GÜNAHSIZIN GÜNAHI

GÜNAHSIZIN GÜNAHI

Hər günahkarın günahında hər günahsızın bir günahı var...

Bir insan nə qədər özünü günahsız və məsum hiss etsə də, hardasa, kiminsə həyatında bir günahın işlənməsinə səbəb olur. Bunu ona görə əminliklə deyə bilirik ki, insan sosial varlıqdır və o, birbaşa başqalarının həyatına bu və ya digər formada müdaxilə edir. Ən azından heç fərqində belə olmadan hələ uşaq yaşlarında özündən zəif uşaqları, bəlkə də istəmədən lağa qoyub onları təhqir edənlər, ətraflarında onlarla mizantrop (insandan nifrət edən) fərdlərin yetişməsinə səbəb olur. Elmi tədqiqatlar sübut edir ki, uşaq yaşlarından şüuraltında qalıb daha sonrakı illərdə özünü büruzə verən qeyri-etik davranışların təməli məhz elə uşaq yaşlarında qoyulur. Yəni icra edilən hər hansı bir feil icra edildiyi mühitin təsirindən daha çox şüur altında əvvəlcədən qazanılmış düşüncələrin təsirinə məruz qalır.  

Dünyada hər şey bir şeyin var olmasına təsir etdiyi kimi, insanların hərəkətləri və davranışları da başqalarının hərəkət və davranışlarına təsir edir. Bu o deməkdir ki, sənin ətrafındakı bir insanın əhvalının yaxşı və ya pis olması, sənin ona dediyin bir sözdən asılı ola bilər. Yəqin ki, bir-birinin arxasında düzülüb birinin hərəkəti ilə yüzlərlə daşın yıxılmasının şahidi olmusuz. Burda birinci daşa xırda bir toxunuş kifayət edir ki, heç yıxılacağını ağlına belə gətirməyən sonuncu daş yıxılsın. Aralarında olan uzaq məsafə və əlaqəsizlik onların bir-birinə təsirinin qarşısını ala bilmir. Birincinin xırda hərəkəti sonuncunun yıxılmasına səbəb olur. Bu hadisədə sonuncu özündən bir əvvəlkini günahlandırsa da, əslində, hər birinin yıxılmasına səbəb heç görmədikləri başdakı birinci daşdır.

Bir insan sadəcə özü istədiyi üçün deyil, ətrafındakı insanlar səbəb olduğu və istədiyi üçün də bir günahı işləyə bilər. Əgər bir insan özünü oğurluq etmək ehtiyacı içərisində hiss edirsə, deməli, onun həyatından çox şeylər oğurlanıb. Kiminin həyatından sevgi, kiminin həyatından qayğı, kiminin həyatından isə vicdan... Oğurluq isə ən böyük günahdır. Sadəcə dini olaraq deyil, eyni zamanda rasional baxış da bunu təsdiq edir. Bir adama yalan danışmaq onun həqiqəti bilmə haqqını oğurlamaq deməkdir. Bir insanı öldürmək onun həyatda yaşama şansını oğurlamaqdır. Başqasının namusuna pis gözlə baxmaq isə kimlərinsə namusunu, şərəfini oğurlamaqdır. Odur ki, özünü həqiqi mənada günahsız hesab edən hər bir fərd vicdanının qarşısında diz çöküb, yaşayıb yaşatdıqlarını bir daha gözdən keçirməlidir.

Yəqin ki, ağır bir yükü 4-5 nəfərlə birlikdə götürmüsünüz. Bu yükü qaldırdığınız zaman siz tərəfə düşən yükün az və ya çox olduğunun da şahidi olmusunuz. Əgər siz tərəfə düşən yükün çəkisi çoxdursa, deməli, sizinlə birlikdə yükü qaldıranlardan hansısa biri yükü qaldırmaq üçün öz gücünü sərf etmir, sadəcə sizə kömək edirmiş kimi görünür. Və ya tam əksinə, siz tərəfə düşən yükün çəkisi yüngüldürsə, deməli, ətrafındakılar bu iş üçün səndən daha çox güc sərf edirlər.  Bu vəziyyətdə işi görən hər kəs özünü iş görmüş kimi hiss edir. Nəticə etibarilə, bir-birinə kömək etdiyi üçün hər kəsin vicdanı rahatdır.  Ancaq bu belə deyil. Həqiqi mənada iş görən şəxs yükün qaldırılmasında bütün gücünü ortaya qoyan adamdır. Bir insan özünə düşən yükü başqasına yükləyirsə, özünü ağırlığın təhlükəsindən qurtardığı halda başqasını ağırlığın təhlükəsi ilə qarşı-qarşıya qoyur. Kamillik isə əlindən gəldiyi qədər öz üzərinə düşən yükü başqasına yükləməmək və başqalarının həyatının məhv olmasına səbəb olmamaqdır. Yaşanmış bu hadisə isə haqqında danışdığımız mövzuya daha çox aydınlıq gətirəcək:

Amerikada elektrik stulunda öldürülməsinə hökm edilmiş günahkar adamdan deyəcək son bir sözünün olub-olmadığını soruşurlar. Ölüm məhkumu adam ətrafındakı müxbirlərə, fotoqraflara, həbsxana vəzifəlilərinə baxdıqdan sonra acınacaqlı bir səslə belə deyir:

“Əgər uşaqlığımda mənə bu dərəcədə diqqət göstərilmiş olsaydı, bu gün bu məhkum stulunda olmazdım”.

 Bəlkə də, bizim də ətrafımızda qayğıya, sevgiyə və isti münasibətə ehtiyac duyan onlarla, yüzlərlə insan var. O insanlar ki, əgər bu gün onlara sahib çıxılsa, onların sabahı daha aydın, daha işıqlı olacaq. Yox əgər bu gün onlar diqqətdən kənar qalarsa, sabah potensial cinayətkar və “günahkar” qismində bizim qarşımızda duracaqlar. Necə deyərlər, sonuncu daş yıxılmaq istəmirsə, birinci daşın yıxılmasına özü mane olmalıdır.

Son olaraq onu da unutmayaq ki,  günahkar olmaq nə qədər günahdırsa, günaha qarşı kar olmaq da bir o qədər günahdır...

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz