Bir yanlışı düzəldək
Zənci, yoxsa qaradərili?
“Göylərin və yerin yaradılışı, dillərinizin və rənglərinizin müxtəlifliyi də Onun qüdrət əlamətlərindəndir.” (Rum surəsi, 22-ci ayə)
Başlıqdan da gördüyünüz kimi bu yazıda söz açacağımız mövzu artıq dünyanın qloballaşması ilə dilimizdə tez-tez işlənməyə başlayan “zənci” kəlməsidir. Mövzuya girmədən əvvəl qeyd edək ki, insanların müxtəlif rəngə sahib olmaları onların bir-birindən üstünlüyünə əsas vermir. Bu, tamamən Allahın yaratma möcüzəsidir və dini inancımıza görə irqçilik, şovunistlik qəbuledilməz təmayüllərdəndir. Bu haqda kifayət qədər ayə və hədis vardır.
Bir neçə il bundan əvvəl keçən əsrin 50-60-cı illərində həyatını və çalışmalarını Amerikadakı qaradərili müsəlmanların haqlarının müdafiəsinə, o cümlədən İslamın onlar arasında yayılmasına həsr etmiş MalcolmX-in[1] amerikalı yazar Alex Halley tərəfindən qələmə alınmış həyat romanını oxumuşdum. Kitabda xüsusilə diqqətimi çəkən bir mövzu ilə qarşılaşdım. Məhz həmin yeri sizinlə paylaşıram. Mərhum mücahid belə deyirdi:
“Zənci sözü və bu sözün digər dillərdəki qarşılığı qaradərili insanları alçaltmaq və xor görmək üçün uydurulmuş bir sözdür. Heç bir əsası və istinadı yoxdur. Uzun illər bundan əvvəl qaradərili insanları kölələşdirən ingilislərin, amerikalıların ortaya atdığı bir kəlmə olub, təhqir ifadə edir. Dərisi ağ olan insanlarla yanaşı, eyni zamanda qaradərili insanların da şüur altına onların həqir məxluqlar olduğunu aşılayır. İnsanı alçaldan bu sözün hər dildə uydurulmuş bir qarşılığı var...”
Düşündüyümüz zaman görərik ki, həqiqətən də haqqında bəhs etdiyimiz irqin mənsublarına dilimizdə qaradərili deyilir. Dini ədəbiyyatımızda da onlardan söz açıldıqda qara ifadəsi işlənir. Həzrət Peyğəmbər hədisi-şərifində “Ağın qaraya heç bir üstünlüyü yoxdur”, -buyurur. Dinimizin ikinci qaynağı olan hədislərdə və klassik İslam kitablarında ağları və qaradərili insanları ifadə etmək üçün yalnız rəngə aid xüsusiyyətlərindən yola çıxılaraq “əbyad” (ağ) və “əsvəd” (qara) sözü işlənir. Yaxud da Peyğəmbərimizin onlar haqda danışarkən “həbəşlilər” dediyini oxuyuruq ki, bu da onları yaşadıqları yerə görə tanıdan bir deyimdir. İrqçi zehniyyətsə qaradərili insanları fərqli isimlərlə adlandırmağa, uydurulmuş sözlərdən istifadə etməyə başladı. Bu sözlərdən biri də dilimizə “zənci” olaraq nüfuz etdi.
Bu gün ingilis dilində qaradərili insanı tərif etmək üçün istifadə olunan sözlərin 20-dn çoxu “qara” sözü ilə heç bir şəkildə əlaqəli deyil. Bu sözlər arasında nig, nigga (bu ikisi negrodan gəlir), darkie, cufee, darkey, coon kimi arqo deyimlər də yer almaqdadır. Bütün bu sözlərin dilimizdəki qarşılığı isə zəncidir.
Nəticə: Qaradərili demək doğru, zənci demək yanlışdır.
[1] İlk dönəmlərdə ifratçılıq edərək qaraların ağlardan üstün olma düşüncəsini müdafiə etsə də, sonralar əsl islami anlayışa görə bütün insanların qardaş olduğu qənaətinə gəlmiş və haqqın carçısı olmuşdur.
ŞƏRHLƏR