Dahi İslam Mütəfəkkiri İbn Xəldun
İslam düşüncə tarixində təhsil və pedaqoqika deyildikdə ağla gələn ilk adlardan biri də şübhəsiz ki, İbn Xaldundur. Əsl adı Məhəmməd b. Əbdürrəhman olan İbn Xaldun 1332-ci ildə Tunisdə doğulmuşdur.
Dövründəki bütün elm tələbələri kimi əsas islami elmləri öyrənməklə yanaşı İslam filosoflarının əsərlərini də oxumuşdur. Daha da irəli gedərək Yunan və Roma filosofları haqda araşdırmalar aparmışdır. Özünü əslən tarixçi kimi görməsinə baxmayaraq Tunisdə bir müddət siyasi həyata atılmış, dövlətin müxtəlif rəsmi sahələrində çalışmışdır. Lakin İbn Xaldun siyasi arenadakı bütün çalışmalarını əslində özünün tarixi araşdırmaları üçün bir vasitə olaraq görmüşdür.
İbn Xaldun sonralar bir çox ölkələrə səyahət etmə fürsəti tapmış və gəzdiyi yerlərdəki kral və əmirlərlə tanış olmuşdur. Lakin bu ziyarətləri əsnasında davamlı olaraq xalqın arasında olmağa səy göstərmiş və bir sosioloq kimi onları araşdırmağa başlamışdır. Ölkələrin idarə olunması, xalqın adət-ənənələri ilə yaxından tanış olmuşdur. Qəbilə təəssübkeşliyinin dövlətlərin qurulmasına olan təsirlərini də tədqiq edən İbn Xaldun daha çətin işə girişərək gəzdiyi məmləkətlərdəki iqlim şərtlərinin orada yaşayan insanlar üzərindəki təsirlərini araşdıraraq nəticələr çıxarıb bəzi qənaətlərini ortaya qoymuşdur.
20 illik çalışmasının sonunda yenidən Tunisə qayıdaraq qeyd və müşahidələrini kitab halına gətirmək üçün işə başlamış və “Kitabul İbər”i (ibrətlər kitabı) qələmə almışdır. Lakin kitaba giriş yazmağın lüzumunu düşünərək “Giriş” mənasına gələn “Müqəddimə”sini qələmə almışdır. Tarixin qəribəliklərindəndir ki, İbn Xaldunun daha sonra kitabına giriş olsun deyə yazdığı “Müqəddimə”si əsas kitabı olan “Kitabul İbər”dən daha məşhur olmuş və hər dövrdə tərcümə edilərək kütlələr tərəfindən oxunmuşdur. Xüsusilə 19-cu əsrdə müxtəlif Avropa dillərinə tərcümə edilərək demək olar ki, təhsil sahəsində üsul kitabı kimi pedaqoji sahədə istifadə edilmişdir.
İbn Xalduna görə təlim və təhsil insanın həyatındakı təbii bir prosesdir. İnsanı heyvandan fərqləndirən cəhətsə onun fikir sahibi olmasıdır. Hiss və hərəkət, yemək və içmək kimi mövzularda insanlarla heyvanlar müəyyən ölçülərdə bir-birinə bənzəməkdədirlər. Halbuki insanı fərqləndirən cəhət öz məişətini təmin etmək, digər insanlara kömək etmək, Allahın peyğəmbərləriylə göndərdiyi vəhyi idrak edib ictimai həyatında, həmçinin axirəti üçün özünü islah baxımından davamlı olaraq mülahizə yürütməsidir. Yəni düşünüb anlamasıdır.
Təhsil müəyyən və mütəşəkkil bir prosesdən sonra insandakı hərəkətlərin dəyişməsi, peşə və intellektual baxımdan davranışların fərqliləşməsidir. Bu gün belə istifadə etdiyimiz bu tərifi müasir mənada ilk dəfə ortaya qoyan İbn Xaldundur. Bu məzmunda şəhərdə yaşayanların kəndlərdə və ya köçəri olaraq yaşayanlara görə problemlərini daha rahat həll etmələri daha təhsilli olmalarından qaynaqlanmaqdadır. Oun fikrinə görə təhsil işi, yəni elmləri öyrətmək bir sənaye və sektordur. Sənayenin çox olduğu diyarların daha da abadlaşacağı şübhəsizdir. Bir diyarın abad olması özü ilə birlikdə rifah və zənginliyi gətirir. Bir yerdə rifah və zənginliyin çox olması da oranın keyfiyyətinin daha yüksək olduğu mənasına gəlir. Keyfiyyətin yüksək olması bu sənayenin çoxalması və elmlərin kamal nöqtəsinə çatmasından keçir. Bu səbəbdən də harada mədəniyyət yüksəlsə, orada elm və irfan da yüksələr. İbn Xaldun elm və mədəniyyət tarazlığını məhz belə izah edirdi.
İbn Xaldunun ibtidai təhsillə bağlı fikirləri müasir təhsil strategiyalarına da liderlik etməkdədir. Əzbərçiliyin təhsildə çox faydalı olmadığı, təhsildə müəyyən bir ardıcıllığın izlənilməsi lazım olduğu, iki məlumatın uşağa eyni anda verilməməsinin gərəyi və uşağa qarşı sərt davranmamaq kimi xüsuslar ilk dəfə İbn Xaldun tərəfindən mütəşəkkil şəkildə izah edilmişdir. Hətta təhsildə səyahət və müşahidələrin daha faydalı olacağını, eyni zamanda konkretdən mücərrədə, asandan kompleksə kimi metodlardan ilk dəfə bəhs edən də odur. “Hər kəs qabiliyyəti nəyədirsə, onu asan öyrənər” deyərək təhsildə qabiliyyət və istedada diqqət çəkmişdir.
Təhsildə diqqətləri çəkən digər bəzi xüsusları da zikr etmişdir. Onun fikrinə görə tələbəyə duyğularına xitab edən nümunələr verilməlidir. Müəllim tələbəsiylə ən yüksək səviyyədə ünsiyyət qurmalıdır. Bir mövzu yaxşı öyrədilmədən digər mövzuya keçilməməlidir. Uşağa davamlı öyüd vermək yerinə, ona yaxşı nümunələr göstərilməlidir. Ata-ana və müəllimlər uşaqlara qadağan etdikləri şeyləri əvvəlcə özləri etməməlidirlər.
Hərtərəfli bir fikir adamı olan İbn Xaldunun xüsusilə uşağın şəxsiyyətinə müdaxilədən çox təhsil və adətlərin, ətraf mühitin istiqamət verəcəyini ifadə etməsi diqqətçəkicidir. O, bütün bu fikirlərini Müqəddimə adlı əsərində izah etmişdir. Həmçinin bu əsərdə İbn Xaldun dövlətlər və rəhbərlik formaları, ən ideal rəhbərlik şəkli, liderlər və zaman içərisindəki hərəkətləri, dövlətlərin və millətlərin tənəzzül səbəbləri üzərində dayanır. Bu böyük mütəfəkkirimiz 1406-cı ildə Misirin paytaxtı Qahirədə vəfat etmişdir.
ŞƏRHLƏR