AĞƏLİ MÜƏLLİM

AĞƏLİ MÜƏLLİM

Şəmsabad kəndində Ağəli müəllimin evinin həyət qapısından içəri girdiyimiz an, hər azərbaycanlının evində olduğu kimi, cərgə ilə əkilmiş qızılgüllər, ağ rəngli çiçəklər qarşıladı bizi. 

Ev sahibi olan Ağəli müəllim gülər üzlə çıxdı qarşımıza. Gilas ağacının altında açılan süfrəyə növbənöv mürəbbələr düzülmüş, bir az aralıda qoyulan samovar isə qanı qaynayan cavanlar kimi pıqqıldayırdı.

Çaya əlavə dad qatmaq üçün hazırlanan gülab şüşələri stəkanların yanına qoyulmuşdu. Gülab (gül – ab) gülün qaynadılması yoluyla əldə edilən, şirniyyatlara rəng qatmaq, çaya da ləzzət əlavə etmək üçün istifadə olunan bir nemətdir. İnsan bağçada olan gülü stolunda, stolunda olan gülü süfrəsinin bəzəyində və ya divardakı şəkillərdə də görmək istəyir.

Mövlana həzrətləri haqqında “qurddan-quzudan, böcəkdən-çiçəkdən danışır” deyənlər yanılırlar. Bir gün Mövlananın aşağıdakı sözünün açıqlamasını oxuduğum zaman heyrətə gəlmişdim. Həzrət, həqiqətən, qurd-quzu, meşə-ağac anlatmaq dərdində deyildi:

“Gül mövsümü bitmiş, bahar ötüb keçmişdirsə, gülün yerində yellər əsir və xəzan mövsümü gəlmişdirsə, insan gülü unutmamalı, gülsüz qalmamalıdır; gül suyu işlətməlidir...”
Gül – Rəsulullah (s.ə.s)-dir. Gül mövsümü onun əsridir. Xəzan və qış mövsümü isə onun vəfatından sonrakı dövrdür. Rəsulullah (s.ə.s) vəfat etdi, bahar bitdi deyə qış yuxusu səssizliyinə bürünməliyik? Halbuki gül suyu var. Rəsulullahı sevənlər, onun yolu ilə gedənlər, Allahın vəli qulları gül suyudur. Gül suyu rəngi ilə, ətri ilə güldən xəbər verir.

Füzulinin “su qəsidəsi” Gül haqqındadır. Su qəsidəsi Misirdəki piramidalardan daha möhtəşəmdir. Daşları üst-üstə üçbucaq kimi düzməyə nə var?! Onu babam da edərdi. Amma babam fironlara nəhəng məzar düzəltməklə məşğul olmayıb; o, xalqın keçəcəyi körpülər, şəfa tapacağı xəstəxanalar, su anbarları, Sultanəhməd, Süleymaniyə kimi camelər inşa edib. Piramidaları tikənlər təkcə ölülərə, bir də turizm şirkətlərinə xidmət göstəriblər. Su qəsidəsinin sözlərini üst-üstə qoymaq əlli tonluq piramida daşlarını yuxarı qaldırmaqdan daha çətindir. Füzulinin su qəsidəsi niyə dünyanın yeddi möcüzəsi arasında sayılmır?! Daş nə vaxtdan bəri sözdən daha dəyərli olub?! Su qəsidəsini söz yığını olaraq, piramidaları isə sənət möcüzəsi olaraq görənlər Həzrət Adəmin torpağını görüb ruhunu görə bilməyən şeytan kimidir. Məsnəviyə “qurd, böcək, meşə, ağac haqqındadır” deyənlər də şeytani baxış (zahirə qiymət vermək) mədəniyyətinin mənsublarıdır.

Rəsulullah (s.ə.s) gül ilə təmsil edilir. Uşaqlara ad verilərkən “Gül-Əhməd” deyirlər. Qızlara da Gülay, Gülçöhrə, Gülnaz, Ayşəgül, Aygül kimi “güllü” adlar verilir. Uşaqlara verilən güllü adların Mədinə ilə əlaqəsini görməmək Adəmin torpağını görüb ruhunu görməyən təkgözlü baxışdan fərqsizdir. Bakıdan Ağdaşa doğru gedərkən Türyançay körpüsünə çatmamış Gülbəndə kəndi var. Kəndin adı da güldən nəsiblənib. Gülbəndə, yəni gül-qul. Bir kənd necə olur ki, bu qədər zərif bir adı almış olsun?! Rəsulullah sevgisi Türyançay kimi gurhagur axıb bu torpaqlarda. Gülbəndə adı da çox gözəl mesaj verir: “Allaha gül kimi bəndə ol. Dünya həyatında tikan olub hər kəsi incitmə”.

Həyat gülbəndə olmaq üçün yaşamaqdır.

Ağəli müəllimi də unutmayaq; gülə daldıq, Ağəli müəllimdən bəhs edə bilmədik. Məktəb direktorudur, hörmət sahibi ağsaqqaldır, incitmək yaxşı olmaz.

Ağəli müəllim “üzr istəyirəm” deyərək sözə başladı. Zatən adətən “üzr istəyirəm” deyə başlayardı sözə. “Mənə beşcə dəqiqə icazə verin, yerdə qalan noxudları toplayım, az qalıb”, - deyərək dizini bükdü. Yerdə qalan tək-tük noxudları topladı. Biz də kömək etdik. Biz gəlmədən əvvəl, necə olubsa, noxud torbası düşmüş,  noxud dənələri yerə saçılmışdı. Bir az uzağa düşmüş, təkbaşına dayanan noxud dənəsini götürmək üçün uzandı, bir az zəhmətli olsa da, onu da götürdü. Sonra mənə dönərək: “Adəm xoca, bunu niyə götürdüm, bilirsənmi? – deyə soruşdu. Cavabını da heç gözlətmədən özü verdi: - Bəlkə, bərəkət elə bundadır”.

Ağəli müəllim bir düyü, noxud, yaxud buğda dənəsini də israf etməyən nadir insanlardan biri idi. Ah Ağəli müəllim, bir bilsən, indi dənə-dənə deyil, boşqab-boşqab, qazan-qazan plovlar, noxudlar zibilliyə atılır. Çörək parçaları, qırıntıları yox, bütöv çörəklər zibillikdə gözləri yaşlı, məhzun halda dayanır. “Allah israf edənləri sevməz” deyir və bu ayəyə inanırıqsa, demək ki, Allahın sevmədiyi insan sayı çoxdur. Bir noxud dənəsi 1 kalori enerji daşıyırsa, Ağəli müəllim o noxudu almaq üçün 10 kalorilik enerji sərf etmişdi. Məsələ nə kaloridir, nə də noxudun maddi qiyməti. Məsələ Allahın yaratdığı nemətə hörmətlə yanaşmaqdır. Aslan, pələng, leopard kimi heyvanlar arxasınca düşəcəyi ovun böyüklüyünə baxar; əgər kiçikdirsə və onu tutmaq üçün sərf edəcəyi enerji ondan əldə edəcəyi kaloridən çox olacaqsa, yerindən tərpənməz, daha böyük ovun gəlməsini gözləyər. Çörək qırıntısını, noxud, düyü, yaxud qarabaşaq dənəsini kiçik görmək, dəyərsiz bilmək – Ağəli müəllim kimi mən də üzr istəyərək deyəcəyəm – vəhşi heyvan kimi olmaqdır. Dənələr, qırıntılar, tökülən artıqlar, unudulanlar, arxada qalanlar və zəiflər insancasına münasibət, hörmət və dəstək gözləyirlər...

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz