İman Həssasiyyəti
Möminlərin İslamı idrak edib həyatlarına tətbiq etmək xüsusunda həssaslıqları eynilə imanları kimi dərəcə-dərəcədir. Avamdan xavassa doğru fərqlilik ərz edər. Kimisi zərgər tərəzisi qədər həssas, kimisi də odunçu qapanı qədər hissis və qabadır.
Zərgər tərəzisi qiymətinə görə milliqramı da diqqətə alır, bir az güclü üfürmək belə ona təsir edər. Ona görə də zərgərlər ölçdüklərini külək tutmayan, qapalı yerlərdə ölçərlər. odunçu qapanında isə milliqram bir tərəfə bir neçə kiloqramlıq artıq-əskik belə heç bir dəyər ifadə etməz. Çünki odunun qiyməti qızılla müqayisə edilməyəcək nisbətdədir.
İlahi əmr və qadağalara riayət məsələsindəki həssaslıq da bəndənin Allah və Rəsuluna yaxınlığı nisbətində artar, uzaqlığı nisbətində azalar. Bu səbəblə kimisi həyatında dinin mənafeyini aşağı tutaraq fətva və rüxsətlərlə əməl etdiyi halda kimisi də təqva və əzimətlərlə əməl edərək kamil bir itaət səyi içində həyatını Quran və Sünnəyə ram edər. Təbii ki, insanın Allah qatındakı mərtəbəsi də bu təqva dərəcəsinə görə müəyyənləşər.
Fətva, yoxsa Təqva?
Bir dəfə paltarındakı həddən artıq kiçik kiri təmizləməyə çalışan İmamı Əzəm Əbu Hənifə həzrətlərini görənlər ondan soruşurlar:
“- Ya İmam! Verdiyiniz fətvaya görə bu kiçik ləkə namaza mane deyil; bəs nə üçün bu qədər zəhmət çəkib onu təmizləməyə çalışırsınız?”
İmam Əzəm həzrətləri buyurur:
“- O fətvadır, bu isə təqva!..”
Yəni Allah-Təalanın sevimli qulları öz qulluq həyatlarını həssas və dəqiq ölçülərlə yaşayarlar. Haqqa yaxınlıq qazana bilməmiş qafillər isə ilahi həqiqətlər qarşısında öz hallarını həmişə qaba ölçülərlə qiymətləndirər, vəziyyətlərini cəmiyyətin dayaz səviyyəsiylə müqayisə edərək kiçik əməllərini böyük görər, əbədi qurtuluşları barəsində bununla təsəlli taparlar. Allahın daima əfv və mərhəmətini ifadə edən “Rəhman, Rəhim, Səttar, Ğaffar” kimi sifətlərini düşünər, Onun eyni zamanda cəlal və qəzəbini də ifadə edən “Muntəqim, Qahhar” kimi sifətlərini gözardı edərlər. Məhz bu da son dərəcə həssas gerçəkləri heç də həssas olmayan odunçu tərəzisindı çəkmək qəflətindən fərqsizdir. Ona görə də saleh möminlər öz hallarını hər xüsusda və daima ilahi ölçülərlə ölçüb-biçərlər. Onların meyarı cəmiyyət deyil, Peyğəmbər r, əshabi-kiram və Allah dostlarıdır. Allahın bu sevimli bəndələri kimi onlar da ibadət, müaməlat və əxlaq xüsusunda böyük səy və fədakarlıqlar göstərmələrinə baxmayaraq, bu səylərini bir “heç” kimi görər, son nəfəs əndişəsiylə qəlbləri titrəyər, daim ilahi rəhmət və məğfirəti ümid edərlər. Yəni kamil möminlər öz hallarını bir növ zərgər tərəzisi həssaslığıyla ölçərlər. Çünki zərgər tərəzisində milliqramların belə dəyəri çox böyükdür.
Zərrələrin Böyük Hesabı
Ayeyi-kərimədə buyurulur:
“Kim zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir. Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir.” (əz-Zilzal, 7-8)
Deməli, ilahi tərəzidə zərrələr də ölçüləcək. Zərrə isə zərgərin həssas tərəzisiylə ölçülər, odunçu tərəzisiylə deyil.
