BİR HƏDİS
عَنْ أَبِي سَعِيدٍ الخُدْرِيِّ رَضِيَ اللَّهُ عَنْهُ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: {إِيَّاكُمْ وَالجُلُوسَ عَلَى الطُّرُقَاتِ}، فَقَالُوا: مَا لَنَا بُدٌّ، إِنَّمَا هِيَ مَجَالِسُنَا نَتَحَدَّثُ فِيهَا، قَالَ: {فَإِذَا أَبَيْتُمْ إِلَّا المَجَالِسَ، فَأَعْطُوا الطَّرِيقَ حَقَّهَا}، قَالُوا: وَمَا حَقُّ الطَّرِيقِ؟ قَالَ: {غَضُّ البَصَرِ، وَكَفُّ الأَذَى، وَرَدُّ السَّلاَمِ، وَأَمْرٌ بِالْمَعْرُوفِ، وَنَهْيٌ عَنِ المُنْكَرِ}
Əbu Səid əl-Xudridən (r.a) rəvayət olunduğuna görə, Rəsulullah (s.ə.s) belə buyurdu: "Yollarda oturmaqdan çəkinin!" Səhabələr soruşdular: "Ya Rəsulallah! Bizim yollarda oturmamağımız mümkün deyil. Çünki biz yollarda toplanıb söhbət edirik”. Rəsulullah (s.ə.s) belə cavab verdi: "Yollarda oturmaqdan əl çəkə bilməyib mütləq oturacaqsınızsa, onda yolun haqqını verin". Səhabələr: "Yolun haqqı nədir?" – deyə soruşdular. Rəsulullah (s.ə.s) belə buyurdu: "Gözləri qorumaq, heç kimə əziyyət verməmək, salama cavab vermək və yaxşılıqları əmr edib, pisliklərdən çəkindirmək”. (Buxari, Məzalim, 23; Müslim, Libas, 32)
Cəmiyyətin düzgün bir şəkildə formalaşması müəyyən əsaslara diqqət olunmaqla mümkündür. Bu əsasların ən önəmlilərindən biri insanlar ilə fərdi və ictimai münasibətlərdə diqqətli və həssas davranmaqdır. Qeyd olunan hədisdə Rəsulullah (s.ə.s) insanların hər zaman istifadə etdikləri yollarda oturaraq gəlib keçənlərə əziyyət verilməməsini tövsiyə etmiş və yol kənarlarında oturmağın müəyyən tələblərinin olduğunu bəyan etmişdir.
Yollar hər kəsə açıq ümumi yerlərdir. Bir və ya bir neçə nəfərin oraları tutaraq başqalarının oradan gəlib keçməsinə mane olması bu hədisə görə qadağandır. Müasir dövrümüzdə də, yollarda oturmaq şəklində olmasa belə, buna bənzər hallara rast gəlinir. Belə ki, hər kəsin istifadə etdiyi bir yolu xüsusi bir işdən dolayı uzun müddət istifadə olunmaz hala gətirmək və ya tamamilə o yolu kəsmək kimi hallar insanlara əziyyət verən və hədisdə xüsusilə vurğulanan məsələlərdəndir. Yolda diqqət olunması tələb olunan digər bir məsələ də gözü haramdan qorumaqdır. Belə ki, yollar qadın-kişi fərqi olmadan hər kəsin ortaq istifadə etdikləri yerlərdir. Bu səbəblə də hədisdə, yolda oturan bir kimsənin gözünə və nəfsinə hakim olması tələb olunur. Çünki göz nəfsə, nəfs isə günaha təkan verər. Hədisdə tələb olunan digər bir məsələ də verilən salama cavab qaytarmaqdır. Çünki verilən salamı almaq müsəlmanın müsəlman üzərindəki ən əsas haqlarından biridir və fərzdir. Bununla bağlı Uca Allah Qurani-Kərimdə belə buyurur: "Sizə salam verildiyi zaman onu böyük ehtiramla alın və ya eynilə qaytarın!" (ən-Nisa, 4/86). Yuxarıda sadalanan bütün bu xüsuslarla bərabər yaxşılıqları əmr edib pis işləri qadağan etmək də yolda oturan insanların üzərinə bir məsuliyyət olaraq yüklənmişdir.
Nəticə olaraq, Rəsulullah (s.ə.s) yolda oturmağın özünəməxsus tələblərinin olduğunu söyləmiş və bu şərtləri yerinə yetirməyənlərə yollarda oturmağı qadağan etmişdir.
ŞƏRHLƏR