Markamızın dəyəri
Geyindiyimiz paltarlardan, işlətdiyimiz telefonlara, istifadə etdiyimiz qol saatlarından idarə etdiyimiz maşınlara qədər hər şeyin markasına xüsusi diqqət yetiririk. Xarici və bahalı markalar demək olar ki, həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Ona görə yox ki, hamımızın imkanı buna çatır.
Ona görə ki, ilk növbədə istifadə etdiyimiz əşyaların keyfiyyəti haqqında onun markası xəbər verir. Tanınmış və etibarlı bir marka olduğu zaman onu heç tərəddüd etmədən baha qiymətə olsa belə alıb istifadə edirik. Bir dəfə istifadə edib xoşlamadığımız bir maldan isə bir daha alıb istifadə etmirik. Hətta ətrafımızdakı insanları da o firmanın mallarını almammağa çağırırıq. Aldığımız şeyin gözəlliyi bir o qədər yaxşı olmasa da onu istehsal edən firmanın adı ona xüsusi dəyər və gözəllik qazandırır. Hətta bahalı markalardan istifadə etdiyimiz zaman ətrafımızdakı insanları da qısqandırmaqdan çəkinmirik. İnsanlara kimliyimizi, zövqümüzü və həyat şəraitimizi istifadə etdiyimiz və bahalı firmalardan aldığımız əşyalarla çatdırmağa çalışırıq. Nə qədər özümüzü sadə göstərməyə çalışsaq da imanımızdakı zəiflik və boşluqlar bunu etməyimizə mane olmur.
Bahalı maşınlardan istifadə edən insanlara həsrətlə baxıb, məclislərdə əyin-başı yerində olan insanların yanında oturmağa səy göstəririk. Şəhərdə gəzərkən belə yanımızda özümüzə uyğun birinin olmasına xüsusi diqqət yetirməyə çalışırıq. Eyni zamanda ünsiyyətdə olduğumuz dostlarımızın və ailə quracağımız insanların belə əsl-nəcabətinə fikir veririk. Onların hansı ailədə böyüdüyünə və hansı nəslin davamçısı olduğuna baxırıq. Onlardan bizə toxunacaq xeyir və zərərləri dəqiqliklə ölçüb-biçirik. Bu bizim o insanlara qarşı etibar etməyimizə vasitəçilik edəcək səbəblərimizdir. Bəs bizi necə tanıyır insanlar? Bizə necə dəyər verib, necə etibar edirlər?
Bunu hər birimiz çox yaxşı bilirik ki, özümüzü tanıtmağa heç bir ehtiyac yoxdur. Bizi tanıdacaq reklamlarla çoxdan tanışdır insanlar. Bizi, bizə vurulan markadan tanıyır hər kəs. Hissələrimiz fərqli yerlərdə toplansa da eyni firmanın məhsuluyuq. Bu markanın adı altında çox işlər görmüşük. Doğrularımız da olub, səhvlərimiz də. Hamını özümüzə inandırıb sevgilərini qazanmışıq ən azından. Müsəlmanam dediyimiz zaman ətrafımızdakıların zehnində bizim haqqımızda kifayət qədər müsbət məlumat formalaşıb. Hz. Peyğəmbərin yolunu getdiyimiz üçün bizdən əmin olub, ən dəyərli şeylərini bizə əmanət ediblər. Dediyimiz sözə inanıb, etdiyimiz əməllərə bel bağlayıblar. Varımıza, dövlətimizə deyil, yolçusu olduğumuz yola hörmət ediblər. Adımıza-sanımıza deyil, mənəvi dünyamıza baş əyiblər. Uzun sözün qısası İslam markası altında sevib dəyər veriblər bizə. Bizi biz olduğumuz üçün yox, İslamı təmsil etdiyimiz üçün sevib insanlar. Biz də bütün bunlardan istifadə edib həyatımızı, həyat şəraitimizi yaxşılaşdırmışıq. Cəmiyyət arasında söz sahibinə çevrilmişik. Bir sözümüzlə çox müşküllərin həllinə nail olmuşuq. Ancaq burada əsas məsələ bizim markamıza etibar edib bizə güvənən insanlara qarşı bu etibarı doğrultmağımızdır. Etdiyimiz sadə bir səhv bütün fikirləri alt-üst etməyə qadirdir. Markamız etibralı olduğu halda bizim nöqsanlı olmağımız həm özümüzə, ən əsası da markamıza xələl gətirir. Bizim markamızın prinsiplərinə uyğun olmayan davranışlarımız insanların zehnində bizdən çox markamızın naqisliyi fikrini formalaşdırır. Məhsulu olduğumuz firmanın etibarının itməməsi üçün bəlkə həyat tərzimizi yenidən gözdən keçirməliyik. Bütün davranışlarımıza diqqət edib, atdığımız hər addıma fikir verməliyik. Mən əminəm ki, sizlərə də ətrafınızdakı insanlar tərəfindən iradlar tutulub. “Sən necə müsəlmansan? Sənin dinin buna icazə verirmi? Bu iş müsəlmana yaraşırmı?” kimi suallar da ünvanlanıb sizlərə. Bəlkə də saysız insanlar bizə və bizim həyat tərzimizə baxıb İslam dinini qəbul etdiyi kimi eyni zamanda bizə baxıb İslamdan da uzaqlaşıb. Bir şeyi unutmamaq lazımdır ki, bütün bunların hesabını bizdən soruşacaqlar. Müsəlman adı altında min-bir oyundan çıxmaq sadəcə şəxsiyyətimizi deyil, eyni zamanda sonuncu və mükəmməl din olan İslamı da alçaldır insanların gözündə. Sadəcə bizim adımıza deyil, bütün müsəlmanların adına xələl gətirir düşünmədən etdiyimiz əməllərimiz. Heç bir maddi dəyərlə ölçülməyən markamızı dəyərsiz əməllərimizlə gözdən salmayaq. Bizə bu markanı sevdirən insanlar kimi biz də başqalarına sevdirməyə çalışaq.
Bir şeyi də unutmayaq ki, markamızın dəyəri, müsəlmandır deyildiyi zaman hər kəsin bizə güvənməsi, etibar etməsi və bizdən əmin olmasıdır.
ŞƏRHLƏR