TÜKƏNİRİK
Yaşadığımız çağ özü ilə bərabər bir sıra yenilikləri də gətirdi dünyamıza. Yaxud da fərd və toplum olaraq bizim yaşadığımız bir sıra yeniliklər ömür sürdüyümüz çağı digərlərindən fərqli mövqelərə gətirdi.
İnsan oğlunun yaşadığı hər əsrin və ya texnoloji inkişaf baxımından səciyyələndirilən hər dövrün özünəməxsus üstünlükləri və neqativ tərəfləri olmuşdur. Texnoloji inkişafın sürətlə yüksəldiyi zəmanəmizin müsbət tərəfləri ilə yanaşı, yaşadığımız müəyyən problemlər də yox deyil. Bu gün bütün bəşəriyyəti ağuşuna alan ən böyük problemlərimizdən biri istehlak çılğınlığı və bunun acı nəticəsi olan israf fəlakətidir. Əslində insanın yaşadığı hər dövrdə özünü göstərən israf son zamanlarda daha da kütləvi hal alaraq bütün dünyanı təhdid etməkdədir. Texnologiyanın inkişafına bağlı olaraq reklamçılığın da inkişafı və böyük kütlələrə nüfuz etmə imkanları bütün insanlığı durmadan istehlak səfərbərliyinə çağırır. İnsan fitrətində gizlənən eqoizm bombasının fitilini yandıran reklamlar, izlədiyimiz proqram və filmlərlə bizə oxunan gizli təlqinlər durmadan qulağımıza “xərclə”, “istehlak et”, “daha artığına layiqsən” deyə pıçıldamaqdadır. 2001-ci ilin 11 Sentyabrında Amerikada baş verən terror sonrasında yeni bir axın başladı. Amerika vətəndaşları arasında bir şüar dildən-dilə gəzməyə başladı: “Ən yaxşı amerikalı ən çox istehlak edəndir!”. Bu sloqan sadəcə Amerika ilə qalmayaraq qısa zaman ərzində bütün dünyaya hakim oldu. Nəticədə isə zatən var olan israfçılıq və həddən artıq istehlak halları dünyada daha da geniş vüsət tapdı. Diqqət etsək, hər gün yaşadığımız cəmiyyətdə israf xəstəliyinin böyükdən-kiçiyə hər kəsə yoluxaraq qorxunc kabusa çevrildiyini görərik. Ümumdünya statistikasına nəzər saldıqda bu gün dünyadakı israfçılıq səviyyəsinin yoxsulluq səviyyəsindən qat-qat artıq olduğunu görmək mümkündür.
Son statistik rəqəmlərə görə il ərzində dünyada 805 milyon insan kifayət qədər qida tapa bilmədiyi üçün əziyyət çəkir. Bu da ümumilikdə təxminən dünya əhalisinin 10 faizini təşkil etməkdədir. Hər il aclıqdan əziyyət çəkənlərin 10 milyonu sırf bu səbəbdən həyatını itirir. Bunun müqabilində dünyadakı illik qida israfı təxminən 1,3 milyard ton olaraq müəyyənləşdirilir. Bu israfın mali qarşılığı isə 1 trilyon dollar olaraq hesablanır. 2018-ci ilin statistik məlumatlarına əsasən Avropa Birliyinə daxil olan ölkələrdə çörək israfı istehsal olunan məhsulun üçdə birini təşkil edir. İnkişaf etmiş ölkələrdə qida tullantılarının yüzdə qırx faizi əslində yeyilə biləcək vəziyyətdədir. Zəngin ölkələrin israfı nəticəsində yararsız tullantıya çevrilən qida həcmi 222 milyon tonla ifadə olunur və bu miqdar, demək olar ki, Səhra altı adlanan Afrika ölkələrinin illik qida istehsalı ilə eynidir. Bəzi inkişaf etməkdə olan ölkələrdə il ərzində 150 milyon ton taxıl və taxıl məhsulu yararsız hala düşür. Sadəcə bu itki dünyanın geri qalmış ölkələrindəki aclığı aradan qaldırmaq üçün gərəkli taxıl miqdarından altı qat daha çoxdur. Türkiyədə hər gün zibil qutusuna atılan çörək miqdarı orta hesabla 6 milyona bərabərdir. Bu rəqəmin illik zərər payı 2 milyarddan çoxdur.
Burada qida israfına dair verilən bir neçə statistik məlumat insanlar olaraq hər gün dünyada nə qədər gərəksiz istehlak etdiyimizi göstərən güzgü mahiyyəti daşıyır. Başda qida olmaqla geyim-kecim, təmizlik maddəsi, kağız məhsulları, qaz, elektrik və s. kimi zəruri ehtiyacları durmadan tükətməkdəyik. Saatlarla boş yerə axıtdığımız içməli suyu zamanla çirkaba çevirərək təmiz su hövzələrimizi quruduruq. Sırf şəxsi rahatlığımız və komfort yaşamımız üçün gərəksiz yerə böyük mühərrikli maşınlarla bir yandan neft ehtiyatını tükədərkən, digər tərəfdən havaya buraxdığımız zəhərli qazlarla oksigen ehtiyatımıza zərbə vururuq. Hər dəqiqə başı təmizkarlıq bəhanəsi ilə istehlak etdiyimiz lüzumsuz salfet kağızları ilə, görəsən, nə qədər ağacın ömrünə son veririk?
Bu siyahını kifayət qədər uzatmaq mümkündür, lakin başqa bir məqama da diqqət çəkmək istərdik. Əslində israf dedikdə ağlımıza hər nə qədər gözlə gördüyümüz və müəyyən iqtisadi dəyərlərlə ölçülən maddi istehlak gəlsə də, işin daha vəhamətli tərəfi bəzən heç ağlımıza da gətirmədiyimiz mənəvi israflarımızdır. Təbii ki, burada onu da qeyd etməliyik ki, maddi və mənəvi israfımız əslində elə bir-birindən doğan, bir-birini tətikləyən ünsürlərdir. Mənəvi dünyası israf edilmiş bir nəslin maddi israfa düşməsi zəruri aqibət olduğu kimi, maddi israflar içində həyat sürən bir insanın eyni zamanda mənəvi dünyasının da boş yerə tükənməsi, yəni israf olması qaçılmaz sonluqdur. Gəlin məsələni bir az sadələşdirək: Əslində qidalanmamızda həddi aşmamız hər nə qədər zahirən sadəcə qida istehlakı kimi görünsə də, ən böyük zərəri öz sağlamlığımıza vurmuş oluruq. Boş vaxt keçirmək bəhanəsi ilə televizor və internet qarşısında keçirdiyimiz saatlarımız sadəcə vaxt itkisi deyil, eyni zamanda insan kimi formalaşmamızda əvəzsiz rolu olan mütaliədən məhrum qalmamızdır. Boşa israf etdiyimiz hər bir dəqiqə, hər bir saat ailəmizə və övladımıza ayıracağımız vaxtımızdan oğurlayaraq aramıza dağlar qoyur. Nəticədə tərbiyəsinə laqeyd qaldığımız övladlarımız gələcəkdə üz qarasına çevrilir. Bu gün yaşlı valideyninin əlindən tutub onları qocalar evinə aparan bir çox gəncin psixoloji durumunda uşaq yaşlarında valideyn şəfqətindən məhrumiyyət faktoru yatmaqdadır. Mənəvi dünyasını zəngin dəyərlərlə formalaşdıra bilmədiyimiz gənclik əslində gələcəyimizin israfı olaraq bizi böyük itkilərlə qarşı-qarşıya qoymaqdadır.
Bir sözlə, istehlak çılğınlığı bizim özümüzü həlaka sürükləyir. Gərəksiz yerə tükətdiklərimizlə əslində özümüzü tükətmiş oluruq. İsraf edərək hər gün durmadan tükənirik.
ŞƏRHLƏR