Hikmət Lövhələri
Əjdaha
Bir gün ilantutan dağlara ova çıxmışdı. Şikarını yenicə axtarmağa başlamışdı ki, bərk qar yağdı. Kor-peşman qayıdanda yamacda bir əjdaha ölüsü gördü. Bundan sevincək oldu, çünki indi quşbeyin adamları əvvəlkindən də artıq heyrətləndirəcəkdi. Əjdahanı qarın içiylə sürüyə-sürüyə Bağdada gətirdi. Heyvanın cəmdəyi lap saray sütununa oxşayırdı...
Ancaq əjdaha sağ idi, sadəcə soyuqdan donmuş, bədəni keyimişdi. İlantutan Bağdada çatan kimi hər yana səs yayıldı, camaat möcüzəyə baxmaq üçün meydana axışdı. Hamı ilantutanın igidliyinə heyran qaldı. İlantutanın bazarı yaxşı gətirmişdi, şəhərdə ağıllı-dəli hamını başına yığmışdı. Günəş isə yavaş-yavaş qızırdı. Buludlar dağılır, əjdahanın donu açılırdı. Sonra əjdaha yavaş-yavaş tərpənməyə başladı. Meydanda bir məhşər qopdu ki, gəl görəsən... Camaat hay-küylə, vay-şivənlə meydandan qaçmağa üz qoydu. Qaça bilməyən ayaq altında qaldı. İlantutan qəfil canavara ürcah gələn quzu kimi quruyub qalmışdı...
Əjdaha əvvəlcə ilantutanı uddu. Sonra da qabağına çıxanları bir-bir içəri ötürdü...
Buz bağlamış ehtirasını isitməyə can atma. Nə qədər ki ehtirasın əjdaha kimi oyanmayıb, ömrün peşmançılıq yükü altında ağrımayacaq.
Güclü olmaq qorxusu
Bir quldur camaata göz verib işıq vermirdi. Günün günorta çağı zirehli libasını geyinib camaatın gözü qarşısında at oynadırdı. Günlərin birində bir oxatan qəfil onunla rastlaşdı. Nişançı qorxusundan cəld oxu yaya qoyub hazır vəziyyətdə dayandı. Atlı quldur yalvarmağa başladı:
- Amanın günüdü, nişançı, vurma məni! Gövdəmin iriliyinə baxma. Gücsüzəm, gücsüzlüyümə bağışla! Bir quş məndən ürəklidi, inan!
- Neynək, - atıcı dedi, - Allahına şükür elə ki, səni qorxudan atmadım. Əgər belə zəifsənsə, nahaq pəhləvan donuna girmisən. Belə cildə girməklə sən hər kəsdən əvvəl özün üçün qorxu yaratmısan.
Göz yaşı
Şagird müəllimin ağladığını görəndə özü də oturub ağlamağa başladı. Səs-səsə verib ağlaşırdılar, ancaq şagird bilmirdi ki, müəllimi ağladan nədi...
Müəllim ürəyini boşaldıb kiridi. Şagird də susdu. Bu zaman müəllim ona belə dedi:
- Nə qədər ürəkdən ağlasan da, səmimi deyilsən. Çünki səni ağladan səbəb yoxdu, səninki ancaq yamsılamaqdı. Sənin göz yaşların mənim göz yaşlarıma qarışa bilməz, çünki onları sən özün qondarmısan. Ürəyində doğulmayan göz yaşlarıyla öz günahlarını suvarma!..
ŞƏRHLƏR