HƏLAK EDƏN İSRAF
İsraf - dinin, ağılın, ənənənin uyğun gördüyü ölçülərin xaricinə çıxmaq, xüsusilə də mal və imkanları müvafiq olmayan məqsədlər üçün saçıb sovurmaq deməkdir.
Eyni zamanda israf insan oğlunun həddini aşdığı hər məsələyə şamil edilə bilən geniş mənanı ifadə edir. Ona görə də bəndənin hansı məsələdə olursa olsun, Allahın qoyduğu ilahi sərhədlərdən kənara çıxması da israfdır. Yəni neməti boş yerə xərcləmək ziyana düşməkdir. İnsan sahib olduğu qürur və mənlik səbəbindən öz xətalarına haqq qazandırmağa meyllidir. Ən ağır cinayət törətmiş qafillər belə bir sıra səbəb və bəhanələr gətirərək özlərinin günahsız olduqlarını sübut etməyə çalışırlar.
Tarixi faktlara və məlumatlara nəzər saldığımızda əvvəlki qövmlərin, dövlətlərin bir çoxunun həlakının əsas səbəbinin məhz həddi aşmaq, azğınlıq və mənfəətpərəst hisslərin çox olmasından qaynaqlandığını görürük. Rəbbimiz tərəfindən göndərilən peyğəmbərlər də, məhz bu kimi qövmlərə ilahi rizanın və məhvedici qəzəbin səbəbləri mövzusunda xəbərdarlıq etmişdir. Əgər bir yerdə aşırı dərəcədə israf, həddi aşmaq, şəxsi istəklərin toplum mənfəətindən öndə tutulması və əxlaqsızlıq varsa, həmin yer Allahın rəhmət və mərhəmətindən uzaqdır deyə bilərik. Çox uzağa getmədən Qurani-Kərimdə Lut qövmünün hansı səbəbdən həlak olmasına nəzər salaq: “Lutu da peyğəmbər göndərdik. Bir zaman o, öz tayfasına demişdi: “Sizdən əvvəl bəşər əhlindən heç kəsin etmədiyi həyasızlığı sizmi edəcəksiniz? Siz qadınları atıb şəhvətlə kişilərin üstünə gəlirsiniz. Siz, doğrudan da, həddi aşmış bir tayfasınız!” Lut tayfasının cavabı: “Onları məmləkətinizdən çıxarın, çünki onlar təmiz adamlardır!” - deməkdən başqa bir şey olmamışdı. Biz onu və ailəsini xilas etdik. Yalnız övrəti (küfrü səbəbi ilə) həlak oldu. Onların üstünə (daşlardan) yağış yağdırdıq. Bir gör günahkarların axırı necə oldu!”(əl-Əraf surəsi, 80-84). Nəinki qövmlər, hətta bir çox tarixi şəxsiyyətlərin həyatına nəzər saldığımızda onların da nə qədər çox israfa meylli olduğunu görə bilərik. Məşhur Roma sərkərdəsi olan Pompey və qövmünün aqibəti də, aşağı-yuxarı Lut qövmü kimi oldu. Onlar da Allahın əmr etdiyi əxlaqa və mənəviyyata zidd olan həyat tərzini seçmişdi. Allahın rizasına uyğun yaşayışa qarşı çıxan hər xalq bunun əvəzini mütləq dünyada, ya da axirətdə alır. Bu, Allahın əzəli qanunudur. İtaliyanın simvolu olan Vezuvi vulkanının püskürməsi ilə Pompeyin həlakı başlamışdır. 2000 ildir ki, susqun olan vulkan bir anda püskürərək qaynar lavası ilə şəhərdə yaşayan hər kəsi yaxalamış, şəhəri sanki bir anda udaraq məhv etmişdi. Pompeyin belə bir fəlakətlə yer üzündən silinməsində, əlbəttə, dərs alınacaq hikmətlər var. Tarixi qeydlər şəhərin yox olmazdan öncə tam bir səfahət və azğınlıq mərkəzi olduğunu göstərir. Ancaq Vezuvinin lavaları bir anda bütün şəhəri xəritədən silərək gələcək nəsillər üçün ibrət lövhəsinə çevirdi. Vezuvinin qorxunc partlamasına baxmayaraq, heç kəsin qaça bilməməsi və olduğu yerdə donub qalması onların bu fəlakəti gözləmədiklərindən xəbər verir. Çünki yemək yeyən, yatan, yaxud oturan insanlar sanki bir anda donub qalmış və o andakı kimi eynilə daşlaşmışdı. Eyni zamanda pozğunluq əsnasında daşlaşmış bir çox insan qalığı qazıntılar zamanı aşkarlanmışdır. Daha əhəmiyyətlisi odur ki, bu insanlar arasında eyni cinsdən olanlar, yaş məhdudiyyəti qoymadan günah işlərə alət edilənlər də var idi. Bu xalq Allahın ayələrində bildirildiyi kimi, birdən-birə yox olmuşdu. İlahi qəzəbin gözlənilmədən təzahür edib hər şeyi alt-üst etdiyi bir ayədə belə ifadə olunur: “Onlara ancaq dəhşətli bir səs gəldi. Dərhal məhv olub getdilər”.(Yasin, 29)
İnsanın sahib olduğu nemətləri gərəksiz yerə və həddindən artıq istehlak etməsi şəklindəki bir davranış, İslam tərəfindən uyğun görülməmiş və insan oğlunun yemə, içmə və xərcləmə mövzusunda müəyyən bir tarazlıq içərisində qalması istənmişdir. Bunun kimi, əxlaqi dəyərlərdə də məhdudiyyət tanımamaq, günahı adiləşdirmək və yayğın hala gətirmək Allaha üsyan hesab olunur. Odur ki, dinimizdə maddi əmanətlərdə israf qadağan edildiyi kimi, mənəvi dəyər ifadə edən etiqad, ibadət, elm, əxlaq və zaman kimi məsələlərdəki səhlənkarlıq və həddi aşan davranışlar da qadağan edilmiş, hətta bunlar daha təhlükəli bir itki sayılmışdır.
ŞƏRHLƏR