Bəqərə Surəsinin Fəziləti

Bəqərə Surəsinin Fəziləti

     Şübhəsiz ki, Uca Rəbbimizin bizlərə göndərmiş olduğu Qurani-Kərimin hər bir ayəsinin bir çox sirri, fəziləti və hikməti vardır. Doğrudur? Qurani-Kərimin hər ayəsi ona inanmamız və bizdən istətnilən şəkildə tətbiq etməyimiz üçün nazil edilmişdir.

 Lakin bununla yanaşı bir müsəlman kimi bu surələrin və ayələrin fəzilətlərini öyrənib bildiyimiz zaman hansı surəni harda oxumağın daha  əfzəl olduğunu, Rəsulullah (s.ə.s) hansı surəni və ayəni nə məqsədlə, hansı gündə, neçə dəfə oxuduğunu da öyrənmiş oluruq. Məsələn; cümə günündə Kəhf surəsini oxumaq, yatmazdan öncə Duxan və ya Mülk surəsini oxumaq, yatağımıza girəndə şeytanın və cinlərin fitnəsindən, şərindən əmin olmaq üçün İxlas, Fələq və Nas surələrini ovucumuza oxuyub üfürüb,  bədənimizə sürtdüyümüz kimi bütün bunlar hamısı bizlərə məhz surələrin nə kimi fəzilətləri və faydaları olduğunu göstərir.

      Biz hər-hansı bir surənin fəzilətini Rəsulullah (s.ə.s)-in bildirməsi ilə öyrənirik. Yoxsa bu gün surələrin fəzilətləri adı altında bir çox kitablar və ya kitabçalar görürük ki, çoxu həqiqətdən uzaqdır. Məsələn; filan surəni 200 dəfə oxusan, filan ayəni 100 dəfə oxusan bu kimi fəzilətləri və ya faydaları var kimi uydurulmuş bəzi yazılara tez-tez rast gəlmək olur. Bununların nə qədər həqiqət və ya uydurma olduğunu bilmək üçün mütləq Rəsulullah (s.ə.s)-in hədislərinə müraciət etmək lazımdır. Gəlin birlikdə Bəqərə surəsinin fəzilətini oxuyaq:

      Hər bir surənin olduğu kimi Bəqərə surəsininn də bir çox fəzilətləri vardır. Bəqərə Qurani-Kərimin ikinci surəsidir. Qurani-Kərimdə olan surələrin ən böyüyüdür. 286-ayədən ibarətdir. Son iki ayəsinin, yəni (Əmənər Rəsulu) kimi məşhur olan ayələrinin Rəsulullah (s.ə.s)-ə Merac hədiyyəsi olaraq verildiyi səhih rəavayətlərdə bildirilməkdədir. Bu iki ayənin oxunma fəzilətləri isə hədislərdə ayrıca yer almaqdadır. Ümid edirik ki, Qurani-Kərimi oxuya bilməyən oxucularımız surələrin nə qədər hikmət və fəzilətlərinin olduğunu bildikdən sonra Qurani-Kərimi mütləq öyrənib davamlı oxuyacaqlar.

      Rəsulullah (s.ə.s) buyurdu: “Bəqərə surəsini oxumağa davam edin. Çünki onu öyrənib oxumaq böyük bir bərəkətdir. Onu tərk etmək yəni öyrənməmək isə böyük bir ziyandır. Tənbəllərin bunu davamlı oxumağa gücü çatmaz. Onu oxuyana sehrbazların sehri təsir etməz.” (Müslim, Salətul-Müsafirin, 252)  Bu hədisin sonunda keçən sehrbazların sehrininn təsiri olmaması ona görədir ki, insanlara ilk dəfə sehri öyrədən mələklərin (Harut və Marut) yer üzərinə endirilməsi hadisəsi məhz Bəqərə surəsi 102-ci ayədə göstərilmişdir.

      Rəsulullah başqa bir hədisində belə buyurur; “ Evlərinizi qəbiristanlığa çevirməyin. Şübhəsiz ki, içində Bəqərə surəsi oxunan evdən şeytan qaçar.” (Müslim, Salətul-Müsafirin, 254) Burada Rəsulullah (s.ə.s) Quran oxunmayan evləri qəbiristanlığa bənzətmişdir. Sanki bu evdə canlılıqdan əsər-əlamət yoxdur. Belə evlərin sakinləri diri ikən ölü kimidirlər. Ölülər də Quran oxumaz və ibadət etməzlər. Öz hədislərində əshabələrinə sünnə və nafilə namazları evlərində qılmalarını söyləməsi də buna görədir. (Müslim, Müsafirin, 213)

      Yenə Rəsulullah (s.ə. s) belə buyurmuşdur: “Qurani-Kərimi öyrənməyə davam edin. Çünki Qurani-Kərim qiyamət günü onu oxuyanlara şəfaətçi olaraq gələcəkdir. İki çiçəyi (Bəqərə və Ali İmran) surələrini də oxumağa davam edin. Çünki bu iki surə, qiyamət günündə iki bulud topası və ya iki kölgələyici, yaxud qanadlarını açmış səf-səf iki bölük quş kimi gələcəklər və onları oxuyanları (qiyamətin qızdırıcı) hərarətdən, atəşdən qoruyacaq, onlara şəfaət edəcəklər.” (Müslim, Salətul-Müsafirin, 253, Tirmizi, Fəzailul-Quran, 5) Bilindiyi kimi Allahın izin verdiyi şəxslər, hətta Qurani-Kərim qiyamət günündə bizə şəfaətçi olacaqlar, yəni günahlarımızın bağışlanması üçün Allaha bizim üçün dua edəcəklər. Burada da gördüyümüz kimi Bəqərə surəsi də şəfaət edəcəkdir. Başqa bir hədisdə belə bildirilməkdədir; “Hər şeyin bir zirvə nöqtəsi vardır. Qurani-Kərimin zirvəsi də Bəqərə surəsidir. Bu surənin hər ayəsi ilə səksən mələk enmişdir.” (Əhməd bin Hənbəl, Müsnəd, 5/26)  

      Rəsulullah (s.ə.s) Qurani-Kərimi öyrənib oxuya bilənlərə çox hörmət edirdi. Hər-hansı bir savaşda, səfərə çıxanda Quranı bilənləri başçı təyin edirdi. Yenə bir savaşa çıxarkən yaşda ən cavan olan bir səhabənin yanına gəlib soruşdu: “Ey filankəs sənin əzbərində Qurandan nə var? Cavan; Mən bu surəni, bu surəni və Bəqərə surəsini bilirəm dedi. Rəsulullah (s.ə.s) “yəni sən Bəqərə surəsini bilirsən?” -deyə soruşdu. Hə cavabı alınca; “Onların önünə keç, onların komandiri sənsən” dedi. Məşhur səhabələrdən biri önə çıxıb; “And olsun ki, Bəqərə surəsini əzbərləməmə əngəl olan səbəb, hökmləri ilə əməl edə bilməmək qorxusundan başqa bir şey deyil.” Bu sözü eşidən Rəsulullah (s.ə.s) hər birimizə dərs olacaq bir xəbərdarlıq etdi; “Quranı öyrənin, oxuyun və onunla əməl edin. Qurani-Kərimi öyrənib oxuyan və onunla əməl edən şəxsin halı, içi ağzına qədər müşk-ənbərlə dolu kasa kimidir. Onun qoxusu hər tərəfə yayılar. Quranı öyrəndiyi halda, əzbərində də olmasına baxmayaraq oxuyub əməl etməyən şəxs isə, içi müşk-ənbərlə dolu olub, ağzı bağlı kasa kimidir. (Tirmizi, Fəzailul-Quran, 2, İbn Macə, Müqəddimə, 27)

      Gəlin, Rəbbimizin bizə lütf edib, səmadan bir ip kimi bizə endirdiyi mübarək kəlamlardan yapışaq, onların fəzilətlərini öyrənək, çox oxumağa davam edək ki, həm könül evimiz olan qəlbimiz, həm də cənnət bağçası olan ailə evimiz nurla və bərəkətlə dolsun.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz