HAQQ DOSTLARINDAN HİKMƏTLƏR

HAQQ DOSTLARINDAN HİKMƏTLƏR

Abdulqadir Gilani həzrətləri buyurur:

“Ey Allahın nemətləri içində üzənlər! Hanı sizin şükrünüz? 

Ey nemətlərin Allahdan deyil, fanilərdən gəldiyini düşünənlər! Gah Onun nemətlərini başqasından, gah da özünüzdən bilirsiniz. Onlara öz gücünüzlə nail olduğunuzu sanaraq əslində sahib olmadığınız güclərə malik olduğunuzu zənn edirsiniz. Hətta bəzən həmin nemətləri Allaha qarşı günah işləməyə sərf edirsiniz… (Bu necə qulluqdur, necə şükürdür?!)

Əsl şükür daima nemətlərin sahibinin Allah-Təala olduğunu bilməkdir. Qəlbən və qövlən (sözlü olaraq) Ona təşəkkür halında olmaqdır. Həmçinin bəxş etdiyi nemətləri Onun rizası istiqamətində işlədərək bunu felən ifadə etməkdir.

Şükrün ziddi olan nankorluq isə bütün nemətlərin Allahın lütfü olduğu həqiqətini görməzdən gələrək “Mən qazandım, özüm əldə etdim…” kimi düşüncələrlə nəfsi qabartmaqdır. Yəni nemətləri və müvəffəqiyyəti özündən bilməkdir. Bu qəflətlə nemətləri günah yolda sərf etməkdir.

İnsan şükür və ya nankorluqdan hansını seçərsə-seçsin, bunun Allaha nə faydası, nə də zərəri toxunar. Lakin istər dünya həyatında, istərsə də qəbir, qiyamət və hesab günündə, bir sözlə, əbədi həyatda bu seçiminin qarşılığını mütləq görəcək. Allah-Təala ayeyi-kərimələrdə belə buyurur:

“Biz ona haqq yolu göstərdik. İstər (nemətlərimizə) minnətdar olsun, istər nankor”. (əl-İnsan, 3)

“…Əgər (Mənə) şükür etsəniz, sizə (olan nemətimi) artıracağam. Yox, əgər nankorluq etsəniz, (unutmayın ki) Mənim əzabım, həqiqətən, şiddətlidir”. (İbrahim, 7)

Fərqində olduğumuz və olmadığımız bütün nemətləri üçün Allaha şükür etməliyik. Layiqincə təfəkkür edə bilsək, dərk edərik ki, hər an Rəbbimizin saysız-hesabsız nemətləri ilə təchiz olunmuş haldayıq.

Qanuni Sultan Süleyman necə də gözəl deyib:

Xalq içində mötəbər bir nəsnə yox dövlət kimi,

Olmaya dövlət cahanda bir nəfəs səhhət kimi…

Həqiqətən də sağlam yaşanan hər an və hər nəfəs Allahın bizə bəxş etdiyi böyük bir ehsanıdır. Sadəcə bir nəfəs üçün belə iki dəfə şükür etmək lazımdır. Biri ala bildiyimiz üçün, digəri isə verə bildiyimiz üçün. Lakin bu qədər şükür etməyə nə insan oğlunun gücü çatar, nə də həyatın təbii axışını bu cür davam etdirə bilmək mümkündür.

Rəvayət edildiyinə görə, Musa u Allah-Təalaya belə deyir:

“Ya Rəbb, Sənə şükür etməyimin özü belə verdiyin bir nemətdir, o da ayrıca şükür tələb edir. (Yəni hər şükrə görə ayrıca bir şükür etmək lazımdır. Bu da sonsuza qədər uzanar. Elə isə Sənə layiqincə necə şükür edə bilərəm?!)”

Allah-Təala belə buyurdu:

“Hər nemətin Məndən olduğunu bildiyin vaxt Mən də bunu şükür kimi qəbul edərəm”. (Ehya, IV, 163)

Yəni qullarına qarşı sonsuz mərhəmət sahibi olan Rəbbimiz bütün nemətlərin Uca Zatından olduğunu bilməmizi “şükür” qəbul edir. Beləcə, biz bəndələrinə ayrı bir lütf də edir.

Bu ilahi lütf və ehsanlar qarşısında insan oğlunun nail olduğu müvəffəqiyyətlərdən nəfsinə pay çıxarması, neməti özündən bilməsi, yəni səbəblərə bağlanaraq əsl Müsəbbibdən qafil qalması nə qədər əbəsdir. Çünki tövhid əqidəsi əsla şərikliyi qəbul etmir.

Rəvayətə görə, Allah-Təala Həzrət Musa u-a:

“Fi­ronun yanına get, çünki o, həddini çox aşdı” (Ta­ha, 24) buyurduğu za­man Mu­sa u ailə üzvlərini və mal-qarasını zahirən əmanət edəcəyi bir adam olmadığı üçün:

“Ya Rəb­b! Ailəm və mal-qaram necə olacaq?” – dedi.

Bu zaman Haqq-Təala belə buyurdu:

“Ey Musa! Məni tapandan sonra başqa nə istəyirsən? Sən  Mənim əmrimi yerinə yetirməyə çalış, Mənə bağlan və təslimiyyət göstər. İstəsəm, qoyunlarına qurdu çoban edər, mələklərimi də ailənə mühafizəçi qılaram.

Ey Musa, nədir bu təlaşın? Anan səni çaya buraxanda kim xilas etdi? Sonra yenidən anana kim qovuşdurdu? Yadındadırmı, istəməyərək bir nəfəri öldürmüşdün, firon da öldürmək üçün səni axtarırdı, o vaxt səni ondan kim mühafizə etdi?..”

Mu­sa u həm bu sözləri dinləyir, həm də hər cümlənin sonunda:

“SƏN, SƏN, SƏN, YA RƏBB!..” de­yir­di.[1]

Demək ki, heç vaxt qulluğumuzu, acizliyimizi və heçliyimizi unutmamalıyıq. Rəbbimizə qarşı əsla “mən” deməməli, nail olduğumuz bütün nemətləri Ondan bilməli və daima “Hər şey Sənin lütfündür, ya Rəbb”, - deməliyik. Ariflər də: “Sən çıxınca aradan, qalar səni Yaradan”, - deyiblər.

Hüdayi həzrətlərinin Allaha:

Alan Sənsən, verən Sənsən, qılan Sən,

Nə verdinsə odur, dəxi nəmiz var?!

- deyərək yalvarması da bu həqiqətin başqa bir ifadəsidir.

Qəlblər bu səviyyədə olduğu zaman ilahi yardım, rəhmət və bərəkət də nəsib olur. Bu qəlbi səviyyə olmadıqda isə Allahın yardımı, ehsan və ikramı da kəsilir.

Müsəlmanların küfrə qarşı ilk savaşı olan Bədirdə böyük zəfər qazanılmışdı. Haqq-Təala möminlərin qəlbində hər hansı bir qürur, təkəbbür və nəfsani zəiflik meydana gəlməməsi üçün belə buyurdu:

“(Ey möminlər Bədirdə) onları (kafirləri) siz öldürmədiniz, Allah öldürdü. (Ya Peyğəmbərim! Düşmənlərin gözünə bir ovuc torpaq) atdığın zaman sən atmadın, Allah atdı. Allah bununla möminləri yaxşı bir imtahandan keçirtdi…” (əl-Ənfal, 17)

Demək, çilə və məşəqqətlər kimi nemət və müvəffəqiyyətlər də ilahi bir imtahandır. Nemət qarşısında azğınlaşanlar sınaqdan keçə bilmədiyi halda şükür edib, həmin nemətləri Rəbbinə daha da yaxınlaşmağa vəsilə qılmaq üçün əlindən gələni edənlər qazananlardan olarlar.

Quranda əks olunan bu ilahi həqiqət, bəhs etdiyimiz xüsusu necə də gözəl ifadə edir:

Möhtəşəm dünya səltənəti bəxş edilən Süleyman u yanındakı yardımçılarından Səbə kraliçası Bəlqisin taxtını qısa müddət ərzində uzaq məsafədən gətirmələrini istəmişdi. Ayeyi-kərimədə bu məqama belə diqqət çəkilir:

“Kitabdan (Allahın kitabından, yaxud lövhi-məhfuzdan) bir qədər xəbəri olan birisi dedi: “Mən onu sənə bir göz qırpımında gətirərəm!” (Süleyman) onu (taxtı) yanında hazır durmuş görüncə dedi:

