ƏSL ZƏNGİN
Bill Geytsdən soruşurlar: “Bu dünyada səndən daha zəngin biri varmı?”
Geyts: “Bəli, məndən daha zəngini var”, - deyir.
Ona: “Bəs yaxşı, kimdir o?” – deyirlər.
Geyts bu sözünün səbəbini belə açıqlayır: “Təhsilimi bitirib Microsoft şirkətini qurmağa qərar vermişdim. Bu məqsədlə uçuş qabağı Newyork hava limanında idim. Birdən gözümə qəzet satıcısı sataşdı. Əlindəki qəzetlərdən birinin başlığı marağıma səbəb oldu. Əlimi cibimə atdım, amma heç xırda pulum yox idi. Oradan uzaqlaşmaq üçün ayağa qalxdım. Qaradərili bir gənc oğlan gələrək: “Cənab, buyurun, bu qəzeti sizə hədiyyə edirəm”, – dedi. Mən də ona cibimdə heç xırda pulumun olmadığını dedim.
O yenə də: “Mən sizə hədiyyə edirəm”, – dedi.
Bu hadisədən 3 ay sonra yolum yenə həmin hava limanına düşdü.
Yenə bir qəzet satan gördüm. Əlimi cibimə atdım, amma yenə də xırda pulum yox idi. Həminki uşaq gələrək: “Buyurun, cənab”, - deyərək yenə mənə qəzet verdi.
Mən də ona: “Oğlum, keçən səfər də eyni hadisə baş verdi. Sən hər qarşılaşdığın insanlara qəzet hədiyyə edirsən?” - dedim.
Belə dedi: “Əlbəttə. Mən hədiyyə verdiyim zaman bütün qəlbimlə verirəm. Bu məni xoşbəxt edir, qəlbimi rahatladır”.
Bill Geyts deyir ki: “Bu cümlə mənim ağlımı o qədər qarışdırdı ki, düşündüm, görəsən, bu uşaq hansı məntiqlə və hansı hissiyyatla belə söyləyir?
Aradan 19 il keçdi. Dünyanın ən zəngin adamı oldum. Bu gənc oğlanın mənə etdiyi yaxşılığın qarşılığını verməyə qərar verdim. Ona görə də onu axtarıb tapması üçün işçilərimdən bir qrup qurdum. Onlara filan hava limanına gedin və mənə qəzet satan qaradərili gənci tapın, dedim. Ay yarım sonra hava limanının bir yerində gözətçi işlədiyini öyrəndim. Ona bir dəvətnamə göndərdim. Ofisimə gəldi, qonağım oldu. “Məni tanıyırsanmı?” - deyə soruşdum.
O da: “Əlbəttə, tanıyıram. Siz Bill Geytsiniz. Sizi hər kəs tanıyır”, - dedi.
Ona: “Xatırlayırsanmı, sən balaca ikən qəzet satırdın. Məndə xırda pul yox idi. Sən mənə qəzeti hədiyyə etdin və bu hadisə yenə təkrarlandı”, - dedim.
O da: “Xüsusi bir səbəbi yoxdur. Sadəcə birinə qarşılığını gözləmədən bir şey verəndə çox xoşbəxt oluram və bu məni rahatlaşdırır”, - dedi.
Ona dedim ki: “Sənə bu yaxşılığının qarşılığını vermək istəyirəm. Ürəyin nə istəyir, məndən istə!”
“Necə ki”, - dedi.
Ona: “Məndən nə istəsən, sənə verəcəyəm”, - dedim.
Gülərək mənə dedi: “Nə istəsəm doğrudan onu verəcəksiniz?”
Ona: “Bəli, nə istəsən verəcəyəm”, - dedim.
O da: “Sizə təşəkkür edirəm. Amma heç bir şeyə ehtiyacım yoxdur”, - dedi.
Ona: “Məndən bir şey istə, axı sənin bu yaxşılığının qarşılığını vermək istəyirəm”, - dedim.
O da: “Cənab Bill Geyts, hər şeyi edəcək gücünüz var, amma mənim yaxşılığımın qarşılığını verə bilməzsiniz”, - dedi.
“Nə demək istəyirsən, başa düşmədim. Necə ola bilər ki, əvəzini verə bilmərəm?” – dedim.
O da: “Sizinlə mənim aramda fərq var, - dedi, - mən sizə çox kasıb ikən yaxşılıq etdim, amma siz zəngin olaraq mənə yaxşılıq etmək istəyirsiniz. Bu etdiyiniz hərəkət yaxşılığın əvəzini verməz. Amma sizin bu məqsədlə təşəbbüs göstərməyiniz çox xoşuma gəldi. Unutmayaraq bunun qarşılığını vermək istədiniz. Sizə minnətdarlığımı bildirirəm”, - deyərək sözünü bitirdi.
Bill Geyts deyir: “O gündən sonra anladım ki, əsl zəngin mən deyiləm. Əsl zəngin ehtiyacı olduğu halda başqasına yardım edəndir”.
ŞƏRHLƏR