SUAL? - CAVAB!
1. Daşınmaz əmlakın alqı-satqısı zamanı “beh” vermək, ya da almaq caizdirmi?
Cavab: Hər hansı daşınmaz əmlakın alqı-satqısı zamanı “beh” adı ilə müştəri tərəfindən əvvəlcədən, yəni müqavilə bağlanan zaman ödənilən müəyyən məbləğin, daha sonra müştərinin həmin müqavilədən birtərəfli şəkildə imtina etməsi nəticəsində, verdiyi “beh”in satıcıya qalması məsələsi tarix boyunca müzakirə obyekti olmuşdur. Qurani-Kərimdə bu mövzu ilə bağlı hər hansı məlumat olmamaqla yanaşı, Sünnədə həm caiz olduğuna, həm də caiz olmadığına dəlalət edən hədislər vardır (bax. Malik, Müvəttə; Şövkani, Neylül-Övtar). İslam hüquqşünaslarının əksəriyyəti bu kimi müqavilənin etibarsız olduğunu və müqavilənin pozulması nəticəsində alınan behin geri qaytarılmasına qərar vermişlər. Lakin islam hüquqşünaslarının bəziləri də, bunun caiz olduğu fikrini irəli sürmüşlər. Xüsusilə, 1994-cü ildə İslam Fiqh Akademiyasının aldığı qərarlarda bunun caiz olduğu qərara alınmışdır. Belə ki, “beh” vermək şərti ilə bağlanan müqavilə bir qayda olaraq caizdir. Müştəri qərarından vaz keçməzsə, verdiyi “beh” qərarlaşdırdıqarı digər məbləğə əlavə edilir. Əks təqdirdə, yəni müqavilədən imtina edərsə, verdiyi “beh” satıcının mülkiyyətinə keçər.
Nəticə etibarilə, qeyd etmək lazımdır ki, müştəri alacağı əmlakı, satıcıdan müəyyən bir müddət öz adına gözlətməsini tələb etməsi, sonra da almaqdan imtina etməsi nəticəsində əgər müştəri həqiqətən zərərə məruz qalıbsa, əvvəlcədən alınan “beh” həmin zərəri ödəmək məqsədilə müştəriyə qaytarılmayaraq satıcıda qalması halaldır. Əks təqdirdə, əmlakı sadəcə olaraq bir müddət beh verən müştəri üçün saxlamasına baxmayaraq, sonradan bazar qiymətinə uyğun başqasına satarsa, artıq əvvəlki müştəridən aldığı beh ona halal olmaz və geri qaytarmalıdır. Çünki bu vəziyyətdə satıcının məruz qaldığı hər hansı zərər yoxdur və qaytarılmayan beh əsassız yerə başqasının pulu mənimsəmək olduğu üçün həm dini, həm hüquqi, həm də əxlaqi baxımdan düzgün deyildir.
2. Nisyə satışlarda qoyulan əlavə məbləğ caizdirmi? Həmin məbləğ faiz sayılırmı?
Cavab: İslam alimlərinin əksəriyyəti nisyə satışlarda qoyulan əlavə məbləğin caiz olduğunu bildirmişlər. Belə ki, Hz. Peyğəmbərin şərtli alış-veriş etdiyi və buna icazə verdiyi ilə bağlı səhih hədislər mövcuddur. Belə olan təqdirdə, nisyə satışlarda qoyulan əlavə məbləğ faiz sayılmır. Çünki pul ilə pul olmayan bir mal istər nağd, istərsə də nisyə satılsın, qiymət fərqi faiz sayılmır. Yəni burada pul qarşılığında pul satılmadığına görə faizdən bəhs etmək qeyri-mümkündür. Bundan əlavə, nisyə satışlardakı qiymət fərqinin yalnız müəyyən edilən müddətin əvəzi olaraq hesab edilməsi də kifayət deyildir. Çünki başqa bir sıra səbəblər də nağdla nisyə arasında fərq qoyulmasını zəruri edə bilər. Məsələn, malını nağd satıb pulunu alan bununla işini tamamlamış olur. Lakin malını nisyə satan sahibkar isə, borcları qeydə almaq, vaxtaşırı təqib etmək, borcun dalınca düşərək almaq, eləcə də bunun üçün bir sıra əlavə xərclər sərf etmək və s. kimi işlərlə qarşı-qarşıyadır və bütün bunlar nisyə satışlardakı qiymət fərqini zəruri edir. Həmçinin, malını nisyə satan sahibkar müəyyən müddət həmin malın əvəzini ala bilməyəcək, onu dövriyyəyə buraxa bilməyəcək və nəticə etibarilə, əlavə gəlirdən məhrum olacaqdır. Elə isə, sözügedən məhrumiyyət də nisyə satışlardakı qoyulan əlavə məbləğin digər bir səbəbi ola bilər. Bundan başqa, nisyə satışlarda mal müştəriyə verilmiş və onun mülkiyyətinə keçmişdir. Ancaq satıcı nöqteyi-nəzərindən pulu ala bilməmək və inflyasiya ehtimalı da vardır. Bunu da vurğulamalıyıq etməliyik ki, nisyə alış-verişdə qeyri-müəyyənlik də yoxdur. Çünki alıcı ilə satıcı malın nisyə qiymətində razılaşıb müqavilə bağlamışlar. Bütün bunlara əlavə olaraq qeyd etmək lazımdır ki, islam hüququndakı səddi-zərayi prinsipinə müvafiq olaraq nisyə satışlarda qoyulan əlavə məbləğin tamamilə qadağan edilməsi, imkansız insanların işini daha da çətinləşdirməklə nəticələnər. Belə ki, bu kimi müqavilə qadağan edildiyi təqdirdə, sahibkar malını nağd qiymətlə satmağa meyil edəcək, mala ehtiyacı olan, əlində nağd pul olmadığı üçün borc pul axtaracaq, borc tapa bilməyən də məcburiyyət qarşısında faizli kredit almağa yönələcəkdir. Məhz bu haram yolun qarşısını almaq üçün, əlavə məbləğlə edilən nisyə satışların qarşısı alınmamalıdır.
3. Bir müsəlman həyatda ikən öz var-dövlətini istədiyi kimi bölüşdürə bilərmi? Yəni əmlakını bölüşdürərkən Qurani-Kərimdə qeyd edilən vərəsəlik qanunlarına riayət etməsi məcburidirmi?
Cavab: İlk növbədə onu qeyd etmək lazımdır ki, həyatda olan bir insan özünə məxsus olan, yəni özünün mülkiyyətində olan var-dövlətini qeyri-qanuni/qeyri-məşru olmamaq və haqsızlıq etməmək şərtilə istədiyi kimi sərf etməkdə ixtiyar sahibidir. Belə olan təqdirdə, bir müsəlmanın həyatda ikən öz var-dövlətini Qurani-Kərimdəki vərəsəlik qanunlarına görə bölüşdürmək məcburiyyəti də yoxdur. Lakin bölüşdürərkən övladlarına, eləcə də digər varislərinə qarşı haqsızlıq etməməyə diqqət etməlidir. Bu, onun dini-əxlaqi vəzifələrindəndir. Bundan əlavə, əgər vəsiyyət edəcəksə, varislərindən olmayanlara var-dövlətinin 1/3 hissəsindən artığını vəsiyyət edə bilməz. Əgər var-dövlətinin hamısını varis olmayan başqa bir şəxs üçün vəsiyyət etsə belə, vəsiyyətin yalnız 1/3 etibarlıdır, qalan 2/3 ikisi isə, varislərindir. Bundan başqa, Hz. Peyğəmbərin də buyurduğu kimi, bir müsəlman öz varisləri üçün vəsiyyət etməməlidir. Çünki onun qoyulan mirasda vərəsəlik üzrə müvafiq hissəsi vardır. Əgər varislərdən birinə vəsiyyət edərsə, bütün varislər tərəfindən qəbul edilmədikcə bu vəsiyyət də etibarsızdır.
ŞƏRHLƏR