“Bu, Rəbbimin lütfündəndir (mərhəmətindəndir). Məni imtahana çəkməyi üçündür ki, görək (Onun nemətinə) şükür edəcəyəm, yoxsa nankor olacağam! Kim (Rəbbimin nemətinə) şükür etsə, yalnız özü üçün (öz xeyrinə) şükür edər; kim nankor olsa, (bilsin ki) həqiqətən, Rəbbim (onun şükrünə) möhtac deyildir, kərəm sahibidir!” (ən-Nəml, 40)

Demək ki, Rəbbimiz daim bizi xeyirlə də, şərlə də, nemətlə də, məhrumiyyətlə də imtahan edir. Elə isə hər bir halda ayıq-sayıq olmalı və Rəbbimizə şükür duyğumuzu qorumalıyıq.

Abdulqadir Gilani həzrətləri buyurur:

“Ey qafil! Sən Allahı ancaq nemət içində olduğun zamanlarda sevərsən. Bəla və müsibət gəldiyi an isə sanki Allah dostun deyilmiş kimi Ondan qaçarsan.

İnsanın nə olduğu imtahan əsnasında meydana çıxar. Əgər Allahdan bəla və müsibət gəldiyi zaman əvvəlki halını saxlaya bilirsənsə, məhz bu təqdirdə, deməli, Onu sevirsən. Əgər müsibət gəldikdə səndə dəyişiklik olursa, deməli, yalanın ortaya çıxar. Daha əvvəl səndə olduğunu iddia etdiyin Allah sevgisinin əslində olmadığı anlaşılar”.

Həqiqi məhəbbətin meyarı fədakarlıqdır. Bəla və müsibətlər məhəbbətin nə qədər xalis olduğunu sınağa çəkər. Əsl məhəbbət çətinliklər qarşısında belə zəifləməyən, əksinə, daha da güclənən sevgidir.

Yəni Allah-Təalanı sevən bəndə hər bir halda Ona həmd, şükür və riza halını qoruya bilən kəsdir. Dünyəvi qazancla həddi aşmayan, yaxud zərərə düşəndə şikayət və üsyana meyil etməyən, daima Allaha qulluq istiqamətini qoruyub saxlayan kəsdir.

Rabiətül-Ədəviyyə həzrətlərindən əsl şükür əhlinin kim olduğunu soruşduqda bu cavabı vermişdi:

“Əsl şükür əhli bəla və müsibətlə imtahan edildikdə eynilə nemət və sevinclə imtahan edildiyi an sevindiyi kimi sevinən kəsdir”.

Allah-Təala daim biz bəndələrini imanda nə qədər sadiq olduğumuzu yoxlamaq üçün imtahan edir. Hansı şərtlərdə olsaq da, imanımızda və qulluğumuzda səbat üzrə olmağımızı istəyir. Yəni ömrümüz boyu əmr olunduğumuz kimi dosdoğru olmamızı, istiqamət üzrə yaşamamızı arzu edir.

Sami Əfəndi istiqamət üzrə olan bir möminin ilahi imtahanlar qarşısında sahib olacağı qəlbi səviyyəni belə tərif edir:

“İstiqamət sahibi olan kəs dağ kimi olmalıdır. Çünki dağın dörd əlaməti var:

1) İstidən əriməz,

2) Soyuqdan donmaz,

3) Küləklə sovrulmaz,

4) Sel yuyub aparmaz”.[2]

Deməli, mömin həyatın acı-şirin sürprizləri və eniş-yoxuşları qarşısında sarsılmamalı, qulluq istiqamətindən ayrılmamalı, qəlbində Rəbbinə qarşı bəslədiyi übudiyyət, məhəbbət və riza halını daim mühafizə etməlidir. Lakin bu hər qəlbin işi deyil. Mərifətullah və məhəbbətullahdan nəsib alan könüllər ən çətin imtahanlarda belə istiqamətdən ayrılmadıqları halda mənəvi tərbiyə və təzkiyədən uzaq qalan xam nəfslərsə ən kiçik bir imtahanda belə büdrəyərlər.

Necə ki, ayeyi-kərimədə belə buyurulur:

“İnsana bir nemət (sağlamlıq, var-dövlət) verdiyimiz zaman (Bizdən) üz çevirib uzaq gəzər. Ona bir pislik üz verdikdə isə məyus olar! De: “Hərə öz qabiliyyətinə (xislətinə) görə iş görər. Rəbbin kimin daha doğru yolda olduğunu daha yaxşı bilir!”. (əl-İsra, 83-84)

“İnsana gəldikdə, nə zaman Rəbbin onu imtahana çəkib ehtiram etsə, ona bir nemət versə, o: “Rəbbim mənə ehtiram göstərdi!” – deyər. Amma nə zaman (Rəbbin) onu imtahana çəkib ruzisini əskiltsə: “Rəbbim məni alçaltdı (mənə xor baxdı)!” – söyləyər”. (əl-Fəcr, 15-16)

Xülasə, Rəbbimiz bizdən varlıqda və yoxluqda, sağlam və xəstə ikən, sevincli və kədərli olduğumuzda daima “Allahım, hər bir halda Sənə həmd-sənalar olsun” deyə bilən qəlbi həssaslıq istəyir.

Abdulqadir Gilani həzrətləri buyurur:

“Allahın sizin haqqınızda təqdiri nəticəsində başınıza gələnləri ona-buna söyləyərək Allahı onlara şikayət etmə xətasına düşməyin. Şübhəsiz ki, belə bir hərəkət sizə daha çox bəla gətirər.

Allahın mülkündə Ondan şikayətçi olmayın. Əksinə, səssiz, sakit və mütəvazi halda hüzurunda durun və sizin üçün nələr təqdir etdiyini, nələr edəcəyini səbirlə gözləyin. Şərləri xeyrə çevirməsinə sevinin”.

Həqiqi iman ilahi təqdir nəticəsində başa gələn müsibətlər qarşısında şikayəti unutmağı, daima Allaha sığınmağı tələb edər. Bu etibarla mömin bir müsibətlə qarşılaşdığı zaman özünü kədər və ümidsizlik burulğanına atmaz. Əksinə, nə qədər böyük müsibətlərlə imtahan edilirsə-edilsin:

حَسْبُنَا اللّٰهُ وَنِعْمَ الْوَك۪يلُ

“Allah bizə yetər. O nə gözəl vəkildir!”[3] - deyərək, könül rahatlığını qorumağı bacarar.

Ona görə də dünya həyatının ilahi bir imtahan dərsxanası olduğu həqiqətini daima göz önündə tutmaq lazımdır. Ayeyi-kərimələrdə belə buyurulur:

“Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbir edən şəxslərə müjdə ver!

O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: “Biz Allahınıq (Allahın bəndələriyik) və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq!” deyirlər.

Onları Rəbbi tərəfindən bağışlanmaq və rəhmət (Cənnət) gözləyir. Onlar doğru yolda olanlardır!”. (əl-Bəqərə, 155-157)

Deməli, səbrin sonu qurtuluşdur. Səbir çətindir, lakin meyvəsi çox dadlıdır. Bu dünyada Allah rizası üçün bir sıra məşəqqətlərə, çətinliklərə səbirlə sinə gərənlər bunun Allah qatındakı mükafatını bilsəydilər, başlarına gələnə zəhmət və müsibət kimi deyil, bir nemət, ləzzət və səadət nəzəri ilə baxardılar.

Əshabi-kiramdan Fədalə bin Ubeyd t Rəsulullah r-in tələbəsi olan Əshabi-Suffənin, yaşadıqları böyük məhrumiyyətlərə baxmayaraq, sərgilədikləri səbir və mətanətin bir misalını belə nəql edir:

“Rəsulullah r əshabına namaz qıldırarkən onlardan bəzisi aclıqdan və taqətsizlikdən ayaq üstə dayana bilməyib yerə yıxılardı. Onlar Suffə əshabı idi. Səhradan gələn bədəvilər onların halına heyrət edərdilər. Allah Rəsulu namazını qılıb acından bayılanların yanına gedər və onlara təsəlli verərək belə buyurardı:

“Allah-Təalanın dərgahında sizin üçün nələr hazırlandığını bilsəydiniz, daha da yoxsul və möhtac olmağı istəyərdiniz”. (Tirmizi, Zöhd, 39/2368)

Bu etibarla mömin başına gələnlər səbəbi ilə heç vaxt “ah-uf” deməməlidir. Şikayəti unutmalı, “Bu da Rəbbimin bir imtahanıdır”, - deyib səbir və riza ilə qəlb hüzurunu və mətanətini qorumalıdır.

