Qorxusuz Qələm

Qorxusuz Qələm

    Varlığımızı davam etdirdiyimiz həyatda istər canlı olsun, istərsə cansız hər kəsin bir vəzifəsi var. Mənim vəzifəm təhsilimi tamamlayıb vətənimə qayıtmaq, müəllimlərimin vəzifəsi hər dəfə dərsə girəndə bizə öyrənməli olduqlarımızı çatdırmaq, birlikdə xidmət etdiyimiz qardaşlarımın vəzifəsi də insanlara yardım əli uzatmaqdır. 

Bizdən savayı cansız varlıqların da yerinə yetirəcəkləri müəyyən vəzifələri var. Bitkinin vəzifəsi havanı oksigenlə təmin etmək, küləyin vəzifəsi havadakı zərərli qazları dağıtmaqdır. Bu nümunələri sayaraq çoxalda bilərik. Lakin mən bunlardan yalnız birinin vəzifəsini daha ətraflı yazaraq duyğularımız sizinlə paylaşmaq istəyirəm.

    Ön plana çıxarmaq istədiyim bu cansız varlıq qələmdir. Vəzifəsi isə hər kəsin bildiyi kimi yazmaqdır. Qələm yazmalıdır. Bəli, yazmalıdır, amma doğrunu yazmalıdır. Əsas vəzifəsi də budur. Yəni doğrunu yazmaq. Kədərlənsə də, sevinsə də, ağlasa da, gülsə də yazmalıdır. Bəhanəsi olmamalıdır. Bu gün yorğunam, bu gün kefim yoxdur deyə müşküllərini ətrafdakılara əks etdirməməlidir. Onun vəzifəsi nə olur-olsun, doğrunu yazmaqdır.

    Yazacağı hər şey insanı xoşbəxt etməlidir. İnsanların azad və firavan mühitdə yaşamasını təmin etməlidir. Yazdıqları, ya da yazacaqları insanları narahat etməməli, cəmiyyətə mənfi cəhətdən təsir göstərməməlidir. Yeri gəldikdə bizi bir ana kimi qorumalı, yeri gəldikdə bir sərkərdə kimi döyüşə hazırlamalıdır. Yeri gəldikdə bizə nağıllar oxuyaraq yatırtmalı, yeri gəldikdə də gerçəkləri söyləyərək xəbərdarlıq etməlidir.  Həqiqətləri gözümüzün içinə baxaraq deməlidir.

   Qələm çox vaxt təkbaşına heç bir məna ifadə etməz. Onun bir sahibi, onu tutan bir əl var. Hər qələm sahibinin isə bir həkimin Hipokrat andı içməsi, yaxud da bir əsgərin vətənini qorumaq üçün andiçmə mərasimində bütün ruhuyla hayqırması kimi and içməsi lazımdır. Bəs bunun səbəbi nədir? İnsanları aldatmamaq, onları yalan sözlərlə doğru bildiklərindən yayındırmamaq, onları xoşbəxt edə bilmək. Bu səbəblər üçün hər qələm sahibi əvvəlcə özünə, sonra içində yaşadığı cəmiyyətiə söz verməlidir.

   Qələmlər bir bölük əsgərin komandirdən əmr gözləməsi kimi bizim onlara əmr verməmizi gözləyir. Biz komandirik, yazmaq üçün can atan o qələmlərin komandirləriyik. Qələmlər hazır qitə yazmağa can atarkən biz ürkək ola bilmərik. Gerçək nədirsə ortaya qoymalıyıq. Cəmiyyəti maraqlandıran hər şeyi gün işığına çıxarmalıyıq. Bəzən üstüörtülü yazarkən, bəzən daha diqqətə çarpacaq formada sərgiləməliyik hünərlərimizi. Bəzi qələm sahiblərinin başıboş şəkildə qorxusu olmadan dilə gətirdiklərini görüb biz daha cəsarətli bir şəkildə qələmimizə əmr verməliyik.

   Yazdıqlarımız bəzi insanların xoşuna gəldiyi halda şübhəsiz ki, bəzilərin xoşuna gəlməyəcək. Lakin biz yenə də doğrunu yazmaqdan boyun qaçırmamalıyıq. Başqasının səhv bildiyini qələmimiz sayəsində təbii ki qarşımızdakını incitmədən izah etməyi bacara bilməliyik.

   Doğru bildiyimizin ardınca düşməliyik, amma bizim doğru bildiyimiz həqiqət deyilsə başqa qələmlərin sayəsində öyrənməkdən də geri durmamalıyıq. Digər qələmləri yox saymamalıyıq.

   Ətrafımızda bir çox qələm tutan əl var. Doğru, ya da səhv hər kəs nə isə yazmaq həvəsindədir. Bizim fərqimiz isə bəsmələ çəkərək doğruları yazmağa cəhd etməmizdir. Qələmi doğru şəkildə, əsl vəzifəsi istiqamətində istifadə edərək yazmalıyıq.

   Bundan sonra bizim borcumuz qorxmadan vəzifəsini yerinə yetirmək üçün can atan qələmimizə əmr verməkdir. Hər zaman doğrunu demək, doğrunu yazmaq təmənnasıyla..

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz