İBNUL-VAXT
Həyatda bəzi reallıqlar var ki, bunun doğruluğu hamı tərəfindən qəbul olunmaqdadır. Bunun əsas səbəbi həmin reallığın hər zaman dəyişməz olaraq təkrarlanmasıdır.
İnsanı o həqiqət və ya həqiqətlərdə qəflətə salan da həmin hadisənin və ya hadisələrin həmişə dəyişməz olmasıdır. Məsələn, hər gün üzümüzə doğan günəş bu gün hansı saat və dəqiqədə çıxırsa, növbəti illərdə də həmin saat və dəqiqələrdə çıxmaqdadır. Baxmayaraq ki, bunun hər gün, hər ay, hər il belə olacağı haqqında bir qarantiyası yoxdur. Amma biz bunun sanki əbədi olaraq belə olacağını düşünərək Allahın bizə verdiyi bu gözəl nemətdən qafil olub onun şükrünü haqqıyla əda edə bilmirik.
Bunun kimi, Allahın bir lütfü və kərəmi olan “zaman”a da biganə yanaşır, bu nemətin də şükrünü layiqincə yerinə yetirmirik. “Zaman” Allah təfərindən insanlığa bəxş olunan saysız nemətlərdən biridir. Hər bir nemətin şükrü onun öz cinsindən olduğu kimi, zaman nemətinin şükrü də onun düzgün qiymətləndirilməsi ilə mümkündür. Belə ki, Allah-Təala zamanı insanlığa boş-boşuna vermədi. Onun verilməsi də böyük bir məqsəd və məsuliyyəti içinə almaqdadır. Zamanın əhəmiyyətinə görə Allah-Təala zamanın müxtəlif vaxtları olan gecəyə, səhərə, ikindi və quşluq vaxtlarına and içir. Yenə “Əsr” surəsinin adını bəzi müfəssirlər “zaman” olaraq təfsir etmişlər. Yəni Allah-Təala bir surənin adını “Zaman” qoymuş və ona and içərək surəyə başlamışdır. Beləliklə, Allah-Təala zamanın dəyərini ucaldaraq onun əhəmiyyətinə diqqət çəkmişdir. Axı Allah üçün görülən bütün işlər, hətta həyatın davamiyyəti zamandan asılıdır. Dünən keçdi, sabahın olması isə hələ məchuldur. Bu düşüncəni əsas alaraq, içində olduğumuz anın dəyərini bilmək məqsədilə sufilər insana “vaxtın oğlu” mənasına gələn “ibnul-vaxt” adını vermişdilər.
Bir gün Hz. Peyğəmbər (s.ə.s) əshabına Hz. İbrahimə vəhy olunan səhifələrdə belə buyurduğunu söyləmişdir: “Ağıllı adam zamanını üç qismə ayırmalıdır: birincisi, Rəbbinə ibadət; ikincisi, nəfsini mühasəbəyə çəkərək təfəkkür etmək; üçüncüsü də, halal yoldan ruzisini qazanmaqdır”.
Yuxarıdakı hədisi-şərif günlük proqram daxilinə alınmalı olan məşğuliyyətlərimizin ən mühümlərini dilə gətirərək günlük edəcəyimiz işləri üç qisimdə xülasə etmişdir. Bununla bərabər günlük işlərin arasında qohum-əqrəba, dost-tanış, xəstə ziyarətləri, elm təhsil etmək, iş yerində öz vəzifəsini icra etmək də hər bir müsəlmanın öhdəsinə düşən işlərdəndir. Məsələn, elm öyrənməklə bağlı Hz. Peyğəmbər: “Məni Allaha yaxınlaşdıran elmimin artmadığı bir gün yaşasam, həmin günü xeyirlə keçirilməyən bir gün sayaram”, – deyə buyurmuşdur.
Nəticə etibarı ilə, bütün bunları Allah-Təalanın buyruğu, Hz. Peyğəmbərin sünnəsi olduğu üçün etdiyimiz zaman bu əməllərin hamısı ibadət hesab olunacaqdır. Hətta digər iki qisim olan təfəkkür və halal qazancın özləri də ibadətdir. Burada diqqət edəcəyimiz məsələ ondan ibarətdir ki, bir ibadətlə digər ibadətlərin yerini doldurmayaq. Yəni Allaha aid olan namaz və oruc kimi ibadətlərin günlük həyatımızda öz yeri olmalı, xəstə ziyarəti, elm öyrənmək kimi ibadətlərin öz yeri olmalıdır. Ən önəmlisi də, günümüzün necə keçdiyini hesab etmək adına təfəkkür edərək keçirilən günün dolu-dolumu, yoxsa boş vaxtların daha çox yer aldığı bir günmü olduğunu düşünmək lazımdır. Bu şəkildəki təfəkkür önümüzdəki günlərdə zamanı daha bərəkətli keçirmək üçün daha da diqqətli yanaşmamızı təmin edəcəkdir.
Günümüzdə əvvəlki illərə nəzərən zamanın çox sürətli keçdiyini hamımız bilirik. Belə bir dövrdə zamanın əhəmiyyəti daha da artmaqdadır. Əslində zamanın günümüzdə daha sürətli keçməsinə səbəb də lüzumsuz işlərin günlük həyatımızı işğal etməsindən iləri gəlir. Buna görə günümüzün bir tələbatı olan sosial şəbəkələrdən səmərəli istifadə etməyə diqqət yetirilməlidir. Bütün bunlarla bərabər günlük görəcəyimiz işləri elə planlaşdırmalıyıq ki, hər bir iş özündən əvvəl görülən işin yorğunluğunu atsın. Bunun üçün eyni məzmunlu işləri arxa-arxaya qoymamaq, keçiriləcək vaxtı düzgün planlaşdırmaq lazımdır.
ŞƏRHLƏR