Düşünməlidir ki, ən böyük müsibətlər peyğəmbər, övliya və dərəcəsinə görə əməlisaleh insanların başına gəlmişdir. Lakin ən hüzurlu, təmkinli və mətin insanlar da onlar idi. Allahın Həbibi, Aləmlərə Rəhmət, iki cahan sərvəri Peyğəmbərimizin həyatı ağır çilələr və böyük iztirablar mənzuməsidir. Rəsulullah r bu halını:

“...Allah yolunda heç kimin görmədiyi əziyyətlərə məruz qaldım...” - buyuraraq ifadə etmişdir. (Tirmizi, Qiyamət, 34/2472)

Lakin Onun həyatında heç vaxt şikayət, fəryad və üsyan müşahidə olunmur. Əksinə, O, Allaha tam bir təvəkkül, təslimiyyət və rizanın dərin qəlbi hüzuru içində və şükür halında yaşadı. Hətta Taifdə daşlandığı zaman belə:

“Allahım, gücümün azlığını, çarəsizliyimi, insanların nəzərində xor görülməyimi Sənə ərz edirəm.

Ey mərhəmətlilərin ən mərhəmətlisi, əgər mənə qarşı qəzəbli deyilsənsə, çəkdiyim bəla və iztirabların heç bir əhəmiyyəti yoxdur.

İlahi, Sən özün qövmümə hidayət ver, onlar bilmirlər.

İlahi, Sən razı olana qədər əfvini istəyirəm!” – deyə dua etdi. (İbn Hişam, II, 29-30; Heysəmi, VI, 35; Buxari, Bədul-Xalq, 7)

Mərhum atam Musa Əfəndi də Mədineyi-Münəvvərədə Sami Əfəndinin prostatdan ağır iztirab çəkməsinə baxmayaraq, bir dəfə də olsun “ah-uf” demədiyini, daima dərin sükunət içində olduğunu söyləmişdi. Hətta onun bu müstəsna mətanəti qarşısında həkiminin belə heyrətlə:

“Mən xəstəni müalicə etməyə getdiyimi zənn edirdim, lakin o məni müalicə etdi”, - dediyi nəql olunur.

Digər tərəfdən, mömin çilə və müsibətləri mənəvi təkamülü üçün bir qənimət bilməli, nəfsinin xamlıqlarının yonulmasına, dolayısı ilə mənən tərbiyə və təzkiyə olmasına vəsilə görməlidir.

Çünki dərd və çilə görməyən, istədiyi hər şeyə qovuşan bir insanın nəfsi xeyli qabarar, hətta zəbtolunmaz ayğıra dönər. Özünü böyük, qüdrətli və əzəmətli gördükcə də Rəbbinin rəhmətindən uzaqlaşar.

Bunun əksinə, çilə və iztirab içində inləyən insanın nəfsi isə sanki islaq kağız kimi zəif olar. Heçlik və acizliyini daha yaxşı başa düşər. Nəfsini bu vəsfi ilə tanıdığı zaman da Rəbbinin əzəmətini daha dərindən dərk edər.

İstanbul İmam Xətib məktəbində oxuduğumuz illərdə elmi ilə yanaşı, şəxsiyyət və xarakterindən də çox istifadə etdiyimiz müəllimlərimiz vardı. Onlardan biri də Aksaray Kızılminarə Məscidinin imamı olan Mahmud Bayram xocamızdı. O fədakar insan vəzifəsinə olan dərin məhəbbətlə İmam-Xətib məktəbinə gələr, ərəb dili dərsi verərdi. Keçdiklərini dərsdə anlamayan olarsa, ikindidən sonra işlədiyi məscidə dəvət edər, orada həmin dərsi təkrar keçərdi. Bizə də: “Əgər mənim gələ bilmədiyim gün olsa, bilin ki, vəfat etmişəm, siz cənazəmə gəlin!” - deyərdi

O fədakar müəllimi uzun illərdən sonra evində ziyarət etmişdik. Son ziyarətimizdə çox xəstə idi, bədəninin bir hissəsi iflic olmuşdu. Bizi görüb çox sevindi. Onunla bir az keçmiş xatirələri yad etdik. Biz gedəndə də ayağa qalxdı, çətinliklə də olsa, addımlayırdı. Müəllimlik etdiyi illərdəki gümrahlığı ilə indiki halını müqayisə edərək üzünə baxdıq… Hər halda bu düşüncəmizi sezərək belə dedi:

“Oğlum, mənim addım atmaqda bu qədər əziyyət çəkdiyimə kədərlənməyin. Bu xəstəlik mənim üçün rəhmət oldu. Belə ki, artıq atdığım hər addımda bir neçə dəfə “Allah” deyirəm, “Ya Rəbb” deyirəm”.

