İSRAF HÜRRİYYƏT DEYİL
Bəşər övladı bilərək və ya bilməyərək israf edir. Bilərək edilən israf psixoloji xəstəliyin nəticəsidir. Belə ki, insan təkəbbür, özünügöstərmə və bəyənmə duyğularının əsiri olduğu zaman israfa yol verdiyi kimi, aşağılıq kompleksinin nəticəsi kimi də bu yanlışa düşə bilər.
Beləliklə, bu duyğusunu öz daxilində ört-basdır etməyə çalışır. Nəticədə digərlərinə xoş görünmə və bəyənilmə, “olduğu kimi görünməkdən utanmaq” duyğusunun əsirinə çevrilir. Bilməyərək edilən israf da tamamilə qəflət və məsuliyyətsizliyin nəticəsidir. İsraf Allaha və nemətlərinə üsyan, bəşər övladına isə hörmətsizlikdir.
Günümüzdə israf deyildikdə insanların ağlına zibilliyə atılan çörək və yemək tullantıları gəlir. Lakin israf həyatın hər bir anını əhatə edən və diqqət, ayıq-sayıqlıq tələb edən bir məsələdir. Yemək tullantıları israf sayıldığı kimi, həddindən artıq istifadə edilən və yaxud tam tərsinə, lazımi qədər istifadə edilməyən bütün şeylər də israf sayılır. Məsələn, insan həddindən artıq qida qəbul edərsə, həm bədənini, həm də nemətləri israf etmiş sayılar. Eyni şəkildə həddindən az istifadə edərsə də, müxtəlif xəstəliklərə düçar olar və bədənini lazımi şəkildə istifadə etmədiyinə görə israfa yol açmış sayılar. Deməli, həyatımızda qarşımıza çıxan hər növ istehlakda (yemək, geyim-kecim, istirahət, kommunal ehtiyaclar və s.) israfa yol verilə bilər.
İslam anlayışına görə, israf təkcə dünyalıq nemətlərlə məhdud deyildir. Yəni israf təkcə maddi varlıqlara aid deyil. Dini həyat və ibadətlərin icrasında, hətta etiqad məsələlərində da israfa düşmək mümkündür. Müsəlman hər xüsusda israfdan çəkinməli və diqqətli olmalıdır. Hz. Peyğəmbər (s.ə.s) səhabələrinə tövsiyələrində buna diqqət çəkmişdir. Məsələn, ibadət məqsədi ilə alınan dəstəmaz və yaxud qüsl məsələsində Hz. Peyğəmbər (s.ə.s) müəyyən şərtlər gətirmiş və həddi aşmağı qadağan etmişdir. Səhabədən Səd ibn Əbi Vəqqasa verdiyi tövsiyə hər bir müsəlman üçün tənzimləyici meyar olmalıdır. Belə ki, Hz. Peyğəmbər (s.ə.s) onu dəstəmaz alarkən görmüş və həddindən artıq su istifadə etdiyinə şahid olmuşdu. Onun yanına gələrək: “Bu nə israfdır!”- demiş, Səd də “Dəstəmazda da israf var?”- deyərək təəccübünü bildirmişdi. Rəsulullah (s.ə.s) “Bəli, axan çaydan belə dəstəmaz alsan, həddindən artıq istifadə etməyin israf olar”, - deyə cavab vermişdi.(İbn Macə) Rəsulullah (s.ə.s) bu xəbərdarlığı su qıtlığına görə etmirdi; o, əshabəsində şüur formalaşdırmaq və müsəlman həssasiyyəti yaratmaq istəyirdi.
İslam dini tarazlıq dinidir. Orta yolu əsas götürərək ibadət və müamilələri feyzli vərdiş halına çevirməyə çalışır. Aşırılığın hər növünü qadağan edir. İsrafa düşmədən və xəsislik etmədən yaşamağı tövsiyə edir. Allahın insanlardan tələb etdiyi mötədil İslam yolu kəndirbaz və əlindəki çomağa bənzəyir. Necə ki, kəndirbaz kəndirin üzərində gəzmək üçün əlindəki çomağı tarazlamazsa kəndirdən düşər, eyni şəkildə düzgün İslam əqidəsi ilə yaşamaq istəyən şəxs də ifrat (aşırılıq) və təfrit (laqeydlik) tarazlığına riayət etməzsə, tarazlığı itirər və yolunu azar. Bu mənada Hz. Peyğəmbərin (s.ə.s) bir hədisində etdiyi xəbərdarlıq, insana həyatın hər anına diqqət yetirərək və həddini aşıb israfa düşmədən yaşamağı təlqin edir. Belə ki, hədisdə insanın ömrünü nəyə sərf etdiyindən, ömrünün ən məhsuldar gənc çağlarını harada keçirdiyindən, malını hansı yolla qazanıb nəyə xərclədiyindən və elmindən necə istifadə etdiyindən hesaba çəkilmədikcə haqq-hesab meydanından tərpənməyəcəyi bildirilir. Deməli, axirət günündəki əsl məsələ maddi və mənəvi olaraq insana bəxş edilənlərin israf edilib-edilməməsi olacaqdır.
Məqsədinə müvafiq xüşu içərisində qılınmayan namaz, mənasını düşünmədən qiraət edilən Quran ayələri, bütün bədən üzvləri ilə tutulmayan oruc, üzə vurularaq verilən zəkat və sədəqələr, şirk qarışmış əqidə, qəflət halında keçirilən zaman, bunların hamısı əvəz edilməsi çətin olan israf növlərindəndir. Mayasında fərasət və ayıq-sayıqlıq olan, İslam dini ilə şərəflənmiş hər bir müsəlman, yuxarıda sadaladığımız nemətləri yerli-yerində və düzgün istifadə etməli, həyatını puç olmaqdan qurtarmalıdır. Əsl müsəlman əlindəki fürsətləri lehinə qiymətləndirə bilən və hər anını qazanca çevirə biləndir.
Uca Allah növündən, miqdarından və əhəmiyyətindən asılı olmayaraq israf edənləri sevmədiyini ifadə etmişdir. İsraf, Allahın bəxş etdiyi fürsətlərə əhəmiyyət verməyərək laqeydlik göstərməkdir. Allahı sevdiyini və ona inandığını iddia edən hər bir şəxs gücü nisbətində israfdan uzaqlaşmalı, ona aparan yollardan üz döndərməlidir. Unutmayaq ki, Allahın əmrlərinin xaricinə çıxan hər şey israfdır.
ŞƏRHLƏR