BİR HƏDİS
عَنِ الْمِقْدَامِ بْنِ مَعْدِي كَرِبَ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ قَالَ: أَلَا إِنِّي أُوتِيتُ الْكِتَابَ، وَمِثْلَهُ مَعَهُ أَلَا يُوشِكُ رَجُلٌ شَبْعَانُ عَلَى أَرِيكَتِهِ يَقُولُ عَلَيْكُمْ بِهَذَا الْقُرْآنِ فَمَا وَجَدْتُمْ فِيهِ مِنْ حَلَالٍ فَأَحِلُّوهُ، وَمَا وَجَدْتُمْ فِيهِ مِنْ حَرَامٍ فَحَرِّمُوهُ
Miqdam ibn Madikərib Rəsulullahın (s.ə.s) belə dediyini rəvayət edir: "Bilin və agah olun ki, mənə Quran ilə birlikdə onun bir bənzəri də verilmişdir. Diqqətli olun, taxtına söykənmiş tox bir adamın sizə: Tək Qurandan yapışın, onda tapdığınız halalı halal, haramı isə haram qəbul edin, - deyəcəyi gündən ehtiyat edin". (Əbu Davud, Sünnə, 6; Müsnəd, XXVIII, 410 Hədis no: 17174)
Həzrət Peyğəmbər Allah tərəfindən ona verilən təbliğ vəzifəsini layiqli şəkildə yerinə yetirmək üçün dünyasını dəyişdiyi günə qədər səy göstərmiş və bunun nəticəsində insanlara Quran ilə bərabər Quranı açıqlayan söz və davranışlar (sünnə) miras qoymuşdur. Çünki o, öz istəyinə görə (kefi istədiyi kimi) danışmazdı; onun hər bir sözü vəhylə dəstəklənmişdi (ən-Nəcm, 53/3-4). Bu səbəblə Uca Allah, Peyğəmbərin əmr etdiyi hər bir sözünün qəbul olunmasını, qadağan etdiyi hər bir şeydən də uzaq durulmasını buyurmuşdur. (əl-Həşr, 59/7). Allahın hər bir əmrinə olduğu kimi bu əmrinə də tərəddüdsüz itaət edən səhabə nəsli Quran ilə yanaşı, Həzrət Peyğəmbərin söz və davranışlarını da dəqiqliklə təqib etmiş və Rəsulullahın sünnəsini qoruyaraq sonrakı nəsillərə miras buraxmışdır. Bunun da nəticəsində İslamın iki əsas mənbəyi qəbul edilən Quran və sünnə formalaşmış və müsəlmanlar qarşılaşdıqları hər bir məsələ barəsində bu iki mənbəyə müraciət etmişlər. Lakin Həzrət Peyğəmbərin vəfatından qısa bir müddət sonra dini anlamaq və yaşamaq üçün Quranın kifayət etdiyini, hədislərə ehtiyacın olmadığını söyləyən bir qrup ortaya çıxmışdır ki, yuxarıda qeyd olunan hədis bu anlayışa sahib olan insanların ortaya çıxacağını daha öncədən xəbər vermişdir. Bu da Həzrət Peyğəmbərin bir möcüzəsi olaraq qəbul edilir.
Hədisdə keçən "mənə Quran ilə birlikdə onun bir bənzəri də verilmişdir" ifadəsi Rəsulullaha Quranda olmayan məsələləri açıqlamaq səlahiyyətinin verildiyini göstərməkdədir. Xəttabi (388/998) "Quranın bir bənzəri" sözüylə iki şeyin qəsd edilə biləcəyini söyləmişdir. Birinci görüşə görə, Həzrət Peyğəmbər bu söz ilə: "Mənə zahiri elm vəhy edildiyi kimi, batini elm də vəhy edilmişdir", ikinci görüşə görə isə: "Mənə Quran vəhy edildiyi kimi, onu təvil (izah) etmək də vəhy edilmişdir" demək istəmişdir.
Nəticə olaraq, Həzrət Peyğəmbərin hər söz və hərəkəti Qurandan sonra dinin ikinci əsas mənbəyini təşkil edir. Buna görə də onun hədislərini qəbul edib həyata tətbiq etmək hər bir müsəlmanın ən ümdə vəzifəsidir.
ŞƏRHLƏR