Bəzən tərəzinin bir tərəfini digər tərəfindən ağır edən kiçik bir zərrə olur. Buna görə heç bir savab da, heç bir günah da kiçik və ya əhəmiyyətsiz görülməməlidir. Necə ki, Allahın rəhməti də, qəzəbi də bəzən böyük, bəzən orta, bəzən də kiçik kimi görünən bir əməldə təcəlli edər. Tabiundan Bilal bin Sadın bu xəbərdarlığı necə də mənalıdır:
“Günahın kiçikliyinə baxma! Kimə üsyan etdiyinə, kimə qarşı günah işlədiyinə bax!”
Qəlbi Allah qorxusu və məhəbbətiylə diri olan bir möminin nəzərində ən kiçik günahlar belə, alovlanıb yanan bir köz parçasından fərqsizdir. Bu səbəblə saleh bəndələr günaha dalmaq bir tərəfə, günah işlənən yerlərdən keçməyi belə istəməzlər. Çünki o məkanların ağırlığı onlara daxili sıxıntı verər. Bunun əksinə, Haqdan uzaq, qafil bir insan isə ən ağır cinayətləri işləsə belə, qəlbində ən yüngül bir çətinlik hiss etməzlər. Hətta günahlar ona şirin musiqi kimi xoş gələr. Çünki onun könül dünyası bütün həssaslığını itirmiş, günahların iztirabıyla fəryad etməli olan hissiyyatı parça-parça olmuşdur.
Abdullah bin Məsud t təqva sahibi olan bir möminlə qafil kimsənin günahlara baxışlarındakı həssaslıq fərqini belə dilə gətirmişdir:
“Mömin öz günahını altında oturduğu və sanki hər an üzərinə düşmə təhlükəsi olan bir dağ kimi görər. Bu böyük dağın üstünə düşməsindən qorxar. Facir isə günahını burnunun üstündən keçən bir ağcaqanad kimi görər.” (Buxari, Dəavat, 4; Müslim, Tövbə, 3)
Kamil möminlərin günahlardan çəkinmək xüsusundakı həssaslığı savab qazanmaq cəhdində də özünü göstərər. Çünki onlar qiyamət günü insanın ən kiçik bir xeyrə belə möhtac olacağı şüuruyla səylərini hər an daha da artırmağa çalışarlar. Ən kiçik əməllərin belə qiyamətdə nə qədər böyük bir qiymət qazanacağını Rəsuli-Əkrəm r belə xəbər vermişdir:
“Qiyamət günü insanlar səf-səf düzülərlər. Bu zaman cəhənnəm əhlindən bir nəfər cənnət əhlindən birinə rast gələr və:
“- Ey filankəs! Xatırladınmı, sən su istəmişdin, mən sənə bir içimlik su vermişdim?” -deyər. Mömin də o ona şəfaət edər.
(Cəhənnəmlik olan başqa bir) adam cənnətlik olan birinin yanına çatar və ona:
“- Xatırlayırsanmı, sənə bir gün dəstəmaz suyu vermişdim?” -deyə (şəfaət istəyər. O da xatırlayar) və ona şəfaət edər.
Yenə cəhənnəmlik olanlardan biri cənnətlik birinə:
“- Ey filankəs! Məni filan bir işə göndərdiyin günü xatırlayırsanmı? Mən də o gün sənin üçün getmişdim.” -deyər. Cənnətlik olan adam da ona şəfaət edər.” (İbn Macə, Ədəb, 8)
Təbii ki, möminlərin bu şəfaəti Haqq-Təalanın iradə və icazəsinə bağlıdır. O istəyərsə bağışlayar, istəməzsə bağışlamaz.
Bu səbəbdən axirət həyatında hansı əməlin qurtuluş vəsiləsi olacağı bilinmir. Bu səbəblə böyük-kiçik demədən bütün saleh əməllərə can atmalı, zamanı ən məhsuldar şəkildə qiymətləndirməli və dünyada ikən Allah üçün yorulmağı ən böyük zövq, ləzzət və nemət bilməliyik.
Haqqa Yaxınlıq İqliminin İncə Ədəbləri
Allah-Təalanın sevib razı olduğu bəndələr
- Ən kiçik bir savaba da, günaha da böyük diqqət göstərərək yaşayan müttəqilərdir.
- Allah və Rəsulunda fani ola bilmək cəhdi ilə öz həyatlarında Quran və Sünnə yolundan zərrə qədər əyilməmək üçün, böyük diqqət göstərən sadiqlərdir.
- “İnsan sevdiyi ilə bərabərdir.” (Buxari, Ədəb, 96) hədisi-şərifinin möhtəvasına girə bilmək üçün Allah Rəsulu r ilə hissi, fikri və feli bərabərlik içində olmağa həddən artıq səy göstərən salehlərdir.
- Eynilə qar üzərində gedən bir adamın izini təqib edirmiş kimi Allah Rəsuluna tamamilə itaət cəhdi ilə yaşayan möminlərdir.
Necə ki, təqva əhlindən olan hədis alimi və müctəhid İmam Nəvəvi həzrətləri Rəsulullah r-in qarpızı necə yediyinə hədislərdə rast gəlmədiyi üçün damağında bu meyvənin ləzzəti itmiş və ömrü boyunca qarpız yeməmişdir. Həyatının bütün mərhələlərini əhatə edən, Peyğəmbərə tam bağlılıq səyi ilə qarpız yeyərkən belə Onun tərzi xaricində hərəkət etmək ehtimalından uzaq durmağı üstün tutmuşdur.
Yenə Peyğəmbər aşiqlərindən Seyid Əhməd Yəsəvi həzrətləri 63 yaşında vəfat edən Rəsulullaha bəslədiyi məhəbbət və bağlılıq səbəbiylə ömrünün bu yaşından sonra yer üzündə gəzməklə vidalaşmış, vəfat edənə qədər on il yerin altında məzar kimi qazdırdığı xüsusi bir yerdə irşad həyatına davam etmişdir.
Haqq dostlarından İmam Rəbbani həzrətləri də belə buyurmuşdur:
“Bir dəfə qəflətə düşüb unudaraq dəstəmazxanaya girərkən əvvəlcə sağ ayağımı atdım. (Sünnəyə uyğun gəlməyən bu davranışım səbəbiylə) o gün bütün mənəvi hallardan məhrum qaldım.”
Yenə İmam Rəbbani həzrətləri bir gün tələbələrindən birinə:
“- Bizim kisədən bir miqdar qərənfil gətir!” buyurmuşdu. O da gedib altı dənə qərənfil gətirmişdi. İmam Rəbbani həzrətləri bunu görüb qəmli bir əda ilə belə buyurdu:
“- Bizim tələbələr hələ Peyğəmbərimizin hədisində bildirilən: “Allah təkdir, təki sevər!”[1] qaydasına diqqət etmirlər. halbuki buna diqqət etmək müstəhəbdir. İnsanlar müstəhəbi nə zənn edirlər?! Allahın xoşuna gələn belə bir əməlin qarşılığında bütün dünya və axirət verilsə, qiymətsiz qalar.”[2]
Görüldüyü kimi Allaha belə bir yaxınlıq iqlimində fərz, vacib və sünnələrdən savayı müstəhəblərin belə qiyməti bu qədər böyükdür. Haramlar və məkruhlar bir yana, şübhəlilərdən çəkinmək belə son dərəcə lazımlıdır. Çünki o məhəbbət və mərifət iqlimi ən xırda bir kiri qaldıra bilməyəcək saflıq və lətafətdədir. Ən kiçicik laqeydliyin böyük məhrumiyyətlə qarşılıq görəcəyi müstəsna bir aləmdir.
Bu səbəblə Allah dostları Haqqa yaxınlıq iqliminə girə bilmək üçün çox incə nəzakət ələklərindən və ağır iztirab halqalarından keçirilmişlər. Zirvələr qasırğasız olmadığı kimi, Haqqa yaxınlıq zirvələrinin də çox çətin imtahanları var. Bu səbəbdən mənəvi zirvələrdə ollanlar, aşağıda olanlar qədər rahat və sərbəst hərəkət edə bilməzlər. Onlar hal və rəftarlarına daha çox diqqət etmək məcburiyyətindədirlər. Çünki zirvədə atılacaq səhv bir addım həyati əhəmiyyət daşıyır. Sadə insanlar etdiyi təqdirdə üzrlü sayılacaq bir çox səhv o yüksək ruhlar üçün böyük bir məhrumiyyət səbəbidir. Ona görə də avam təbəqəsinin işlədiyi əməllər o xas qullara yaraşmaz, Haqqa dostluğun yüksək hüququyla üst-üstə düşməz. Ümumi xalq üçün caiz olan bir çox şey onlar üçün böyük bir istiğfar səbəbidir.
Bu hadisə sözügedən həqiqəti nə gözəl izah edir:
Osmanlının son dövr mütəsəvvüflərindən Şeyx Məhəmməd Nurul-Ərəbinin “bəşəri / cüzi iradə”ni inkar etdiyinə dair dedi-qodu yayılır. Bunu eşidən Sultan əbdülməcid Xan, Şeyx həzrətlərinin hüzuruna çağırılaraq bu haqda sorğu-sual olunmasını istəyir. Şeyx Əfəndi hüzura dəvət edilib məsələnin əsli haqda sorğu-suala tutulduqda bu cavabı verir:
“Əlbəttə ki, qulun cüzi iradəsi var. Lakin hər kəsdə və hər vaxt deyil. Məsələn, əlbəttə ki, mən cüzi iradə sahibiyəm. Lakin bura padşahın əmriylə gəldim. Buradan qalxıb getmək isə əlimdə deyil. “Gəl” deyilər gəlirik, “get” deyilər gedirik. Demək ki, burada iradəm -müəyyən bir xüsusda- yox hökmündədir. Eyni şəkildə padşahın hüzurunda olduğum üçün edə biləcəyim hərəkətlər də məhduddur. Haqq dostları da eynilə bu misalda olduğu kimi daima Rəblərinin hüzurunda olduqlarının idrakı içində yaşayarlar. Allah hər yerdə hazır və nazır olduğu halda bir çox kimsə özünü yalnız namazda ilahi hüzurda bilərlər. Halbuki müəyyən bir mənəvi mərtəbəyə yüksəlmiş olanlar hər an hüzuri-ilahidə olduqları idrakı ilə yaşayarlar. Belə kimsələrdə cüzi iradənin var sayılıb-sayılmayacağını özünüz deyin.”
Necə ki, ayeyi-kərimədə: “…Siz harada olsanız, O sizinlədir…” (əl-Hədid, 4) buyurulmuşdur.
Gördüyümüz kimi Haqqa yaxınlıq iqliminin ölçüləri də, imtahanları da, mükafatı da, cəzası da tamam fərqlidir.
Səbri-Cəmil İmtahanı
Həzrət Yaqub u Allaha ən yaxın qullardan olan peyğəmbərlərdən biridir. Bu əziz peyğəmbər öz xüsusiyyətlərini övladları içində ən çox Yusif u da gördüyü üçün könlü ona meyil etmiş, böyük bir məhəbbətlə ona bağlanmışdı. Lakin həddi aşan bu məhəbbət Haqqa yaxınlığa kölgə saldığı üçün uzun bir ayrılıq acısıyla qarşılıq gördü. Halbuki hər ata övladına məhəbbət duyar. Hətta bəzi ataların övladına olan məhəbbəti düşkünlük dərəcəsindədir. Lakin bunların bir çoxu Yaqub u ın məruz qaldığı övlad həsrəti imtahanına tabe tutulmaz. Çünki Həzrət Yaqub Allahın peyğəmbəri və dostudur. Bu dostluğun yüksək hüququna zidd olan, ümumi insanlıq üçünsə qanuni olan bir hal o əziz peyğəmbər üçün böyük bir ilahi imtahana çevrildi. Yakub u da ardarda gelən bütün müsibətlər qarşısında Allaha yaxınlığa yaraşan səbir, təslimiyyət və riza halıyla: “…Mənim edəcəyim şey yalnız səbri-cəmildir / gözəl bir səbirdir…”[3] -dedi.
Dostluq İmtahanı
Həzrət İbrahim u-ın qəlbində Allahdan başqa heç nəyə yer yox idi. Buna görə də Haqq-Təala onu özünə “Xəlil”, yəni “dost” seçmişdi. Bunun üzərinə mələklər:
“- Ey Rəbbimiz! İbrahim Sənə necə dost ola bilər? Nəfsi, malı və övladı var. Ürəyi bunlara meyillidir...” -dedilər.
Allah-Təala da İbrahim u-ı bu üç xüsusda ağır sınaqlara çəkdi. İbrahim u isə bu imtahanları ilahi lütflə qazanaraq Allahın Xəlili ünvanına layiq olduğunu sübut etdi. Tövhid mübarizəsi uğrunda gözünü qırpmadan zalım Nəmrudun atəşinə atıldı. Beləcə, lazım olduğu zaman heç çəkinmədən canını da Rəbbinə təslim edə biləcəyini göstərdi. Kasıblıqdan qorxmadan bütün malını infaq etdi. Bu surətlə dünya sərvətinin onu Allahın zikrindən uzaqlaşdıra bilməyəcəyini, öz nəzərində Allahın zikrinin bütün dünyadan daha qiymətli olduğunu ifadə etdi. Ciyərparası olan övladını Allah üçün qurban etməyə apararaq qəlbindəki Allah sevgisinin bütün fani sevgilərdən üstün olduğunu, könlündəki övlad məhəbbətinin Allah məhəbbətinə kölgə sala bilməyəcəyini sübut etdi. Yəni Haqqa dostluğun ən böyük nişanəsi olan etirazsız təslimiyyət, razılıq, fədakarlıq və məhəbbət imtahanlarının hamısından üzüağ çıxmağa müvəffəq oldu.
Lakin o böyük peyğəmbər bu yüksək fəzilətlərinə və saleh əməllərinə güvənməyib yenə də Rəbbinə layiqiylə qulluq edə bilməkdən aciz olduğunu etiraf edərək Allahın rəhmət və məğfirətinə sığındı. Böyük bir aqibət təlaşı içində belə dua etdi: “(İnsanların qəbirlərindən çıxardılıb) dirildəcəyi gün (qiyamət günü) məni zəlil (rüsvay) etmə!” (əş-Şuəra, 87)
Demək ki, qulun Haqq qatındakı dərəcəsi artdıqca imtahanlarının şiddəti də artırılır. Allah sevdiyi qullarını səbir, riza və təslimiyyətin ən çətin imtahanlarından keçirir. Ən böyük müsibət və bəlaların peyğəmbərlərə, sonra Allah dostlarına, sonra da dərəcələrinə görə saleh möminlərə gəlməsi də bu hikmətə görədir.
Necə ki, arif qullar Allahdan səhhət və afiyət diləməklə birlikdə dərəcələrinin artmasına vəsilə olacaq bəla və iztirablar azaldıqda və ya gəlməz olduqda hallarına görə narahatlıq keçirmiş, tövbə-istiğfarlarını artırmışlar.
Yəni qul, mənəviyyat səmasında yüksəldikcə qulluq ədəbinin keyfiyyəti də son dərəcə incəlik qazanmaqdadır. Bu, eynilə yüksək bir binanın birinci mərtəbəsində oturanla qırxıncı mərtəbəsində oturan kimsənin görüş üfüqündəki genişliyin fərqinə bənzəyir. Dünya özünə yaxınlaşan və içinə dalan adama çox böyük və ucsuz-bucaqsız göründüyü halda, ondan fiziki baxımdan və ya könüldən uzaqlaşan kimsənin gözündə kiçildikcə kiçilər. Yəni yaxınlıq və uzaqlıq, yüksəklik və alçaqlıq maddi aləmdə olduğu qədər, mənəvi aləmdə də eyni şeyin müxtəlif cür başa düşülməsinə, həqiqətlərin müxtəlif dərinliklərdə idrak edilməsinə vəsilə olar.
Otuz İl Tövbə Edilən Bir Həmd
Hədis alimi, eyni zamanda Haqq dostu olan Seriyy Şaqati həzrətləri tələbələrinə:
“Mö'minlərin dərdləriylə dərdlənməyən, bizdən deyildir.”[4] hədisi-şərifini oxudarkən bir tələbəsi gəldi və:
“- Ustadım! Bağdad bazarı yandı, yalnız sizin dükanınız salamat qaldı. Gözünüz aydın!” -dedi.
O da Allahın özünə olan bu lütfü qarşısında:
“- Əlhəmdulillah!” -dedi.
Ancaq dərhal ardınca tələbələrinə oxutduğu hədisi-şərifin sirrində dərinləşərək böyük bir peşmanlıq hissi ilə tövbə etdi. Çünki dükanı yanan mömin qardaşlarının müsibətinə bir anlıq qəflətlə biganə qalmış və onların dərdləriylə dərdlənmə xüsusundakı Nəbəvi əmri o an üçün yerinə yetirə bilməmişdi. Bu hərəkətinə o qədər kədərləndi və hüznə qərq oldu ki, hadisəni illər uzunu unuda bilmədi. Otuz il sonra qəlbindəki peşmanlığını bir dostuna belə ifadə etdi:
“- Bir an din qardaşlarımın iztirabından qafil qaldığım üçün otuz ildir o anın tövbəsini edirəm...”
Neçə-neçə insan din qardaşlığı hüququndakı laqeydliklərin, duyğusuzluqların, yediyi qul haqlarının tövbəsiylə məşğul olmaq bir tərəfə, bunların fərqinə belə vara bilməzkən, incə qəlbli bir Allah dostu bir anda başqalarını düşünə bilmədən söylədiyi “əlhəmdulillah” sözü üçün otuz il istiğfar edir. Deməli, könül üfüqündəki fərqlilik idrak və anlayışları da tamam fərqli hala gətirir.
Avamın və Xavassın Təhsil Anlayışı
Bir gün Mahmud Sami Ramazanoğlu həzrətlərini ziyarətə gələnlərdən biri həm möhtərəm ustadın əlini öpüb duasını almaq, həm də yanında gətirdiyi qardaş oğullarını tanış etmək istəyərək belə deyir:
“- Əfəndim! Bu gənclər Amerikada oxuyub mühəndis oldular. Dualarınızı rica edirik!” Əfəndi həzrətləri onlara təbəssüm edərək:
“- Fəqir də Darul-Fünun məzunuyam. Lakin əsl təhsil mərifətullah təhsilidir!” buyurur.[5]
Bununla da bütün elmlərin yalnız mərifətullahla qiymət qazanacağını, mərifətullahdan məhrum olan dünyəvi bir təhsilin insanın əbədi qurtuluşu xüsusunda heç bir işə yaramayacağını ifadə edir.
Sami Əfəndi Darul-Fünunun Hüquq Fakültəsinə girə bilməyin və oradan məzun olmağın çox çətin olduğu bir zamanda bu fakültədən yüksək dərəcəylə məzun olmuşdu. İstəsəydi hər kəsin arzuladığı hüquqla əlaqədar peşələrdən birini rahatlıqla icra edə bildiyi halda, hər hansı bir qul haqqına girməmək xüsusundakı yüksək həssaslığı səbəbiylə bu haqlarından imtina etmiş, dolanışığını təmin üçün də bir idarədə mühasib işləməyi üstün tutmuşdur.
Lakin bir məsələni də qeyd edək ki:
Sami Əfəndinin bu seçimi belə mühüm vəzifələri icra etməməyin lüzumu kimi başa düşülməməlidir. Bu misal həmin peşələrdə çalışanların, nə qədər diqqətli olmalarının lüzumunu ifadə edir.
Xülasə, Allah və Rəsulunda fani olan Haqq dostlarının hər halı məhəbbət, mərifət, ixlas və təqva ilə əhya olmuş bir qəlbin yüksək həssaslığını əks etdirməkdədir. İnsanı Allah qatında qiymətli edən də bu həssaslıqlarla yaşanan bir qulluq həyatıdır. Bunun üçün də Allah dostları bütün hallarıyla bizlərə daim təqva həssaslığını təlim və təlqin etmişlər. Çünki Haqq-Təala bizim də o gözəl bəndələr kimi olma yolunda səy göstərməyimizi istəyir. Qiyamətin o dəhşətli anında Allah dostlarına verdiyi “onlara qorxu yoxdur, hüznlənməyəcəklər də…”[6] müjdəsinə biz bəndələrinin də nail olmasını murad edir. Bunun da gözəl bir təqva həyatı yaşamağa bağlı olduğunu bildirir.
Allah-Təala hər birimizi peyğəmbərlərin, əshabi-kiramın və övliyaullahın izindən gedərək sirati-müstəqim üzrə yaşayan, qəlbləri təqva həssasiyyəti ilə zinətlənən saleh bəndələrindən etsin. Müsəlman kimi yaşayıb, müsəlman olaraq can verə bilməyi və saleh insanlarla həşr olunmağı Lütfi-kərəmi ilə ehsan eyləsin.
Amin…
[1] Buxari, Dəavat, 68.
[2] Əbul-Həsən ən-Nədvi, İmam Rəbbani, s. 180-181.
[3] Bax. Yusuf, 18.
[4] Bax. Hakim, IV, 352; Heysəmi, I, 87.
[5] Bax. Mustafa Eriş, Mahmûd Sâmî Efendi’den Hâtıralar, I, 20-21.
[6] Bax. Yunus, 62.
ŞƏRHLƏR