanı əbədi əzaba aparan istehlak mübarizəsi israfdır. Bu, cəmiyyəti bütün zənginlikləri ilə, dolu geyim rəfləri ilə, qarajdakı maşınları ilə, tutduğu yüksək məqamları ilə, oxuduğu doktorantura və aspiranturaları ilə, hətta əhatəsindəki yaxınları ilə məhv edən bir yaradır. Bütün bu qarışıqlığın içində doğru yolu tapmaq üçün isə hər bir insan Allahın əmrlərinə və Rəsulullahın (s.ə.s) sünnəsinə uymaq məcburiyyətindədir. Elə bu məcburiyyəti nəzərə alaraq tərcümə edilən möhtərəm Osman Nuri Topbaş əfəndinin “İsraf” adlı kitabının cəmiyyətin düşdüyü bu qaranlığa işıq olacağını düşünürəm.

Kitab müəllifin öncəki illərdə “Altınoluk” jurnalında nəşr edilən və “Elə bir rəhmət ki” adlı kitabında yer alan “İsraf” mövzulu silsilə məqalələrdən toplanaraq hazırlanmışdır. Kitabın içində iman, etiqad və ibadətdə israf, zamanda, elmdə, əxlaqi dərinlikdə, təfəkkürdə, məişət təmini və infaqda, eləcə də sağlamlıq və qidalanmada israf kimi incə mövzular yer alır.

Kitabda da qeyd olunduğu kimi: Cəmiyyətin qəlbindəki bu israf yarasına yalnızca Allah və Rəsulunun qoyduğu qaydalara əməl edərək, iman və ibadətdə diqqətli olaraq və bu sayədə mənəvi dərinlik qazanaraq məlhəm olmaq mümkündür.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz