BİR AYƏ

BİR AYƏ

بسم الله الرحمن الرحيم

وَنَفْسٍ وَمَا سَوّٰیهَا فَاَلْهَمَهَا فُجُورَهَا وَتَقْوٰیهَا قَدْ اَفْلَحَ مَنْ زَكّٰیهَا  وَقَدْ خَابَ مَنْ دَسّٰیهَا 

“And olsun nəfsə və onu yaradana, sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini öyrədənə ki, nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır! Onu (günaha) batıran isə, əlbəttə, ziyana uğrayacaqdır”. (əş-Şəms, 91/7-10)

Nəfs insandakı şəhvət və qəzəb kimi mənfi duyğuların cəmləşdiyi mərkəz, şər işlərin və pis vərdişlərin mənbəyi olaraq bilinir. Qurani-Kərimə nəzər salanda “nəfs” sözünün müxtəlif mənalarda işlədildiyini görürük. Lakin daha çox insana vəsvəsə verən, pisliyi əmr edən bir hiss və arzu mənasında işlədilmişdir. Buna görə də Uca Allah yuxarıdakı ayələrin əvvəlində and içir və nəfsini pis xüsusiyyətlərdən təmizləyənlərin xilas olacağını vəd edir. Quranda nəfsin beş mərtəbəsindən bəhs edilir. Bunlar: nəfsi-əmmarə, nəfsi-ləvvamə, nəfsi-mülhimə, nəfsi-mütməinnə və nəfsi-raziyə olaraq adlandırılır. İslam alimləri, xüsusilə də təsəvvüf əhli buna əsasən nəfs ilə mübarizə mövzusunda insanları tərbiyələndirməyə böyük diqqət yetirmişlər. İslam alimləri nəfs tərbiyəsinin bədən tərbiyəsindən daha çox əzm və mübarizə tələb etdiyini bildirirlər. Çünki daima mübarizə aparılan nəfsin bir çox pis xüsusiyyəti var. Bunların arasında aldatma, hiylə, həsəd, sui-zənn, hərislik, paxıllıq kimi mənfi xislətləri sadalaya bilərik. Əgər bu duyğular cilovlanmazsa, insan doğru yoldan azma təhlükəsi ilə üz-üzə qalar. Bunun əksinə, nəfsini tərbiyə edən və təmizləyən insan daha çox Allaha yaxın olar və haqq yoldan ayrılmaz. Bu ayələrlə bağlı olaraq qeyd edilən bir rəvayətə görə, Həzrət Peyğəmbər (s.ə.s) bir dəfə: قَدْ اَفْلَحَ مَنْ زَكّٰیهَا “Nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır!” ayəsini oxumuş və sonra dayanıb belə buyurmuşdur: “Allahım, nəfsimə təqvasını ver! Sən o nəfsin vəlisi və mövlasısan. Nəfsimi təmizlə! Sən nəfsi təmizləyənlərin ən xeyirlisisən!”.(Müslim, Zikr, 73) Allah-Təala insana yaxşılıq etmək duyğusunu da, pislik etmək duyğusunu da vermişdir. Yəni hər insan həm yaxşı ola bilər, həm də pis. Bu da tamamilə onun öz nəfsini təmizləyib tərbiyə etməsindən asılıdır. Tərbiyə olunmuş nəfs insanı saleh əməllərə yönləndirdiyi kimi, tərbiyə olunmamış nəfs də pis işlərə vadar edər. Buna görə də bir qisim İslam alimləri və təsəvvüfçülər nəfsi tərbiyə etmək üçün müəyyən metodlardan istifadə etmiş və beləcə, kamil bir mömin olmağın yolunu göstərmişlər.

Elə isə hər bir mömin dünyanın faniliyini dərk etməli və nəfsini tərbiyə etməyə səy göstərməlidir. Ancaq bu təqdirdə axirətdə nicat tapar və Allahın lütfünə nail ola bilər. Bir baxıma nəfsimizi ağlımıza deyil, ağlımızı nəfsimizə hakim etməliyik. Allah-Təala bizləri nəfsinə hakim olan və onu paklaşdıran bəndələrindən eyləsin!

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz