NƏSİLLƏRİN İSRAFI

NƏSİLLƏRİN İSRAFI

İnsan içində olduğu aləmdə “adətullah” gərəyi nəslinin davam etməsi arzusundadır. Lakin bir möminin nəsil əndişəsi digər məxluqatdan fərqli və daha ülvidir. Belə ki, mömin öz övlad və nəvələri ilə yalnız nəslinin/soyunun davam etməsi dərdində deyil. 

Onun əsas əndişəsi sahib olduğu iman, ibadət və əxlaq kimi dəyərləri övladına ötürə bilməkdir. Möminin qəlbi övladının yalnız bu dünyasını deyil, əbədi səadətini də qazanma düşüncəsiylə yoğrulmuşdur. Səyi yalnız bu fani dünya üçün deyil, həm də əbədi olan axirət yurdu üçündür. Çünki bir mömin bilir ki, bu dünya bir imtahan yurdudur və “Əsas həyat axirət həyatıdır”. (Buxari, Riqaq, 1)

Əlbəttə, mömin bu dünyada övladının ruzisini düşünər. Lakin onun əsas narahatlığı o loğmaların halal olub-olmadığıdır. Övladına verdiyi tərbiyə istiqamətində onun cənnət nemətlərini, yoxsa - Allah qorusun- cəhənnəm əzabınımı dadacağını düşünər. Heç bir valideyn:

“Övladım dünyada tıxa-basa doysun, istərsə axirətdə zəhər-zəqqum yesin” deyə bilməz!

“Dünyada gələcəyi parlaq olsun, istərsə axirətdə üzü qaralardan olsun” deyə bilməz!

“Bu dünyada gününü gün etsin, necə olsa axirətdə əfvə nail olar” şəklindəki şeytan aldatmasına inanmaz. Axirət yanında dünya səadətinin də ancaq və ancaq Allahın əmr etdiyi və Rəsulunun göstərdiyi təmiz, sadə və dinc həyatı yaşamaqla əldə edilə biləcəyini idrak edər.

Keçmişdə olduğu kimi, bu gün də cahiliyyənin çarəsi İslam nurudur, Quran rəhbərliyidir. Fəxri-Kainat Peyğəmbərimizin (s.ə.s) feyz və ruhaniyyəti ilə dolmaq, Onun halı və sünnəsi ilə yoğrulmaqdır. Cəmiyyətin gələcəyi olan uşaqlar üçün Allah Rəsulu (s.ə.s) xüsusilə diqqətimizi çəkərək belə buyurur:

“Övladlarınızı üç xüsusda yetişdirin:

  • Peyğəmbər sevgisi,
  • Əhli-beyt sevgisi,
  • Və Quran qiraəti.

Çünki həməleyi-Quran (yəni Quran hafizləri) heç bir kölgənin olmadığı qiyamət günündə peyğəmbərlər və əsfiya (yəni səfaya çatmış olan Allah dostları) ilə birlikdə Ərşin kölgəsindədir”. (Münavi, I, 226)

Bədbinlik gətirməsi üçün deyil, lakin bir həqiqəti ifadə etmək üçün bunu demək məcburiyyətindəyəm; bu gün övladlarımız, gəncliyimiz, insanımız azğın bir selin içində sürüklənən ağac parçaları kimi, iradəsi əlindən alınmış, gələcəyinə tədbir qoyulmuş, qəlbləri qurudulmuş və texnologiyanın sözdə imkanları tərəfindən fərqində olmadan əsarətə məhkum edilmiş bir vəziyyətdədir. Əsil israf bu deyilmi?

Məktəblərin tətilə çıxdığı bu günlərdə məqsədyönlü istifadə edib qiymətləndirəcəyimiz “iki aylıq” bir zaman mövsümü var. Övladımızın həqiqi gələcəyini düşünərək, bu zaman ərzində nələr edə biləcəyimizi, necə planlı keçirəcəyimizi nəzərə almağımız lazımdır.

Uşaqlar üçün tətil mövsümünü evdə televizor və internet başında, yaxud küçədə əylənərək keçirmək də mümkündür. Eyni zamanda, planlı və proqramlı şəkildə, ən az bir neçə aylıq gözəl yay kursları ilə də bu mümkündür…

Bu gün təşkil olunan yay kursları və fəaliyyətləri də çeşidlidir. Lakin bu qızıl dövrləri uşaqlarımızın çox vaxt məhrum qaldığı, laqeyd yanaşdığımız dini və əxlaqi inkişaflarını tamamlamaq istiqamətində dəyərləndirmək, bu fürsətdən mümkün mərtəbə daha səmərəli istifadə etmək ən gözəli olardı.

Diqqət olunacaq digər bir xüsus da ata-analar olaraq, onların məktəb dərslərinə, qeydlərinə, oxumalarına nəzarət etdiyimiz qədər, bəlkə də ondan daha çox və ciddi şəkildə, bu qısa yay dövründə öyrəndiyi dərslər və dəyərlər mövzusunda həssasiyyət göstərməyimizdir. Çünki əsas gələcək övladlarımızın mənəvi gələcəyidir.

Çox şükür, bu gün məscidlərimizdə Qafqaz Müsəlmanları İdarəsinin də icazə və himayəsi ilə təşkil olunan yüzlərlə Quran kursları fəaliyyət göstərməkdədir. Bu, əlbəttə, təşəkkürə layiq bir iş və vaxtilə öyrənməkdən məhrum qaldığımız, şükrü əda olunacaq bir nemətdir (unutmayaq, hər bir nemətin davamı şükrü nisbətindədir). (Qeyd: bu işdə xidmət göstərən, xüsusilə də məscidlərdə bu vəzifəni icra edən müəllimlər/imamlar, çox önəmli və həyati bir nöqtədə olduqlarını unutmamalıdır. Bəlkə, həyatında ilk dəfə məscidə gələn və ilk dəfə məscidlə tanış olan bir uşaq, orada gördüyü rəftara görə həyatını şəkilləndirəcək. Ona görə də bu fəaliyyətləri və xidmətləri bir “ibadət şüuru” ilə icra etməli, əsla “başdansovdu”, “kiminsə xətrinə” və ya “plan doldurma” dərdi ilə etməməlidir. Məscidə, Quran kursuna gələn hər uşağın ayrı bir cövhər olduğu şüuruyla, onlara “Allahın bir əmanəti” gözü ilə baxmalı, gələcəkləri üçün düzgün istiqamət verməlidir).  

 Xülasə, dinimiz İslam nəsil tərbiyəsini və təhsilini ən əhəmiyyətli gündəm maddəsi edərək bu barədə fitrətən tərtəmiz olan uşaqları ata-analara və müəllimlərinə əmanət etmişdir. Mühüm olan tərtəmiz şəkildə dünyaya gəlmiş bu övladları fitrətlərindəki saflığı pozmadan, yaşadığı dövrün ehtiyac və imkanlarını da nəzərə alaraq, insanlığa, vətəninə xidmət edəcək şəkildə, milli-mənəvi ruhda yetişdirməkdir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz