Üç aylar və dindəki yeri
“Üç aylar” mübarək gün və gecələrlə yadda qalan Ramazanı-Şərif və onun müjdəçisi olan Rəcəb və Şabani-Şərifdir. “Üç aylar” məfhumu ilə təşəkkül tapmış bu ayların tarixi seyrini aşağıdakı kimi göstərmək olar.
Uca Allah Tövbə surəsinin 36-cı ayəsində belə buyurur “Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın Kitabında on ikidir. Onların dördü (rəcəb, zülqədə, zülhiccə və məhərrəm) haram aylardır. Bu, doğru dindir. Ona görə də həmin aylarda özünüzə zülm etməyin.”
Təfsir alimlərinə görə aylar içində bu dörd ayın haram/müqəddəs olması İbrahim və İsmail əleyhissalamın dinindən qalmışdır. Hələ cahiliyyə dövründə bu aylar müqəddəs sayılardı. Ona görə də bu aylar gələndə qan tökülməz, qılınclar qınına qoyulardı. (Kəşşaf, II/261.) Bu, elə hənif dinindən bu vaxta qədər davam etmiş bir təmayüldür. Belə ki, müəyyən ayların digərləri arasında daha əhəmiyyətli olması, hətta “biz onu mübarək bir gecədə nazil etdik” (Duxan 44/3) ayəsində günün belə mübarək və müqəddəsliyi ilə seçildiyinin şahidi oluruq.
Ayənin “həmin aylarda özünüzə zülm etməyin” ifadəsi haqqında alimlər belə demişlər: “Zülm etmək əslində həmişə haram olan bir qadağa olsa da, bu aylara hörmətən daha diqqətli olmaq və daha çox təzim göstərərək zülmdən çəkinmək lazımdır.” (Əbu Həyyan, Bəhrul-Muhit, V/415) Elə isə haram aylarda saleh əməl işləmənin savabı digər aylara görə daha böyükdür. Hər nə qədər digər zamanlarda zülm etmək böyük bir günah isə bu aylarda zülm etmənin günahı daha böyükdür. (Təbəri, Cameul-Bəyan, VI/366.) Necə ki Qurani-Kərimdə: “(Ya Rəsulum!) Haram olan ayda döyüş haqqında səndən soruşanlara söylə: “O ayda döyüşmək böyük günahdır” (Bəqərə 2/217.) deyərək bu aya qarşı hörmətsizlik edilməməsi tələb edilmiş (Maidə 5/2.) Kəbə kimi bu aya hörmətamiz yanaşmanın insanların yaxşılığı üçün bir səbəb qılındığı (Maidə 5/97) göstərilmişdir. Bu aydaki günahın daha böyük olacağını deyən Bəğavi kimi böyük təfsir alimləri, bu ayın/ “şəhrul-haram”ın - Rəcəb ayı olduğunu qeyd edirlər. (Təfsirul-Bəğavi, 1/190.)
Hədislərə gəlincə Həzrət Peyğəmbər əleyhissalam buyurur: “Zaman dönüb-dolaşıb Allahın göyləri və yeri yaratdığı günki ilk heyətinə qovuşdu. Bunlardan dördü haram aydır ki, üçü ardarda gəlir. Zilqədə, zülhiccə və məhərrəm. Dördüncüsü isə camada və şaban arasındaki rəcəb ayıdır.” (Buxari, Təfsir 9; Əbu Davud, Mənasik 67.) Bütün bunlardan aydın olur ki, zamanın bir qismi digərindən fərqlənərək fəzilət və rəhməti baxımından, eyni zamanda o ana aid ibadətlərinin üstünlüyü baxımından fərqli ola bilər.
Rəcəb ayının haram aylar arasında sayılması şübhəsiz ki, onun yuxarıda qeyd edilən xüsusi əhəmiyyət kəsb edən bir zaman olması ilə əlaqədardır. Bu ayın ilk cümə gecəsi “Rəqaib”, 27-ci gecəsi isə İslam dünyasının böyük əhəmiyyət verdiyi “Merac” gecəsidir. Merac hadisəsi haqqında Quranda başlı-başına bir surə, “İsra” endirilmişdir ki, İslamın on iki əsası xülasə şəklində (İsra, 17/23-39) bu ayda endirilmişdir. Dinin dirəyi beş vaxt namaz həmçinin bu ayda fərz qılınmışdır. Ənəs bin Malikdən rəvayət edlir ki, Rəcəb ayı girəndə Həzrət Peyğəmbər əleyhissalam belə dua edərdi: “Allahım rəcəb və şabanı bizə mübarək qıl, bizi Ramazana qovuşdur.” (Əhməd bin Hənbəl, Müsnəd, 1 / 259) Bununla yanaşı Həzrət Peyğəmbərin bu ayda oruc tutmağa təşviq edən səhih rəvayətləri nəql edilmişdir. Osman b. Hakim Səid b. Cübeyrə Rəcəb ayı orucu haqda sual verdi. O da Abdullah b. Abbas rəvayəti ilə belə cavab verdi: - Rəsulullah bəzən o qədər oruc tutardı ki, biz artıq heç orucunu pozmayacağını düşünərdik. Bəzən də “deyəsən oruc tutmayacaq” deyəcək qədər orucu tərk edərdi. (Əbu Davud, Savm, 60; Tirmizi, Savm, 43.) Əbu Davud və İbn Macə də səhabələrin bu aya məxsus bir oruc tutduqlarını xüsusi qeyd etmişdir. Səhabələrin böyük fəqihlərindən Abdullah İbn Abbas və Abdullah İbn Ömər Rəcəb ayının bəzi günlərində oruc tutmuş bəzi günlərində tutmamışlar. (İbn Rəcəb, Lətaif, s 132) Müctəhid imamlardan Əhməd b. Hənbəl və İmam Şafei Rəcəb ayının hamısını oruclu keçirməyin xoş olmadığını, bir-iki günü orucsuz olmağı məsləhət bildirmişdir. (e.a.ə)
Şaban ayına gəlincə, bu ay ümmətin nafilə oruc ayı kimi bildiyi bir aydır. Çünki Həzrət Aişə belə rəvayət edir: “Peyğəmbər əlehissalam Şaban ayında tutduğu orucu Ramazan ayından başqa heç bir ayda tutmamışdır.” (Buxari, Savm, 39; İbn Macə, Zöhd 28.) Bu ayın fəziləti haqqında isə əshabdan Üsamə b. Zeyd belə rəvayət edir: “Allah Rəsulunun Şaban ayında tutduğu orucu heç bir ayda tutmadığını gördüm. Ona:
- Ya Rəsulallah! Şaban ayında tutduğun orucu başqa heç bir ayda tutmadığını gördüm, -deyəndə belə buyurdu:
- Şaban Rəcəb ilə Ramazan arasında insanların qafil olduğu və əməllərin Allaha yüksəldiyi aydır. Mən də əməlimin oruclu olduğum halda yüksəlməsini sevirəm” (Nəsai, Siyam 70) Həmçinin bu ayın 15-ci gecəsi ümmətin “Bərat” deyə bildiyi mübarək gecədir. Əbu Musa əl-Əşaridən belə rəvayət edilir: “Şaban ayının orta gecəsi gecə namazına durun, o gecənin gündüzündə də oruc tutun. Çünki Allah o gecə günəş batınca dünya səmasına təcəlli edər və Bəni-Kəlb qəbiləsinin qoyunlarının tüklərinin sayından daha çox insanın günahlarını bağışlayar.” (Tirmizi, Savm, 38; Əhməd b. Hənbəl, Müsnəd, VI/238)
Şaban ayının fəziləti barəsində aşağıdakı rəvayəti qeyd etmək kifayətdir. Həzrət Peyğəmbərdən soruşdular: “Ya Rəsulallah! Ramazandan başqa fəziləti ən çox olan oruc ayı hansıdır?” O da: - Ramazanı təzim üçün Şabanda tutulan orucdur” dedi.
Nəticə olarak istər Rəcəb ayı, istərsə də Şaban ayı rəvayətlərdən də görüldüyü kimi bir növ Ramazana hazırlıq aylarıdır. Belə ki, Quranda haram aylardan hesab edilməsi ilə yanaşı oruc ibadəti və mübarək gün və gecələri ilə bilinən Rəcəb ayı və Həzrət Peyğəmbərin ən çox oruc tutduğu, eyni zamanda haqqında Ramazanı təzim üçün oruc tutulan ay dediyi Şaban ayı, hər ikisi Ramazan kimi fəzilətli bir aya mənəvi bir hazırlıq mərhələsidir. Necə ki, alimlərimiz dəstəmaz, azan, dualar və sünnələrin hər birini qılınacaq fərz namazdan əvvəlki hazırlıqdır sayaraq ilahi dərgaha ixlasla pənah aparma hesab etmişlər. Məhz Rəcəb və Şaban da Ramazan ayı üçün psixoloji hazırlıq mahiyyəti daşıyır. Bu baxımdan keçmişdən bu günə ümmətin könlündə oruc ayları kimi taxt quran Rəcəb, Şaban və Ramazan “üç aylar” adı ilə hallanmışdır. Rəcəbin Qurani-Kərimdə haram aylar adı ilə keçməsi, Şabanın Peyğəmbərin ən çox oruc tutduğu ay olması səbəbilə olmalı ki, hədisi-şərifdə Həzrət Peyğəmbər aylar haqqında belə buyurur: “Rəcəb Allahın, Şaban mənim, Ramazan ümmətimin ayıdır”. (Suyuti, Camius-Sağir 4411.)
Əhməd b. Hənbəl musned, 1 / 259
ŞƏRHLƏR