QURAN SEVGİSİ
Allah və peyğəmbər sevgisi kimi Quran sevgisi də bu millətin könülünə kök salıbdır, əlhəmdulillah. Quran öyrənmə həyəcanını Quran öyrənməyə gedənlərin kitabı sinələrinə sıxmalarından çox gözəl anlamaq mümkündür.
Qurani-Kərimi ürəklərinə qoymaq istəyərcəsinə sinələrinə sıxarkən sanki "mən kitabımı həm oxuyuram, həm də ona bütün qəlbimlə inanıram" deməyə çalışırlar.
Allahın kitabına dərin bir eşqlə sarılanlar, yenə o Uca Kəlamın xəbər verdiyinə görə, düşüncə və xəyallarından belə keçməyən nemətlərə qovuşacaqlar. Allahın kitabını oxuyan müsəlmanlar heç azalmayan bir qazanca sahib olacaqlar; Haqq-Təala onlara yalnız layiq olduqları qarşılığı deyil, onunla birlikdə, lütf və kərəmiylə "daha çoxunu" ikram edəcəkdir. (Fatir 35/29-30).
Ayədə keçən "daha çoxu" sözü Quranın onu oxuyana axirətdə şəfaət etməsi mənasına da gəlməkdədir. Peyğəmbərimiz (s.ə.s) uca kitabımızın bu həyəcan verən müjdəsini bizə çatdırarkən belə buyurmuşdur:
“Quranı oxuyun. Çünki Quran qiyamət günündə onu oxuyanlara şəfaət edəcək". (Müslim, Müsafirin 252)
Hədisdə əzbərində az da olsa Quran olmayan şəxsin bomboş, xarabalıq bir evə bənzədilməsi isə son dərəcə düşündürücüdür. (Tirmizi, Fəzailul-Quran 18)
Bizə Peyğəmbərimizin hədislərini ən çox nəql edən Əbu Hüreyrə (r.a) bu mövzuda gözəl bir şərh verir. Onun ifadə etdiyinə görə, içində Quran oxunan ev oxunmayan evdən müqayisə edilməyəcək qədər üstündür:
İçində Quran oxunan evə mələklər gələr, digərinə gəlməz.
İçində Quran oxunan evdən Allahın kəlamını eşitməmək üçün şeytanlar uzaqlaşar, o birinə isə “bura bizim yerimizdir” deyərək yerləşərlər.
Bu səbəblədir ki, Quran oxunan ev sanki genişləyib böyüyər, orada oturanlar könüllərinin fərahladığını hiss edərlər.
Quran oxunmayan ev isə içindəkilərə dar gələr. (Darımi, Fəzailul-Quran 1)
Yenə Hz. Peyğəmbərimizdən nəql olunan bu hədisi-şərif mömin könüllərin həyəcanla dolmasına vəsilə olacaq gözəllikdədir:
“Qiyamət günündə Qurani-Kərim gələcək və Allah-Təalaya:
- Ya Rəbb! Quran oxuyan kəsi şərəf bəzəyi ilə bəzə! - deyəcək; bundan sonra Quran oxuyan adam şərəflə bəzənəcək. Yenə Qurani-Kərim:
- Allahım! Ona şərəf paltarı geydir! - deyəcək; dərhal o şəxsə paltarların ən qiymətlisi geydiriləcək. Sonra Quran:
- Rəbbim! Ona şərəf tacı geydir! - deyə niyaz edəcək; o adama şərəf tacı geydiriləcək. Sonunda Qurani-Kərim:
- Ya Rəbb! O qulundan razı və məmnun ol! Sənin məmnuniyyətindən üstün bir şey yoxdur, - deyərək Quran oxuyan adamı mənəvi mərtəbələrin ən yüksəyinə çatdıracaq”. (Tirmizi, Fəzailul-Quran 18; Darımi, Fəzailul-Quran 1)
Uca kitabımızın onu oxuyanlara qazandırdığı gözəlliklərin həddi-hüdudu yoxdur. Məhşərdə günəşin təpəyə yüksəldiyi, hər kəsin qan-tər içində çırpındığı o dəhşətli saatlarda Qurani-Kərimin onu oxuyan və buyruqlarına görə yaşayan kəslərə təmin edəcəyi böyük imkandan yenə Peyğəmbərimiz belə bəhs edir:
"Qiyamət günü Qurani-Kərim ilə onun buyruqlarına riayət edib qadağalarından çəkinən möminlər ortaya gətiriləcəklər. Quranın qarşısında ən uzun iki surəsi – Bəqərə və Ali-İmran surələri olacaq. O zaman bu iki surə iki bulud kimi görünəcək və ya aralarında bir nur olan iki qara kölgəliyi xatırladacaqlar, yaxud bu iki surə qiyamət günündə sahiblərini müdafiə etmək üçün saf bağlayıb qanad gərmiş iki quş sürüsü kimi gələcəklər". (Müslim, Müsafirin 253; Tirmizi, Fəzailul-Quran 5)
Hər kəsin bir qurtarıcı gözlədiyi məhşərin o dözülməz vaxtlarında Qurani-Kərimin bir şəfaətçi olaraq ortaya çıxması və onu oxuyub ona görə yaşayanların əlindən tutması nə gözəl bir imkandır.
Quran oxumağa yeni başlayanlar onu “hafizlər kimi gözəl oxuya bilmirəm” deyə kədərlənməsinlər. Əsas olan Allahın kitabını oxuyub öyrənməyə çalışmaqdır. Quranı kəkələyərək də olsa oxumağa çalışanları Allah Rəsulu (s.ə.s) bu şəkildə müjdələyir:
“Quranı gərəyi kimi gözəl oxuyan şəxs, vəhy gətirən şərəfli və itaətkar mələklərlə bərabərdir. Quranı kəkələyərək, çətinliklə oxuyan adama da ikiqat savab vardır" (Buxari, Təfsir 80; Müslim, Müsafirin 243).
Quran oxuyarkən onu anlamağa çalışmaq da çox əhəmiyyətlidir. Şübhəsiz, ən gözəli, Quranı oxuyarkən onu anlayacaq qədər Quran dili bilməkdir. Amma bu imkana hər kəsin sahib olması mümkün deyil. Allaha həmd olsun, bu gün uca kitabımızın dilimizdə mənaca tərcümələri var. Bir ayəni və ya bir səhifəni oxuyanda, o qismin mənasını öyrənməyə çalışmaq son dərəcədə mühüm və faydalıdır. Çünki Uca Rəbbimiz ilahi kitabını bizim anlamamız və anladıqlarımızı tətbiq etməmiz üçün göndərmişdir.
Qurani-Kərim Uca Haqqın bizə göndərdiyi bir məktubdur. Hər hansı bir tanışımızın məktubunu maraqla, diqqətlə oxuduğumuz halda bizi yaradıb bu aləmə göndərən Rəbbimizin məktubunu oxumamaq bəndəliyə yaraşarmı? Əsasən dünyada bələdçi mahiyyətində olan o qiymətli məktubu həyatımızda bircə dəfə deyil, hər il yenidən oxuyub bitirməyə cəhd göstərməliyik.
Bu gün varıq, sabah yox. Dənizə düşən adama uzadılan bir ip onu boğulmaqdan necə qurtararsa, Qurani-Kərim də buyruqlarına möhkəm-möhkəm sarıldığımız təqdirdə bizi dünya dənizində boğulmaqdan qurtaracaqdır.
ŞƏRHLƏR