Namazı Vüslətə Çevirmək
Böyük vüslət hazırlığına əllərimi yuyaraq başlayıram. Əllərimi suyun altına tutduğum zaman damarlarıma işləyən bir həyəcan bürüyür hər tərəfimi. Suyun bərraqlığı qəlbimə fərəh hissi verir.
Tökülən hər damladan xoş bir səs gəlir. Büllur kimi şəffaf damlalar gözlərimi qamaşdırır. Hər bir damla vüslət həsrətinin mərkəzində, zikrin dərinliyində, təslimiyyət məqamındadır.
Vüslət üçün dəstəmazı bu duyğularla almaq şərtdir. Bəli, əvvəlcə əllər təmizlənməlidir bütün kirlərdən. Sanki günahlar tökülür. Bağı açılır əllərimin. Sonra üzümdə su dənəcikləri bir-birinə qovuşur. Hər bir damla əllərimi doldurur və üzümü yuyur eşqlə. Ah! Suyun bəxş etdiyi fərəhlik hissi necə də xoşdur! Üzümə, gözlərimə toxunur. Dəstəmaz necə də mükəmməl paklanmadır. Rəbbimin hüzurunda təmiz və pak durmaq üçün nə mübarək bir əməldir.
Ağzıma, burnuma su verirəm sonra.
Ya Rəbbi, tövbələr olsun dilimlə işlədiyim günahlarım üçün.
Tövbələr olsun gözlərimlə, qulaqlarımla işlədiyim günahlarım üçün.
Tövbələr olsun qəlbimdəki qəflətimə və nemətlərinə layiqiylə şükür edə bilmədiyim üçün.
Qəlbimə tərifi imkansız bir həyəcan dolur. Bir azdan ilahi hüzurda dayanacağam. Bir azdan vüslətin eşiyinə başımı qoyacağam. “Mən gəldim, Ya Rəbbi! Mən gəldim, günahımla, acizliyimlə, biçarə qulun gəldi. Qapına gəldi. Sənə gəldi”, -deyəcəyəm.
Qollarımı yuyuram. Sanki bütün bədənim işlədiyim günahlardan təmizlənir. Növbə ayaqlarıma çatır. Hansı yolda günah işlədi bu ayaqlar? Hansı dalanlarda gəzib-dolaşdı? Nə vaxt istiqamətdən çıxdı? Və kimə yönəldi bu addımlar qəflət içində? Günah yüklü bu bədəni necə daşıya bilər bu ayaqlar? Ayaqlarıma dəyən sular bir nizam verir istiqamətimə, yol göstərir. Dümdüz olmağı təlqin edir.
Dəstəmaz sona çatır.
Həmd olsun, dəstəmaz aldırana.
Həmd olsun, dəstəmaz sununu verənə.
Həmd olsun, dəstəmaz alma idrakını verənə.
Həmd olsun, həmd nemətini bəxş edənə.
Özümə sığışa bilmirəm. Quş kimi xəfiflədim. Qəlbimə sevinc dolur. Ürəyim yerindən çıxacaqmış kimi pır-pır edir. Dəstəmazla sanki qanad taxıram özümə. Pərvazlara qonan quşlar kimi hu səsləri yüksəlir içimə qurduğum məscidlərdən.
Səccadəm… Kim bilər nə qədər qafil səcdələr etdim sənin üstündə. Neçə dəfə səni tərk edərcəsinə qıldım namazlarımı. Səmimi qəlblə üstündə namaz qıla bilmədiyim üçün dəfələrlə incidin məndən. İndi yenidən gəldim. Sənin üstündə yönəlirəm qibləyə. Bir an şairin misraları gəlir ağılıma;
Məni kimsəciklər öpməz madam,
Öp məni alnımdan, sən öp səccadəm!
Niyyət edirəm.
Niyyət etdim, ya Rəbbi sənin rizan üçün sübh namazının sünnəsini qılmağa. Döndüm qibləyə, qibləm Kəbəyə.
Kəbə, hardasan? Sənə döndüm. Sən Rəbbimin evisən. Nəzərgahısan. Sənə yönəldim, ya Rəbbi! Bədənimlə, qəlbimlə, ağlım və fikrimlə Sənə yönəldim.
Allahu Əkbər.
Əllərimi qaldırıb səsli təkbir alıram. Allahu Əkbər deyə nərə çəkmək istəyirəm. Səhərin tənhalığında, quşlar zikrə dalmışkən, kainatın bu qədər səssizliyində ərşin qatlarında əks-sədalanmasını istəyirəm səsimin: Allahu Əkbər.
Hər şey arxada qalsın. Hər şey.
Uşaqlarım, həyat yoldaşım, dostlarım, evim, işim.
Sabahkı günə aid qorxularım.
Ölkədəki siyasi və iqtisadi problemlər.
Benzinin qiymət artımı.
Hər gün bahalaşan həyat şərtləri.
Telefon, su və elektrik ödəmələri.
Allahu əkbər. Hamısını tərk edirəm.
Hamısı artıq arxada qaldı, ya Rəbbim! Hüzuruna gəldim.
Sübhanəkə Allahummə deyirəm. Və həmd edirəm. Fatihəni oxuyuram sonra. Fatihə nə qədər gözəl bir surədir. Açdıqca açır qəlbimin pərdələrini. Aləmlərin Rəbbinə həmd edirəm. Həmd etmək nə qədər gözəl bir duyğudur. Həmd etdikcə qəlbim əriyir.
“ər-Rəhman”, -deyirəm, “ər-Rahim”, -deyirəm sonra.
“Səndən kömək diləyirəm və Sənə qulluq edirəm, ya Rəbbi”, -deyirəm.
Yüksək bir dağın təpəsindən sonsuz dərinliyə baxıram sanki. Rəhməti və mərhəməti sonsuz olan Rəbbimin qapısında vüslətin ən alisini yaşayıram.
Sonra rüku. Hər şey rükudadır mənimlə. Ağaclar, dağlar, daşlar…
Səmiallahu limən hamidəh; Özünə Həmd edənləri eşidən Allahım! Budur, boynumu qaldırdım rükudan. Məni səcdə şərəfiylə şərəfləndir. Səcdəyə qapanıram.
Ah səcdə! Nə böyük nemətsən. Əyilməyən başımı əydirdin. Rəbbimin ucalığını səcdələrdə tapmaq nə gözəl bir duyğu. Rəsulullah “Səcdə möminin meracıdır”, -deyir. Meracda vüslətin ən alisi yaşanmışdı. Mömin də öz meracını göz yaşıyla islatdığı səccadəsində, səcdələrlə yaşamalıdır.
Ya Rəbbi, bizə əsl mirac ola biləcək səcdələr, namazlar qismət et. Sənə həmd edən dil, səni düşünən ağıl, səni zikr edən ürək lütf eylə!
ŞƏRHLƏR