SUAL? - CAVAB!

SUAL? - CAVAB!

Sual: Namazın son oturuşunda imam salam verməyib ayağa dursa, arxasındakı camaat nə etməlidir?

Cavab: İmam son oturuş üçün oturmadan unudaraq ayağa durarsa, arxasındakı camaat...

 onunla birlikdə ayağa durmadan təşəhhüdə davam edərək imamın geri oturmasını gözləyər. Həmin vaxt imama xatırlatmaq məqsədilə arxasında ona tabe olanlar: “sübhənallah” deyər. İmam qalxdığı rükətin səcdəsini etməyincə geri oturma ehtimalı olduğu üçün, ona tabe olan özbaşına salam verib namazı qurtara bilməz. Əgər salam verərsə, namazı pozular. Əgər imam son oturuşu etmədən qalxdığının fərqinə varmaz və geri qayıtmayıb səcdəyə də gedərsə, son oturuşu tərk etdiyi üçün imamın namazının fərzi pozulmaqla yanaşı, ona tabe olanların da namazı pozulmuş olar. Əgər camaat imamla birlikdə ayağa durar və imam fərqinə varıb səcdə etmədən geri oturarsa, camaat da oturar. Lakin camaat imamın oturduğunu bilməz və davam edərək səcdəyə gedərsə, bu səcdə ilə onların namazı pozulmaz. Çünki bu kimi hallarda əsas olan camaatın tabe olduğu imamın namazının səhih olmasıdır.

 

Sual: Bir şəxs öz həyat yoldaşının qəbrinin üstünə dəfn edilməyi və yaxud da hər hansı bir yerə basdırılmasını vəsiyyət edərsə, onun bu vəsiyyəti yerinə yetirilməlidirmi?

Cavab: Ümumiyyətlə, bir qəbrə yalnız bir şəxs dəfn edilə bilər. Əgər basdırılmış bir şəxs tamamilə torpağa qarışmayıbsa, bir zərurət olmadan qəbrin açılması və həmin qəbrə ikinci şəxsin dəfn edilməsi caiz deyil. Lakin tamamilə torpağa qarışdıqdan sonra ər-arvad və yaxud qohum olub-olmamasından asılı olmayaraq, həmin qəbrə başqası dəfn edilə bilər. Bandan başqa, hər hansı bir yerə basdırılmasını vəsiyyət edənin etdiyi vəsiyyətə əməl etmək məcburiyyəti yoxdur. Ancaq həmin vəsiyyətin yerinə yetirilməsi üçün də hər hansı bir maneə yoxdur.

 

Sual: Namazda örtülməsi fərz olan bir yer açılarsa, namaz dərhal pozularmı?

Cavab: Bir müsəlmanın namazı təkbaşına və ya imamla qılmasından asılı olmayaraq namazda ikən örtülməsi fərz olan bir üzv qeyri-ixtiyari açılar və həmin yer dərhal örtülərsə, namaz pozulmaz. Əgər açılan yer bir üzvün dörddəbiri qədər olar və bir rüknü yerinə yetirəcək – sübhanəllahil-azim deyəcək qədər açıq qalarsa, namaz pozular. Bundan başqa, qeyd edək ki, bilərəkdən açarsa, namaz dərhal pozular.    

 

Sual: Bir ay oruc tutmağı əhd edən bir şəxs bu orucu dalbadal tutmalıdır?

Cavab: Əvvəla qeyd edək ki, əhd və nəzir bir müsəlmanın fərz və ya vacib növündən olan bir ibadəti yerinə yetirəcəyinə dair Uca Allaha söz verərək həmin ibadəti özünə öhdəlik kimi götürüb borclu bir vəziyyətə gəlməsidir. Odur ki, şərtlərinə uyğun edilən bir əhd və ya nəzirin yerinə yetirilməsi vacibdir. Belə olan təqdirdə, otuz gün oruc tutmağı əhd edən bir şəxsin otuz gün oruc tutması vacibdir. Belə ki, əgər nəzir etdiyi orucları dalbadal tutmağa niyyət edibsə, yəni bu formada nəzir edibsə, dalbadal tutmalıdır. Ancaq belə bir niyyəti olmayıbsa, otuz orucu istədiyi günlərdə tuta bilər.

 

Sual: Qurani-Kərimə qulaq asmağın hökmü nədir?

Cavab: Qurani-Kərim oxumaq ibadət olduğu kimi, ona qulaq asmaq da fərzi-kifayə olan bir ibadətdir. Çünki bir ayeyi-kərimədə Uca Allah: “Quran oxunan zaman ona qulaq asın və susun ki, sizə mərhəmət olunsun”, (əl-Əraf, 7/204) – buyuraraq tilavət edilən Qurani-Kərimə qulaq asılmasını əmr edir. Ancaq, vurğulamaq lazımdır ki, qulaq asılması üçün məqsədə uyğun olmayan bir yerdə bərkdən tilavət edilməsi də düzgün deyil.  

 

Sual: Bir neçə cənazə üçün bir namaz qılına bilərmi və cənazə namazını ayaqqabı ilə qılmaq düzgündürmü?

Cavab: Birdən çox cənazə olduqda hər bir cənazənin namazını ayrı-ayrı qılmaq daha yaxşıdır. Lakin hamısına birlikdə bir namaz qılmaq da kifayətdir. Cənazə namazını ayaqqabı ilə qılmaq məsələsinə gəlincə, bütün namazlarda olduğu kimi, cənazə namazında da namaza əngəl olan nəcasətin təmizlənməsi labüddür. Belə olan halda cənazə namazı qılan şəxsin ayaqqabısında namaza mane olan bir nəcasət yoxdursa, namazını ayaqqabı ilə qılmasında dini baxımdan hər hansı bir qəbahət yoxdur. Hz. Peyğəmbər (s.ə.s) də ayaqqabı ilə cənazə namazına duran zaman Hz. Cəbrayılın (ə.s) onun ayaqqabısına nəcasət bulaşdığını xəbər verməsi nəticəsində ayaqqabısını çıxarmışdır (Əbu Davud, Səlat, 91).    

 

Sual: Azanla iqamə arasında edilən duanın qəbul olunacağına dair bir hədis varmı?

Cavab: Duaların daim qəbul edilmə ümidi olmaqla yanaşı, bəzi xüsusi vaxtlarda edilən duaların qəbul edildiyinə dair hədisi-şəriflər vardır. Azan oxunan zaman, azanla iqamə arasında və iqamə gətirilən zaman edilən dualar məhz bu qəbildən olan dualardır. Bununla bağlı Hz. Peyğəmbər (s.ə.s) belə buyurmuşdur: “Azan oxunanda səmanın qapıları açılar və edilən dualar qəbul olunar. İqamə gətiriləndə dua rədd olunmaz”. (Qazı əbu Şeybə, Müsənnəf, X, 32) Bir gün Hz. Peyğəmbər (s.ə.s): “Azanla iqamə arasında edilən dua rədd edilməz”, – buyurdu. Bunu eşidən əshabələr: “Ey Allahın elçisi, nə dua edək?” – deyə soruşdular. Hz. Peyğəmbər belə buyurdu: “Allahdan dünya və axirətdə sağlamlıq istəyin!”(Tirmizi Dəavat, 145)

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz