T.C Diyanet Vəqfinin Mütəvəlli Heyət / Sədri Mazhar Bilginlə Reportaj
İrfan jurnalı: Əfəndim, ilk növbədə Azərbaycan haqda təəssüratlarınızı öyrənmək istəyərdik.
Mazhar Bilgin: Mən Azərbaycanı, Bakını çox da inkişaf etməmiş, səliqəsiz bir yer olaraq təxmin edirdim. Ancaq Bakıya ilk ayaq basdığım zaman təxminimdə yanıldığımı gördüm.
Hətta əvvəllər Türkiyədən Azərbaycana gələn yoldaşların tərif etdiyindən də gözəl və möhtəşəm bir şəhərlə qarşılaşdım.
İrfan jurnalı: Bildiyimiz kimi səfənizin məqsədi “Mübarək Doğum Həftəsi” çərçivəsində T.C. Bakı Böyükelçiliyinin Diyanət İşləri Müşavirliyinin təşkil etdiyi tədbirlərdə iştirak etməkdir. Dünənki tədbir haqda oxuculara məlumat verərdiniz mümkünsə!
Mazhar Bilgin: Həqiqətən dünən iştirak etdiyim tədbir çox yüksək səviyyədə keçdi. Ən gözəli isə bu tədbirdə yüksək səviyyəli nümayəndələrin də iştirak etməsi idi. Builki “Mübarək Doğum Həftəsi” münasibəti ilə proqramın mövzusu “İslamda qardaşlıq hüququ” olaraq seçilmişdi. İnanıram ki, Bakının möhtəşəm otellərindən birində keçirilən bu tədbir İslamın qardaşlıq ruhunun ən gözəl nümunələrindən biri kimi yaddaşlara həkk olundu. İstər Türkiyədən gələn müxtəlif təbəqədən olan qonaqların, istərsə də Azərbaycanın hər qrupdan olan insanları bu tədbirdə birlikdə iştirak edirdilər. Bu isə məni çox sevindirdi. Tədbirdəki bütün çıxışlar da İslamda qardaşlıq hüququna uyğun çıxışlar idi.
İrfan jurnalı: “Mübarək Doğum Həftəsi” münasibətilə yaddaşlarımızı bir daha təzələsək, Hz. Peyğəmbərin xüsusilə bu gün bəşəriyyətə verdiyi mesajlar nələr olmalıdır.
Mazhar Bilgin: Təbii ki, Hz. Peyğəmbər (s.ə.s) aləmlərə rəhmət olaraq göndərilmiş uca bir Peyğəmbərdir. Onun gətirdiyi ilahi mesaj öz dövründən qiyamətə qədər bəşəriyyətin hər dövrdə dünya və axirət səadəti üçün ehtiyac hiss etdiyi bütün mesajları əhatə edir. Baxın, Allah-Təalanın Hz. Peyğəmbər (s.ə.s)-ə ilk əmri “oxu”dur. Bu isə o deməkdir ki, İslam hələ ilk mesajı ilə oxuyan, özünü inkişaf etdirən, tədqiq etməyi bilən, ağlını lazımi səviyyədə istifadə edə bilən bir ümmət, bir insan istəyir. Bu gün müsəlmanlar İslamın ilk gəldiyi gündəki kimi Qurani-Kərimin ilk ayələrindən başlayaraq İslamı anlamağa çalışmalıdırlar. Təəssüf ki, bu gün İslam aləmi cəhalət içərisindədir. Bu gün İslam dünyasında oxuma səviyyəsi xeyli aşağıdır. Oxumamaq İslam aləmini geriləməyə, az düşünməyə sövq edən mənfi xüsusiyyətdir. Ona görə də mənim şəxsən ilk qeyd edəcəyim xüsus budur. Çünki İslam özünü bilən, elm sahibi insanlara ehtiyac hiss edir. İkinci olaraq da Qurani-Kərimin sonrakı mərhələdə ilk gələn ayələrinə diqqət çəkmək istəyirəm. Burada insanlara xəbərdarlıq etmək, onlara Rəbbini tanıtmaq, təmizliyə diqqət etmək yer alır. Bizim İslam aləmi olaraq bunlara da ehtiyacımız var. Təəssüf hissi ilə qeyd etməliyəm ki, gəzdiyim İslam ölkələrinin əksəriyyətində bu təmizliyi müşahidə edə bilmədim. İslamın istədiyi müsəman şəxsiyyətinə sahib olmaq İslam qardaşlığı çox mühümdür. Allah-Təala Qurani-Kərimdə “Bütün möminlər qardaşdır” buyurur. Bu ayəni hər bir mömin bilir. Lakin heç birimiz buna riayət etmirik. Hətta elə olur ki, iki qardaş müsəlman olduqdan sonra bir ailə içərisində yola getmirlər. Hətta Avropaya gedəndə müşahidə etmişəm, bir məhəllədə iki məscid var, ancaq birinin camaatı o biri məscidə getmir. Ona görə də bu gün dünyada İslam ümmətinin vəziyyəti acınacaqlı haldadır. Bir mühüm xüsusu da Peyğəmbərimizin həyatından misal verim: Bir gün Peyğəmbərimiz evində ayaqqabısını təmir edərkən, Hz. Xədicə anamız belə deyir: “Ya Rəslullah, nə üçün özünü yorursan, ver, xidmətçilər bu işlə məşğul olsunlar.” Peyğəmbərimizin xanımına verdiyi cavab çox xoşuma gəlir. O deyir: “Ey Xədicə! Mən dörd şeyi heç sevmərəm. Bu dörd şeyin şərindən Allah sığınıram. Bunlar -tənbəllik, xəsislik, qorxaqlıq, pislikdir.” Mən deyirəm ki, Peyğəmbərimizin sevmədiyi, Allaha sığındığı dörd şey olaraq bu sözləri bir lövhə halında hər evdə, hər məktəbdə, hər iş yerində ən çox görünən yerə asaq. Peyğəmbərimizin mesajlarından ən çox tətbiq etməyimiz vacib olan şeylər bunlardır. Bu gün İslam aləmi tənbəldir, çalışmır, istehsal etmir. Elə buna görə də hər zaman başqa ölkələrə möhtac olur. Əslində bu gün Avropa bizə ağıl satır. Yəni beş manatlıq bir xammaddəni bizdən alır, istehsal edir və yenidən bizə beş yüz manata satır. Biz də tənbəlliyimiz sayəsində ağlımızı işlətmədiyimiz üçün ona möhtac oluruq. Tarixə baxdığımızda isə görürük ki, nə zaman biz Peyğəmbərimizin mesajlarını doğru şəkildə oxuyub həyatımıza tətbiq etmişik, o zaman birinci olmuşuq. Ancaq nə zaman ki, Qərb bu xüsusiyyətləri bizdən alaraq öz həyatında tətbiq etmiş, biz o zaman geridə qalmışıq. Bu gün İslam aləmində sosial ədalətsizlik var. Bu isə xəsislikdən irəli gəlir. Halbuki Allah-Təala Qurani-Kərimdə 78 yerdə zəkatı, yardımlaşmağı əmr etmişdir. Peyğəmbərimiz də bu haqda “Qonşusu ac ikən özü tox yatan bizdən deyil.” buyurur. Bu gün İslam aləmində pislik (natəmizlik) də var. Yəni əhalisinin əksəriyyətini bu gün müsəlmanların təşkil etdiyi bir çox ölkələrə səfər etdiyin zaman hər tərəfdə müsəlmana yaraşmayan natəmizliklə qarşılaşırsan. Başqa ölkələrə getdikdə isə hətta küçələrin belə tər-təmiz olduğunu görürsən. Peyğəmbərimizin bugünkü əsrimizə verdiyi mesajların ən başlıcası deyərdim ki, yuxarıda qeyd etdiyim hədisdə buyurduqlarıdır. Məhz bu amillər həqiqətən də dünyamızın ən çox möhtac olduğu xüsuslardır.
ŞƏRHLƏR