SÜLH DİNİ
Tarix kitablarında qeyd edildiyinə görə, Qüds şəhəri fəth olunacağı zaman Həzrət Ömər (r.a) şəhər sakinlərinin xahişi ilə Qüdsə gəldi. Miladi təqvimin 71-ci ilinə qədər musəvilərin paytaxtı olan, həmin il Roma ordusu tərəfindən ələ keçirilən və o tarixdən etibarən xristianların mənəvi mərkəzinə çevrilən şəhər uzun illərdir sülh üzünə həsrət idi.
İndi xəlifə Ömər ağ dəvəyə minmiş, Qüdsə daxil olurdu. Şəhərin hakimi olan rahib də onun yanında idi. Xəlifə ilk əvvəl “Məbəd təpəsi”nə, yəni vaxtilə Süleyman məbədinin yer aldığı güman edilən məkana aparılmasını istədi. Peyğəmbərimizin (s.ə.s) meraca çıxdığı həmin yerdə dayanıb dua etdi. Daha sonra xəlifə xristianların əhəmiyyət verdiyi məbədləri görmək istədi. Müqəddəs Məzar kilsəsinə çatanda namaz vaxtı girdi. Rahib ona hörmət əlaməti olaraq namazı kilsədə qılmasını təklif etdi. Həzrət Ömər bu təklifi qəbul etmədi. Səbəbini isə belə açıqladı ki, əgər bu kilsədə namaz qılsa, sonra müsəlmanlar bu hadisəni əbədiləşdirmək üçün Müqəddəs Məzar kilsəsini uçurub yerinə məscid tikə bilərlər. O isə xristianların öz məbədlərindən məhrum qalmasına tərəfdar deyildi. Buna görə də kilsədən çıxıb bir az irəlidə namaz qıldı. Sonrakı illərdə, həqiqətən də, müsəlmanlar xəlifə Ömərin namaz qıldığı həmin yerdə “Ömər məscidi” adlı kiçik bir məscid inşa etdilər. Eyni zamanda Məbəd təpəsində də daha böyük, başqa bir məscid tikildi. Həzrət Ömərin bu həssas düşüncəsi təkcə xristianları əhatə etmirdi. Uzun illərdir ki, xristianların həcc mərkəzi olan bu şəhərə yəhudilərin girişinə icazə verilmirdi. Müsəlmanlar onların da Süleyman və Davud peyğəmbərlərin şəhəri olan bu müqəddəs məkana qayıtmalarına icazə verdilər. Bunun təminatı olaraq Həzrət Ömər və Qüds patriarxı belə bir müqavilə imzaladılar:
“Bu, Allahın qulu və möminlərin əmiri Ömər tərəfindən Qüds patriarxına (onun xalqına) verilən amannamədir. Əmirəl-möminin bütün xalqın mal və canlarının qorunacağına zəmanət verir. Eyni zamanda, ibadət yerlərinə, xaç və dinlərinə toxunulmazlığı təmin edir. Xalqa məxsus kilsələr dağıdılmayacaq və şəxsi evlərə də çevrilməyəcək. Əvvəlki haqları eynilə mühafizə ediləcək. Nə sahib olduğu şeylərə zərər veriləcək, nə də məzhəblərinə görə onlara təzyiq göstəriləcək. Onlardan heç kim heç bir şəkildə zərər görməyəcək…”. Sonda isə Həzrət Ömər qiyamətə qədər bu müqavilənin qüvvədə qalacağını ifadə edərək bütün müsəlmanların buna riayət etmələrini tələb edir.
Qısacası, müsəlmanlarla birlikdə Qüdsə, Fələstinə və ayaq basdığı hər bölgəyə sülh gətirən bir mədəniyyət gəldi. Bir-birinin müqəddəs dəyərlərinə hörmət göstərən, fərqli inancları bir arada cəmləşdirib sülh içində yaşada bilən bir cəmiyyət quruldu. Bu səadət dövrü 11-ci əsrin sonlarında bölgəyə vəhşicəsinə hücum edən Səlib yürüşlərinə qədər davam etdi. Səlahəddin Əyyubinin Qüdsü xilas etməsindən sonra isə bölgə yenidən öz əmin-amanlığına qovuşdu. Xüsusilə Osmanlı dövlətinin tərkibində olduğu müddətdə, yəni müsəlmanların hakimiyyətdə qaldığı XX əsrin əvvəllərinə qədər şəhərdəki üç dinin mənsubları arasındakı sülh halı davam etdi.
Qurani-Kərim tarix boyu müsəlmanların ortaya qoymuş olduğu bu adil münasibəti, günümüz ifadəsi ilə desək, tolerant mühiti necə də gözəl xülasə edir: “Bir camaata daha əvvəl etdikləri səbəbilə bəslədiyiniz kin-küdurət sizi təcavüzə, zülm və haqsızlıq etməyə sövq etməsin!” (əl-Maidə, 2)
Çünki bu ədalətin və sülhsevərliyin mənbəyi elə Qurani-Kərim və onun ətə-sümüyə bürünmüş halı olan Hərzət Muhamməddir. Necə ki, bu humanizm əsası Peyğəmbərimizin (s.ə.s) həyatında da mühüm bir hadisə ilə öz əksini tapmış və tarix boyu ümmətinə nümunə olmuşdur.
Məkkədən Mədiyənə hicrət etdiyi zaman Peyğəmbərimiz orada yaşayan xristian, yəhudi və müşrik camaatın rəhbərləri ilə birgə mühüm bir müqavilə imzalamışdı. “Mədinə vəsiqəsi” deyilən bu hüquqi müqaviləyə əsasən fərqli inanc və milli mənsubiyyətə malik olan bu xalqlar iki əsrdən bəri davam edən iğtişaşlara son qoyacaq, birlik və bərabərlik içində ortaq mənfəətlərini qoruyacaqdılar. Əgər aralarında bir anlaşmazlıq olarsa, Hz. Muhammədə müraciət edəcək və onun verdiyi hökmə hər biri razı olacaqdı.
Qeyd edək ki, Həzrət Muhamməd (s.ə.s) bu müqaviləni imzalayarkən onunla birlikdə hicrət edən mühacirlərin sayı heç 200-ə çatmırdı. Mədinəli yerli müsəlmanlarla birlikdə onların sayı 500-1000 arasında idi. Qeyri-müsəlman olan yəhudilər 4000, müşriklər isə 6000 olmaqla ümumilikdə sayları 10000 nəfərdən çox idi. Belə olan halda sayı ümumi əhalinin 10%-ni təşkil edən müsəlmanlar o bölgəyə böyük bir sülh və əminamanlıq gətirməyə kifayət etmişdi. Elə buna görə də ilkin mərhələdə min nəfər olan müsəlmanların sayı on il sonra, Peyğəmbərimizin vəfatı illərində yüz iyirmi mini keçmişdi.
Dünya tarixinin ən mükəmməl və insani siyasətinin xələfləri olan günümüz müsəlmanlarının içinə düşdükləri acizlik və münaqişə halı, şübhəsiz ki, öz dinlərindən, rəhmət Peyğəmbərindən, əmr edilmiş olan qardaşlıq və ədalət prinsiplərindən kifayət qədər məlumatlı olmamalarından qaynaqlanmaqdadır.
ŞƏRHLƏR