Əmanət və Qiyamət
Quranı və ya Hz. Peyğəmbərin hədislərini oxumaq, əzbərləmək çox gözəl və lazımlıdır. Lakin onları oxuyarkən anlamaq, düşünmək və ən azından onları başa düşməyə çalışmaq daha da lazımlıdır.
Misirli alim Məhəmməd Qəzali “Qurana Münasibətimiz Necə Olmalıdır?” adlı kitabında belə deyir: “… Adi insanın eşitdiyi və söylədiyi “oxudum” sözü o deməkdir ki, həmin insan ona gələn məktubu və ya əlinə düşən kitabı oxuyub başa düşüb. Bu mənada “oxudum” “başa düşdüm” deməkdir… Məna baxımından fəhm və oxu, dinləmə və qavrama arasında dərin fərq yoxdur. Müsəlmanlar, heç bilmirəm, hansı səbəbdən oxumaq və düşünmək arasında fərq qoyublar. Günümüzün müsəlmanları Quranı, bir deyim var, təbərrük üçün oxuyurlar. Nə mənasını anlayır, nə də məğzini qavrayırlar”.
Qurandan və ya hədislərdən bəhs edərkən daha çox zina, içki, qumar və s. kimi eyni məsələlər üzərində durulur. Quranda elə ayələr vardır ki, onlar barədə bir az dərindən düşündükdə insan, Quranın bizə sadəcə yuxarıdakı məsələlərlə əlaqədar deyil, eyni zamanda başqa bir çox məsələlərlə bağlı mesajları olduğunu görər. Əlbəttə yuxarda qeyd etdiyimz zina, içki, qumar və s. kimi maddi məsələlərdə Quranın baxışını əsas almaq son dərəcə əhəmiyyət kəsb edir. Lakin, Quranın bunlar qədər, hətta bunlardan daha çox vurğuladığı yalan danışmama, hər şeyə məsuliyyətlə yanaşma (təqva), dürsüt olma, səmimiyyət (ixlas), saleh əməl, əhdə vəfa, təkəbbürdən uzaq durma, başqalarının fikirlərinə hörmətlə yanaşma (şura), aldatmama, cəhalət, sosial ədalət, elmə və alimə hörmət və s. kimi məsələlərə heç əhəmiyyət vermirik. Halbuki möminin “onurğa sütununu” bunlar təşkil edir.
Belə ayələrdən biri də, çox vaxt oxuyub savab almağa çalışdığımız, lakin verdiyi mesajı diqqətə almadığımız və həyatımızda tətbiq etmədiyimiz bir ayə olan Nisa surəsinin 58-ci ayəsidir. Bu ayədə Allah təala belə buyurur:
“Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr edir. Həqiqətən, Allahın bununla (belə bir tapşırıqla) sizə verdiyi öyüd necə də gözəldir! Əlbəttə, Allah (hər şeyi) eşidəndir, görəndir!” (ən-Nisa 58)
Bu ayəni Hz. Peyğəmbərin hədisindən daha yaxşı izah edən başqa bir izah tərzi tapmaq çətindir. Bu hədis belədir: “Əbu Hüreyrədən (r.ə.) nəql olunan bir rəvayətdə Hz. Peyğəmbər belə buyurur: “Əmanət layiq olmayana verildiyi vaxt qiyaməti gözlə” (Buxari, Elm 2).
Bu hədisin səbəbi-vürudu belədir: “Bir dəfə Rəsulullah (s.ə.s.) ətrafındakı səhabələrlə danışarkən, bir bədəvi gəlir və: Qiyamət nə vaxt qopacaq? –deyə soruşur. Rəsulullah (s.ə.s.) sözünü kəsmədən danışmağa davam edir. Orada olanaların bəziləri “bədəvinin (dediklərini) eşitdi, ancaq (onun) sualı xoşuna gəlmədi”, bəziləri də “deyəsən eşitmədi” deyə düşünməyə başlayırlar. Rəsulullah (s.ə.s.) sözlərini qurtardıqdan sonra: “Qıyamət (barədə) sual verən hanı?" -deyə soruşur. Bədəvi: Mənəm, burdayam ey Rəsulullah! - deyir. Hz. Peyğəmbər: “Əmanət məhv edildikdə qiyaməti gözlə!”-buyurur. Bədəvi: “Əmanət necə məhv edilir?-deyə sual verdikdə isə, Rəsulullah (s.ə.s.) belə cavab verir: İş layiq olmayana verildiyi vaxt qiyaməti gözlə”. (Buxari, Elm 2)
Müfəssirlərdən biri bu ayə barədə belə deyir: “Əmanət bir işin və ya bir şeyin məsuliyyətinin müvəqqəti olaraq bir adama verilməsi deməkdir”.
Bir adama əmanətin verilməsi üçün 4 şərt vardır:
- Allah qarşısında məsuliyyətli olmaq.
- Qabiliyyətli olmaq.
- Qanunilik.
- İnsanlara faydası toxunmaq.
Əmanəti əhlinə verməməyin isə üç qat zülm olduğu bildirirlir:
- Əmanətin özünə.
- Əmanətin verildiyi əmanətə layiq olmayan adama.
- Əmanətin verilməsi lazım olduğu halda verilməyən şəxsə.
Əmanətin Allah-insan münasibətləri və insan-insan münasibətləri ilə əlaqəli yönləri vardır. İnsan etdiyi hər bir günahı Allahın ona əmanət etdiyi imkan, orqanlar və gücü ilə işləyər. Buna görə də hər bir günah ilahi əmanətə xəyanət mənasına gəlir.
Yuxarıda yazılanlardan belə nəticə çıxara bilərik ki, hansı şəkildə olursa olsun, əmanətə layiq olmaq üçün, məsuliyyətli, qabiliyyətli olmalı və başqalarına faydamız toxunmalıdır. Əks təqdirdə əmanətə xəyanət etmiş olarıq ki, bu da Quran tərəfindən günah sayılmışdır.
ŞƏRHLƏR