İNFAQDA ÖLÇÜ

İNFAQDA ÖLÇÜ

Ruzi Allahın əlindədir; dilədiyinə çox, dilədiyinə az verir. Bu bir həqiqət olmaqla bərabər hədisi-şəriflərdə “Verən əl alan əldən üstündür”, “Güclü mömin zəif mömindən xeyirlidir” kimi ifadələrin çoxca yer alması onu göstərir ki, müsəlmanların hər cəhətdən olduğu kimi, maddi yöndən də güclü olması təşviq olunmaqdadır.

 Kimi insanların möhtac, kiminin isə zəngin olması onlar üçün imtahan vəsiləsidir. Kasıbların imtahanları səbir etməkdirsə, imkanlıların imtahanı onların ehtiyaclarını qarşılamaqdır.

Bu xüsusda İslam peyğəmbəri möminlər üçün ən böyük comərdlik nümunəsidir. Hz. Peyğəmbər (s.ə.s) İslam üçün ondan nə tələb olunsa, onu mütləq verməyə çalışardı. Hətta bir gün yanına gələn birinə bir sürü qoyun bağışladı. Həmin adam həyəcanla öz qövmünə gedərək heyrət içərisində başına gələnləri anlatmışdı.(Müslim, Fəzail 57-58) Bu hadisədən sonra dünyalıq əldə etmək üçün belə olsa müsəlman olanlar daha sonra İslamın gözəllikləri ilə yaxından tanış olaraq bu dini qəlbən də qəbul etmişlər.

Bir hədisi-şərifdə belə buyurulur: “Hər gün insanlar sabahladıqlarında göydən iki mələk enər. Bunlardan biri: “Allahım! İnfaq edənin malını artır!” deyər. Digəri də: “Allahım! Xəsislik edənin malını yox et!” deyər”. (Buxari, Zəkat 27)

Hər şeydə olduğu kimi, sədəqə verməyin də bir ölçüsü var. Bu barədə İsra surəsinin 29-cu ayəsində belə buyurulmaqdadır: “Nə əldən çox bərk ol, nə də əlini tamamilə açıb israfçılıq et. Yoxsa həm qınanarsan, həm də peşman olarsan!”  Bununla bağlı bir hədisi-şərifdə belə  buyurulmaqdadır: “Ey insan oğlu! Ehtiyacından artıq olan malını insanlara verməyin yaxşı, verməməyin pisdir. Ehtiyacın qədərini isə vermədiyin üçün qınanmazsan. Baxmaqla mükəlləf olduqlarından başlayaraq yaxşılıq et. Verən əl alan əldən üstündür”. (Müslim, Zəkat 97)

Kab ibn Malikin  Hz. Peyğəmbərlə olan dialoqu mövzumuzla əlaqəli olaraq çox ibrətamizdir: Kab ibn Malik bir gün Hz. Peyğəmbərə malının hamısını sədəqə olaraq paylamaq istədiyini bildirir. Hz. Peyğəmbər buna razılıq vermir. Bu səfər Kab ibn Malik: “Heç olmasa malımın yarısını paylayım”, - deyir. Hz. Peyğəmbər buna da razı olmur. Nəhayət, malının üçdə birini sədəqə olaraq verməyi münasib görür.

 

            Yuxarıdakı ayə və Hz. Peyğəmbərlə Kab ibn Malik arasında keçən dialoqdan anlaşılmaqdadır ki,  Allah-Təala möminin səxavətli olmasını istəməklə yanaşı, səxavətdə həddi aşaraq əlindəkinin hamısını verməsini də istəmir. Axı bu səfər o özü başqalarına möhtac vəziyyətə düşə bilər. Ayədə də buyurulduğu kimi, sonra verdiyi sədəqədən ötrü peşmanlıq çəkər. Belə olan halda həm malı əlindən gedər, həm də verdiyi sədəqədən savab əldə edə bilməz.

Möminin ən böyük özəlliyi mötədil olmasıdır. Sədəqə verərkən də mötədil olmaq, yəni həddi aşmamaq lazımdır. Beləliklə, əlində olan malın hamısını bir dəfəyə saçıb-sovurub daha sonra peşman olmaqdansa,  müəyyən bir hissəsini paylayıb yerdə qalanı ilə də təkrar qazanıb infaq həyatını davam etdirmək daha münasibdir.

Nəticə olaraq, sədəqə vermək kimi şərəfli bir ibadətdən məhrum qalmamaq üçün daim o imkanı əldə tuta bilməyə səy göstərmək bir möminin məqsədlərindən biri olmalıdır.

İnfaqın önəmi, ölçüsü, xəsisliyin pis oluşu haqqında verilən bütün bu məlumatlar qədər verilən sədəqənin şəkli, verən insanın o sədəqəni verdiyi anda içindən keçirdiyi hisslər də bir o qədər önəmlidir.  Allah-Təala İsra surəsinin 26-cı ayəsində: “Qohumlara, miskinlərə və yolda qalmışlara haqlarını verin!” - buyurur. Bu ayədə diqqət çəkən məsələ “haqlarını verin” ifadəsidir. Bu da o deməkdir ki, zənginlərin malında ehtiyac sahiblərinin haqları vardır.

İslam mömini malın tək sahibinin özü olduğu düşüncəsindən uzaqlaşdırıb əslində həmin malda başqalarının da haqlarının olduğunu, o mal üzərində haqları olanların Allah tərəfindən o zənginə əmanət olaraq verildiyi şüurunu verməyə çalışır. Bu səbəblədir ki, ehtiyac sahiblərinə əl tutanda minnət qoymağı çox çirkin görmüş, hətta həmin sədəqədən heç bir fayda əldə edilməyəcəyini bildirmişdir. Əksinə, kasıba əl tutanda özü ona minnətdar olmalıdır ki, ona verilən zəkat və ya sədəqəni almazsa ya zəkat vermə fərzini yerinə yetirə bilməyəcək, ya da sədəqə kimi gözəl ibadətdən məhrum qalacaqdır. Bütün bunları əda etmə şansı verdiyinə görə əslində zəngin şəxs kasıba minnətdar olmalıdır.

Necə ki “namaz pisliklərdən qoruyar” ayəsində keçən namazın riyadan uzaq, Allahı görürmüşcəsinə qılınan namaz olduğunu deyirik, eləcə də ayə və hədislərdə keçən: ömrün uzanmasına, malın bərəkətlənməsinə və başa gələ biləcək bəlaları bərtərəf etməsinə səbəb olan sədəqə də, hər halda, bu hisslərlə verilən sədəqədir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz