İSRAF ETMƏ, İNFAQ ET
“İsraf” ərəb dilindən tərcümədə hədsiz dərəcədə istifadə etmək, ehtiyacdan artıq xərcləmək və həddi aşmaq mənalarını verir. Dini termin kimi isə halal və qanuni yollarla əldə edilmiş pul və sərvətdən lazımi qədərdən çox, əbəs yerə istifadə etmək anlamına gəlir.
Halal yollarla işləyib, ruzi qazanmağı buyuran dinimiz israfı və lüzumsuz yerə pul xərcləməyi qadağan etmişdir. Bu barədə Uca Allah, Rəsuluna (s.ə.s) vəhy etdiyi bir ayədə belə buyurur: “Ey Adəm oğulları! Hər bir ibadət vaxtı (namaz qılarkən, məscidə gedərkən və ya təvaf edərkən) gözəl libaslarınızı geyin, yeyin-için, lakin israf etməyin, çünki Allah israf edənləri sevməz!” (əl-Əraf, 31)
İsrafın haram olduğunu göstərən bu ayənin sonundakı “Allah israf edənləri sevməz” ifadəsi müsəlmanlar üçün önəmli bir xəbərdarlıqdır. Təbii ki, Allahın sevimli bəndəsi olmağa çalışan hər müsəlman bu xəbərdarlığa biganə qalmamalıdır. Başqa bir ayədə isə Uca Allah belə buyurur: “Yer üzünə sərilmiş və sərilməmiş bağ-bağatı (bostanları və bağları), dadları müxtəlif xurmanı və taxılı, bir-birinə həm bənzəyən, həm də bənzəməyən zeytunu və narı yaradan Odur. (Onların hər biri) bar verdiyi zaman barından yeyin, yığım günü haqqını (zəkatını, sədəqəsini) ödəyin, lakin israf etməyin. Allah israf edənləri sevməz!” (əl-Ənam, 141)
Həzrət Peyğəmbərimiz (s.ə.s) hədislərində də bu məsələyə geniş yer vermişdir. Hədisi-şəriflərin birində buyurulur ki, bir dəfə Həzrət Peyğəmbər (s.ə.s) əshabələrindən olan Sədin evinə getmişdi. Allah Rəsulu (s.ə.s) onun dəstəmaz alarkən sudan çox istifadə etdiyini görmüş və israfa yol verməməyi tövsiyə etmişdi.
Bir araşdırmaya görə, dünyada israf edilən çörək miqdarı, hər il acından ölən 400 milyon insanı doyuracaq ölçüdədir.
Bütün bunlarla yanaşı, yaddan çıxarmaq olmaz ki, israfın zərəri özünü sadəcə bu dünyada büruzə vermir. Ömrünü və sərvətini haqq yolunda sərf etməyənlərə qiyamət günündə bütün bunların hesabı soruşulacaqdır. Həzrət Peyğəmbərimiz (s.ə.s) belə buyurmuşdur: “Qiyamət günündə insan dörd şeydən sorğu-suala çəkilmədikcə Allahın hüzurundan ayrıla bilməz: ömrünü harada keçirdiyindən, vücudunu harada əldən saldığından, malını necə qazanıb, haraya xərclədiyindən və biliyi ilə hansı işlər gördüyündən”. (ət-Tərhib və ət-Təğrib, səh. 345)
Malımızı və pulumuzu təkcə öz ehtiyacımız üçün deyil, cəmiyyətin də ehtiyaclarına sərf etməliyik. İsraf fərdə və cəmiyyətə maddi-mənəvi sıxıntılar gətirməklə yanaşı, iqtisadi inkişafı ləngidərək ölkələri tənəzzülə uğradır. Bunlarla yanaşı, çağdaş dövrümüzdə insanların qiymətini bilmədən israf etdiyi əsas nemətlərdən biri zamandır. Ən böyük israf vaxtı boş keçirməkdir ki, daim bundan uzaq olmalıyıq.
Allahın verdiyi nemətlərə şükür etmək, qənaətcil olmaq, ruzini çalışaraq qazanmaq İslam əxlaqının təşviq etdiyi əsas cəhətlərdir. Həzrət Peyğəmbər (s.ə.s) hədislərdə ruziyə sahib olan və ona qənaət edən şəxsi tərifləmiş, eləcə də əsil zənginliyin sərvət çoxluğu ilə deyil, könül xoşluğu ilə ölçüldüyünü bildirmişdir. Nemətləri başqaları ilə bölüşməyib saxlamaq, yəni xəsislik Allahın sevmədiyi davranışdır. Qurani-Kərimdə bununla bağlı belə deyilir. “Qohum-əqrəbaya da, miskinə də, (pulu qurtarıb yolda qalan) müsafirə də haqqını ver. Eyni zamanda (mal-dövlətini əbəs yerə) sağa-sola da səpələmə! Həqiqətən, (malını əbəs yerə) sağa-sola səpələyənlər şeytanın qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı nankordur!” (əl-İsra, 26-27)
O zaman gəlin israfdan qətiyyətlə uzaq duraq. Çünki israf nemətlərin itirilməsinə səbəbdir. İsraf hər bir fərdin, cəmiyyətin, hətta dövlətin belə inkişafına ən böyük maneədir. İsraf olan yerdə inkişaf yoxdur. İsraf olan yerdə bərəkət yoxdur.
Çox təəssüflə ifadə edək ki, ətrafımıza baxdığımızda hər yerdə israfçılıq görməkdəyik. İçki, qumar, kin və həsəd kimi günahlarla bədənlər israf edilməkdədir. Tənbəllik və qeybət kimi günahlar işlənməklə vaxt israf edilməkdədir. Ədəbsiz və İslam əxlaqına zidd olan verilişlərə baxılmaqla beyin və əxlaqi dəyərlər israf edilməkdədir. Qısacası, İslama və milli-mənəvi dəyərlərə zidd bir həyat yaşamaq həyatın bütün sahələrinin israf edilməsi deməkdir.
Son söz Uca Allahındır:
“(Rəhmanın əsil bəndələri o kəslərdir ki,) onlar (mallarını) xərclədikdə nə israfçılıq, nə də xəsislik edər, bu ikisinin arasında orta bir yol tutarlar”. (əl-Furqan, 67)
ŞƏRHLƏR