Yəni Mahmud müəllim xəstəliyinə görə kədərlənmək yerinə Allah-Təalanı daha çox zikr etməsinə vəsilə olduğu üçün şükür edirdi. Halında heç bir şikayət, sızıldanma nişanəsi görmədiyimiz kimi, üstəlik, ilahi təqdirə riza, həmd, şükür, təvəkkül və təslimiyyətin dərin hüzuru sezilirdi. Bu halı ilə də sanki Əyyub u-ın yüksək əxlaqını xatırlayır, biz tələbələrinə dərs verməyə davam edirdi.

Məlum olduğu kimi, Allah-Təala Həzrət Əyyub u-ı çox ağır imtahanlardan keçirmişdi. Əvvəlcə malını əlindən aldı. Sonra zəlzələ ilə övladlarını, daha sonra da ağır xəstəlik verərək sağamlığını aldı.

Əyyub u uzun illər sürən bu xəstəliyi ərzində şikayət və fəryad etmədi. Xanımı Rəhmə Xatın ona:

“Sən peyğəmbərsən, duan məqbuldur. Dua et, Allah sənə şəfa versin”, - dedikdə bu cavabı verdi:

“Allah mənə səksən il sağlamlıq bəxş etdi. Xəstəliyimsə hələ o qədər olmadı. Cəmi bir neçə ildir ki, iztirab çəkirəm. Allah-Təaladan sağlamlıq istəməyə həya edirəm!..”

O mübarək peyğəmbər ilahi imtahanlar qarşısında sərgilədiyi müstəsna riza halına görə Allahın  نِعْمَ الْعَبْدُ : nə gözəl bəndə”[4] iltifatına məzhər oldu.

Yalnız Əyyub u-ın xəstəliyi qulluq vəzifələrini qəlb hüzuru ilə etməsinə mane olmağa başladığı zaman Allaha dua etdi. Onun bu müstəsna səbri və təslimiyyəti nəticəsində Allah-Təala dərd və kədər olaraq onda nə varsa, hamısını üzərindən götürdü və eynilə əvvəlki həyat tərzinə qovuşdurdu.

Əyyub u sağlamlığa qovuşaraq keçirdiyi ilk gecənin səhərində dərin bir “ah” çəkdi. Səbəbini soruşanda belə dedi:

“Hər gecə səhərə yaxın: “Ey bizim xəstəmiz, necəsən?” - deyə bir səs eşidərdim. İndi yenə həmin vaxt gəldi, amma: “Ey bizim sağlam qulumuz, necəsən?” - deyə bir səs eşitmədim. Buna görə kədərləndim…”

Bu həqiqətlərə görə, arif insanlar Allahdan gələn acı-şirin bütün imtahanları Ona yaxınlaşmaq üçün bir vəsilə bilib daima həmd, şükür və riza halı ilə qarşılamışlar.

Haqq-Təala bütün hissiyyatımızı, fikrimizi, hal və davranışlarımızı daima rizası ilə yoğursun. Həyatın dəyişən şərtləri qarşısında “həmd, şükür və riza” halını dəyişməz vəsfimiz qılsın. Beləcə, lütf-kərəmi ilə biz aciz qullarını da sevib razı olduğu qulları arasına ilhaq eyləsin.

Amin!..


[1] Əhməd ər-Rufai, Halətü Əhlil-Həqiqəti Məallah, s. 337.

[2] M. Sami Ramazanoğlu, Yunus və Hud Surələri Təfsiri, s. 145.

[3] Ali-İmran, 173.

[4] Bax. Sad, 44.

PAYLAŞ:                

Osman Nûri Topbaş

1942 yılında İstanbul Erenköy’de doğdu. Babası Mûsâ TOPBAŞ, annesi de H. Fahri KİĞILI’nın kerîmesi Fatma Feride Hanım’dır. İlk eğitimini Erenköy Zihni Paşa İlkokulu’nda tamamladı. İlkokul yıllarında

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz