Ağsaqqal Nəsihəti Səməd Baba
El ağsaqqalı SƏMƏD BABA:
Qoy gənclərimiz dinə, vətənə, millətə və bayrağına sadiq olsunlar!
Əziz Oxucu! Jurnalımızın yeni rubrikasında ilk həmsöhbətimiz Qəbələ rayonunda yaşayan ağsaqqalımız Ağalarov Səməddir. Hamı onu Səməd Baba kimi tanıyır. Elə biz də bu cür təqdim edirik. Heç bir dini və dünyəvi təhsilinin olmadığını dəfələrlə dilə gətirərək təvazökarlıq sərgiləsə də, onun müdrik fikirlərinə, təcrübəli dünya görüşünə hamımızın ehtiyacı var.
İrfan jurnalı: Səməd Baba, ilk növbədə özünüz haqda məlumat verin zəhmət olmasa!
Səməd Baba: 1930-cu ildə Qurban bayramı gecəsi dnüyaya gəlmişəm. Hətta buna görə adımı Qurban da qoymaq istəyiblər. Amma xalam çox təkid edib ki, adımı Abdussəməd qoysunlar. O zamanlar Sovet dövrü olduğu üçün rəsmi sənədlərdə Səməd olaraq yazıldı. İndi isə Anadoludan gələn türk qardaşlarımız elə Abdussəməd deyirlər. Uzun müddət qoyun çobanı olmuşam. Bircə gün də olsun parta arxasında oturmamışam. Nə pioner olmuşam, nə də komsomol. Oturub-durduğumuz məclisdə, ailəmizdə böyük söhbət etməzdisə, kiçiklər ağzını açmazdı. Süfrəyə çay və ya çörək gələndə böyüklər bismillah etmədən kiçiklər əllərini də vurmazdılar süfərdəki nemətlərə. Biz bu tərbiyə ilə böyümüşük. Süfrə salınmadan ləyən gətirib əllərimizi yuyardıq. Dua etmədən süfrəni yığışdırmazdılar. Şor da yesək, plov da yesək mütləq dua edilərdi. Ona görə də bərəkət vardı, mehribançılıq vardı ailələrdə. O vaxt biz bunları kitabdan, jurnaldan oxumurduq. Bütün bu kimi davranışları ağızdan eşidərdik, böyüklərin nəsihətlərindən öyrənərdik. Onlar öz yaşayışları ilə bizə nümunə olardılar.
İrfan jurnalı: Səməd baba, o dövrdə dini yaşamaq çox çətin olub. Dindarları, ziyalıları təqib edirdilər. Bəs camaat bu vəziyyətdə necə hərəkət edirdi?
Səməd Baba: Əzizlərim, o dövrdə dini yaşamaq çox çətin idi. Xüsusilə Sovet hökumətinin ilk vaxtlarında dinə qarşı həddən artıq düşmənçilik vardı. Quran kitabı tapa bilmirdik. Hamısını yığışdırmışdılar. Məscid yox idi, namaz qılmağa çətinlik çəkirdik. Namaz qılandan şikayət edirdilər, nəticədə gəlib aparırdılar. Namazı, orucu xəlvəti yerinə yetirirdik. Bu torpaqlardan İslamın kökünü kəsmək istəyirdilər, amma Allahın vədi var, nurunu tamamlayacaq. Nə qədər qəddarlıqlar olsa da insanların qəlbindəki Allah sevgisini, İslam inancını söküb ala bilmədilər. Hələ kiçik yaşlarımızda rəhmətlik anam bizə bərk-bərk tənbeh edirdi: “Oğlum, İslamınızı, iman və ehsanınızı qoruyun.” Bu üç xüsusda hər zaman bizə tövsiyə edərdi. Hətta gecələr thəccüd namazına da qaldırardı. Bütün bu işləri gizlində görərdik. Babalarım oxumuş, savadlı adamlar olublar. Hacı Soltan Əfəndi Samur mahalının qazısı olub. Hacı Rəcəb Əfəndi 1925-30-cu illərdə Şəki qazısı olub. Sovet hökuməti babalarımızı sürgünə göndərib, təqib edib. Nə qədər alimlərimizi güllələyiblər.Aramızda ağsaqqallar vardı ki, heç nədən qorxmadan ətrafdakılara dini öyrədirdilər. Bu yerdə mərhum Əhməd babanın, Şövkət babanın adını çəkmək yerində olardı. Dəfələrlə Əhməd babanı uşaqlara dərs verdiyi üçün, camaatı maarifləndirdiyi üçün KQB tərəfindən aparıb sorğu-suala tutublar. Sonra biz yas mərasimlərində, toylarda, müxtəlif yığıncaqlarda fürsətdən istifadə edib Əhməd baba kimi ağsaqqallardan nə isə öyrənirdik. Sonralar hökumət bir az yumşalsa da, yenə məscidləri açmağa qoymurdular, maariflənmə zəif aparılırdı, maneələr yaradılırdı. Məsələn, bir neçə rayonun mərkəzi məscidi Göyçayda idi. Qəbələdən durub cümə namazına ora gedirdik. Nə qədər yolu piyada qət etməli olurduq. Eşitmişdik ki, Ramazan ayı ya 30 gün, ya da 29 gün olur. Amma əlimizdə heç bir dəqiq məlumat olmadığı üçün həmişə 30 gün tutumuşuq orucu. İndi rahatdır hər şey. Təqvimlər var, oxuyuruq, öyrənirik. Bu kimi məşəqqətlərə baxmayaraq qeyd edim ki, o vaxtlar sayımız az olsa da mehribançılıq həddən artıq çox idi. İçimizdəki ağsaqqalımız nə deyirdisə, hamımız qanun kimi qəbul edirdik. İndi məscidlərimiz dolur, amma mehribançılıq əvvəlki qədər yoxdur. Yadıma gəlir, o vaxt Quran kitabı tapılmırdı. Quran üçün burdan durub Dağıstana getmişdim. Oxuya bilməsəm də oxumaq eşqi ilə getmişdim. Babalarımızın yaşadığı evdə qədim Qazan çapı Quran tapdım. Əlimə götürüb həsrətlə baxdım. Ürəyim gəlmədi istəməyə. Hələ “versəniz də götürmərəm, babalarımızın sizə yadigarıdır” –dedim. İndi isə Quran da var, mədrəsə də var, amma dinə əvvəlki qədər həvəs yoxdur. Məscidləri kinoklub, taxıl anbarı edirdilər. İndi isə şükürlər olsun, bu kimi əngəllər aradan qalxıb. Kim istəsə dinini rahatlıqla öyrənə bilir. Yadıma düşür, yeni müstəqillik qazandığımız illər idi. Azyaşlı uşaqları, gəncləri bu sahələrdə fəal görəndə ürəyimiz dağa dönürdü.
İrfan juralı: Son olaraq bir baba kimi gənclərə nə tövsiyə edirsiniz?
Səməd Baba: İlk növbədə gənclərə tövsiyəm budur ki, Allahı tanısınlar. Ailədə ata-analara, yaxınlarına, böyüklərə hörmət göstərsinlər. Vətənə, millətə, dövlətə sevgiləri olsun. Yaşadığımız dövlətə qarşı hörmət sərgiləməliyik. Sadiq və saleh olsunlar. Dinindən, peşəsindən asılı olmayaraq böyük-kiçik münasibətlərinə diqqət etsinlər. Namus və iffəti pak tutsunlar. Oğullarımıza nəsihətim odur ki, nikahları altında olan qadınlardan bütün xanımları öz ana-bacıları bilsinlər. Əgər bu gözlə baxmırıqsa, deməli imanımızda zəiflik var. Böyüklərimiz də kiçiklərə ədəblə-ərkanla nümunə olsunlar. Allah, Peyğəmbər və Quran yolundan ayrılmasınlar. Bu gün şübhəli qidalar həddən artıq çoxdur. Şübhəli qidaların insana nə kimi zərər verdiyini yaxşı bilirsiniz. Mən düşünürəm ki, bu gün insnaların arasında baş verən münaqişələr, bir-birini başa düşməmək halları, mehribançılığın pozulmasının əsas səbəblərindən biri məhz şübhəli ruzilərdir. Ticarətdə aldatma halları çoxalıb. Bu kimi mənfi hallar böyük-kiçik, ata-oğul, ana-bala arası münasibətlərə təsir edir. İmanları zədələyir. Allah özü rəhmini əsirgəməsin.
Yeri gəlmişkən İrfan jurnalının əməkdaşlarından da bir xahişim var. Bəzən dini mərasimlərimizdə, yaslarda məclisi aparanların, ağsaqqallıq edənlərin qabağında külqabı, daaqlarında siqaret görürük. Tüstüdən içəri girmək olmur. Bu haqda zəhmət olmasa maarifləndirmə aparın. Yazılar yazın, qoy camaat oxusun ki, Quran olan məclisdə, dindən söhbət gedən yerdə bu kimi hərəkətlər etmək xoş qarşılanmır. Toy və yaslarda həddən artıq israfçılıq məsələsini də işıqlandırın, xahiş edirəm!
İrfan jurnalı: Səməd baba bizə vaxt ayırdığınız üçün təşəkkür edirik.
ŞƏRHLƏR