HƏMRƏYLİK NÜMUNƏSİ KİMİ MƏDİNƏ VƏSİQƏSİ
Həzrət Peyğəmbər (s.ə.s) Mədinəyə hicrət edən kimi ilk olaraq həyata keçirdiyi işlərdən biri Mədinə və ətrafında yaşayan, bir-birinə düşmən olan ünsürlərdən sülh içərisində yaşayan cəmiyyət təşkil etmək olmuşdur.
Bir mənada Allahın Elçisi belə bir çalışmayla Mədinə şəhər dövlətinin əsasını qoymaq istəmiş və bu məqsədini həyata keçirmək üçün Ənəs bin Malikin (r.a) evində başda müsəlmanlar olmaqla, yəhudi və xristianları da daxil edərək hər kəsin hüquq və məsuliyyətlərini əhatə edən konstitusiya, eyni zamanda saziş mahiyyətində bir bəyannamə elan etmişdi. Peyğəmbərimizin (s.ə.s) Mədiniyə təşrifindən olduqca narahatçılıq keçirən yəhudilər insani baxımdan ən incə təfərrüatı belə diqqətdən qaçırmayan və qarşı çıxılması mümkün olmayan belə bir qərar qarşısında çarəsiz qaldılar. Bu səbəbdən bəzi yəhudi qəbilələrinin bu müqaviləyə gec qoşulmasına baxmayaraq, yəhudilər də ümumi olaraq bu mətni qəbul etmiş oldular. Siyer kitablarında yer alan bu vəsiqə Həzrət Peyğəmbərin (s.ə.s) böyüklüyünü, onun siyasi bacarığının nə qədər yüksək olduğunu göstərən önəmli hadisədir.
Mədinə Vəsiqəsi diqqətlə incələndikdə bunun Həzrət Muhammədin (s.ə.s) Allahın təlimi ilə əldə etdiyi siyasət bacarığıyla hərəkət edərək ortaya qoyduğu, bəşəriyyətin təməl problemlərini həll edəcək əsasları və dəyərləri ehtiva edən sənəd olduğu görülməkdədir. Odur ki, Allahın Elçisi (s.ə.s) eyni zamanda bəşəriyyətə xidməti və təhlükəsizliyi əsas alan bir dövlət qurmağa nail olan, sosial cəmiyyət təsis edən misilsiz və güclü dövlət adamı idi. Vicdan hürriyyətini əsas alan və dünyanın ilk anayasalarından biri hesab edilən bu mətndə Rəsulullah (s.ə.s) belə buyururdu:
“Rəhman və rəhim olan Allahın adıyla. Rəsulullah Muhamməd tərəfindən irəli sürülən bu müqavilə Qureyş və Yəsrib (Mədinə) müsəlmanları ilə onlarla müştərək davada olub hər hansı kökə mənsub olan insanların hamısı tək ümmət hesab edilir”. Belə bir girişdən sonra bir çox qövm və qəbilə tərəfindən veriləcək təzminatlarla (diyə) müsəlmanların öz aralarında yerinə yetirəcəkləri iş və məsuliyyətlər açıq şəkildə qeyd olunmuşdur. Bu ifadələr müsəlmanlar arasında həqiqi bir “həmrəylik” duyğusunun təşkilinin əsas vurğusu kimi ön plana çıxır. Çünki müsəlmanlar hər hansı bir haqsızlıq, ədalətsizlik, savaş və ya hücuma məruz qalacaqları zaman birlikdə hərəkət etməli, bir-birinə dəstək çıxmalıdırlar.
Dövlətin daxili idarəetməsinə aid bir neçə sətirdən sonra bu vəsiqənin bir yerində belə qeyd olunmuşdur: “Bu müqaviləyə tərəf olanlar arasında meydana gələcək bütün mübahisələr Allaha və Onun Elçisinə təqdim ediləcəkdir.” Bu maddə əhdnamənin əsas maddələrindən biri hesab edilir və açıq bir şəkildə Allah və Rəsulunun ixtilaf yaranacağı zaman verəcəyi qərarın bağlayıcı olduğuna diqqət çəkilmişdir.
Mətndə keçən “müsəlman” ifadəsində Məkkədən hicrət edən mühacirlər ilə onlara qucaq açan və yardım edən mədinəli Ənsar nəzərdə tutulmuşdur. Bu iki qrup, heç şübhəsiz, o dövrdə İslamın dirəkləri sayılırdı. Onların Həzrət Peyğəmbərə (s.ə.s) bağlılıqları son dərəcə qüvvətli idi. Mühacirlər Məkkədəki evlərini, yurdlarını, bütün imkanlarını orada buraxaraq vətənlərini tərk etmiş, bütün ərəb adət-ənənəsinə zidd hesab olunan bu davranışları ilə öz dinləri uğruna qohumluq bağlarını qoparmış, bütün zəhmət və məşəqqətlərə baxmayaraq xalisanə bir şəkildə Allahın razılığına nail olmaq üçün hər cür təhdidlərə qarşı boyun əymədən mübarizə aparmışdılar. Bu fədakarlıqlarına, əlbəttə ki, mədinəli qardaşlarının biganə qalması düşünülə bilməzdi. Məhz Ənsar adlanan mədinəli qardaşları onlara qucaq açmış, evlərini, mal-mülklərini, süfrələrini paylaşaraq hər cür dəstək və yardımı göstərmişdir. Belə bir həmrəylik ruhunun bir bənzərinə dünya tarixində rast gəlmək, yəqin ki, çox çətin olardı. Bu yardım və qonaqpərvərliyi onlara “Ənsar”, yəni “dəstəkçi, yardımçı” adını qazandırmışdı. İslam düşüncəsinin təsis etdiyi bu qardaşlığın, həmrəyliyin düşmənlərə qorxu salması qaçınılmaz idi, əlbəttə. Ancaq o dövrdə Peyğəmbərimizin (s.ə.s) böyük fədakarlığı sayəsində bu həmrəylik bir dövlətin ortaya çıxmasına, bir nəslin yetişməsinə, tədricən dünyaya yayılmasına ciddi zəmin yaratmağa başlamışdır. Mühacir və Ənsar məfhumları İslam tarixində elə bir şəkildə yer almışdır ki, daim fəzilət baxımından bir-birinə üstünlüyü müzakirə edilmiş, sanki yarışdırılmışdır. Odur ki, həqiqətən, o azğın cəmiyyətdə bu iki topluluğun fədakarlıqları, həmrəylik və dayanışmaları olmasaydı, kim bilir, İslam toplumu o dövrdə daha çox əziyyət və zillətə məruz qalardı.
Millətləri, ümmətləri tarix səhnəsində uzun ömürlü edən, ayaqda canlı tutan, öz sözünü söyləməsinə zəmin yaradan ən əsas ünsür həmrəylik və yardımlaşmadır. Belə bir birliyin, həmrəyliyin olmaması demək, o millətin sadəcə adının var olması demək olar ki, o da bir müddət sonra ya hansısa qüvvənin əsarəti altında həyatını sürdürməsi, ya da tarix səhnəsindən silinib getməsi ilə nəticələnər.
ŞƏRHLƏR