GÜNLƏR GƏLİB KEÇMƏKDƏLƏR…
Hər il dekabrın son günü cəmiyyətdə yeni ilin gəlişi kimi qeyd olunur. Təntənəli mərasim və ziyafətlərlə yeni bir ili qarşılayarkən, əcəba, geridə qoyduğumuz il haqda nə düşünürük?
Qarşıladığımız yeni ilə hansı duyğularla giririk? Qədəmlərimizi yeni ilə basarkən əslində ömrümüzdən azalan bir ilin necə sürətlə keçib-getdiyini fikirləşirikmi? Bəlkə, bir anlıq ayaq saxlayıb düşünək…
Anadolunun bağrından çıxan, Osmanlı padşahlarına mənəvi rəhbərlik edən Əziz Mahmud Hüdayi həzrətləri bir beytində belə deyir: “Günlər gəlib keçməkdələr, quşlar kimi uçmaqdalar”. Bu deyim həyatın nə qədər sürətlə keçib getdiyini, əlimizdən sanki quş kimi uçduğunu və onu yaxalamağın mümkünsüzlüyünü necə də gözəl ifadə edir. Dəqiqələrin toplamı olan saatlar günü, günlər həftəni, həftə də ayı qovalayır. Aylar il olur, keçən illər ömür adlı həyatımızı formalaşdırır. Hər şey kiçik və xor gördüyümüz saniyədən başlayır. Nəfəs alıb-verdiyimiz hər saniyə ömür adlı kasamızı doldurur və bir dünyadan digərinə daşmağa hazırlaşırıq. Gözümüzün önündə fırlanan saat əqrəbi eynilə maşınımızın sürətölçəni kimi ölümə nə qədər yaxınlaşdığımızı göstərir və biz durmadan final xəttinə yaxınlaşırıq. Fəsilləri yaşayarkən əslində ömrümüzün yazını, yayını, payızını və qışını dadırıq. Uşaqlıq və yeniyetmə çağımızda yaz fəsli oluruq, gəncliyimizin baharından sonra ömrün xəzanını yaşayırıq, ardından bizi tir-tir titrədən qara qış qapımızı döyür. Əslində təbiətin hər fəsli bizə bu gerçəyi xatırladır. Gözümüzün önündə tükənən dəqiqələr ömür saatımızın dolduğundan xəbər verir. Payızda tökülən hər yarpaq təqvimdən qopardığımız səhifələri xatırladır, həyat yolunda irəliləyərkən arxada qoyduqlarımızı yada salır.
Yeni bir təqvim ilini qarşılamağa hazırlaşırıq. Qocaman bir ili geridə qoyuruq. Hər biri ortalama 30 gün olan 12 ay – 365 gün. 2019-cu ilə qədəm qoyarkən əvvəlki ilin hesabatını etməliyik. Ötən ildə buraxdığımız xətaları bu il işləməmək və səhvlərimizi düzəltmək üçün yaşadıqlarımızı gözümüzün önünə gətirməli, yeni ilə yeni ruhla girməliyik. Müsəlman atdığı hər addımı, söylədiyi hər sözü götür-qoy edən insandır və ya olmalıdır. Çünki məhz bu xarakterdə yetişənlər həyatı qayəsinə uyğun yaşaya və başqalarına gözəl nümunə ola bilərlər. Elə isə gəlin yeni bir təqvim ilinin astanasında özümüzə sual verək:
- Keçən ilin ötən günlərində, başda namaz olmaqla, ibadətlərim nə halda idi? Namazların vaxtına riayət etdimmi, yoxsa vaxtın çıxmasına az qalmış borcumdan çıxmaq düşüncəsi ilə başdansovdu qılıb özümə təskinlik verdim? Hər bir namazı ilahi hüzura durduğumun fərqində olaraq geyim-kecimimi düzəldərək qıldım, yoxsa əynimdəki pijama ilə necəgəldi qılıb sovuşdurdum?
- Digər bədəni ibadətlərimiz nə haldadır? Başda Ramazan orucu olmaqla tutduğumuz oruclar bizi günahlardan qorudumu, yoxsa sadəcə mədəmizi ac saxladıq? Dilimiz, qulağımız, gözümüz, əlimiz və ayağımız mədəmizə şərik oldumu? Dualarımıza kimləri qatdıq? İslam dünyasının məzlumları üçün, ətrafımızdakı yoxsul və kimsəsizlər üçün Allaha yalvarıb göz yaşı tökə bildikmi?
- Allah ilə bağlılığımızın göstəricisi olan infaq və yardımlarımız hansı səviyyədədir? Qapıya gələn yoxsulu gülər üzlə qarşılaya bildikmi? Kasıbın əlinə dəymədən Allahın əlinə keçən infaqlarımız neçə könülə məlhəm oldu? Yaxud da – Allah qorusun – könül oxşayacaq yerdə başa qaxınc olub bütün savabları silib-süpürdümü?
- Vaxtımızı nə ilə doldurduq? Boş vaxt deyib oyun-əyləncəyə daldıq, yoxsa Allahın rizasını qazanacaq işlər görməkdən boş vaxtımız qalmadı? Əlimizdəki zaman fürsətini oxuyaraq, halal ruzi qazanaraq, sevdiklərimizə ayıraraq, digər insanlara xidmət şüuru ilə daha da qiymətli hala gətirə bildikmi?
- İnsanlarla münasibətimiz nə haldadır? Ailə üzvlərimiz, qonşularımız, qohum-əqrəbamız, iş yoldaşlarımız, bir parçası olduğumuz qruplar bizdən razıdırmı? Televizorun qarşısında oturmaqdan yoldaşımıza və uşaqlarımıza vaxt ayıra bilməyənlərdənik, yoxsa onların səsini eşidib üzünü görmək üçün televizoru unudanlardanq? Ata-anamıza vaxt ayıra bildikmi, yoxsa bayram günləri bir “alo” deməklə kifayətləndik? Qohum-əqrəba ziyarətlərimiz nə haldadır? Böyük şəhərlərdə əsən soyuq ayrılıq küləkləri isti münasibətlərimizi nə qədər üşüdür, görəsən? “Öz dərdim özümə bəsdir” deyərək dərdimizin hayına qalmaqdan, qohumlarımızın dərdinə şərik ola bilmədiyimizi düşünürükmü?
Bəs qonşular? Hər gün məhəlləmizdə, qapımızın önündə rastlaşdığımız qonşularımızla münasibətimiz necədir, görəsən? Çağımızın kapitalist sisteminin aramıza qalın divarlar hörməsinə izin vermişikmi? Eyni binada yaşadığımız insanlardan xəbərimiz varmı? Bişirdiyimiz yeməyin qoxusu ilə narahat etdiyimiz qapıbir qonşumuza nə qədər ikram edə bilirik? Ailədaxili şiddətə şahid olduğumuz yerdə uyğun dillə tərəflər arasındakı qızğın münasibətlərə sərin sular səpə bilirik, yoxsa üzümüzü yana çeviririk? İnsanların xeyrinə və şərinə nə qədər yarayırıq? Başqalarının imdadına çataraq övladlarımıza fədakarlıq nümunəsi göstərə bilirik, yoxsa bizə baxıb eqoist ruhda böyüyürlər?
Küçədə gəzərkən, marketdə alış-veriş edərkən, nəqliyyat vasitəmizi sürərkən nə qədər müsəlmanıq? Ayaqqabımızı sildiyimiz salfeti yerə ataraq şəhəri süpürən xadimələrə əlavə yük oluruq, yoxsa nümunəvi bir insan kimi əlimizdə saxlayıb müvafiq yerə atırıq? Başqalarının baxmamamız gərəkən yerinə gözümüzü zilləyərək narahatlığa səbəb oluruq, yoxsa ayağımızın altına baxırıq? Maşınımızın təkərindən çıxan palçıqla başını önünə əyib öz yolunu gedən insanların üst-başını kirlədirik, yoxsa yağışda islanmamaları üçün ani reflekslə əyləcə basıb yolumuza yoldaş edirik? Alver edərkən nəfsimizin hər istədiyini alaraq israfa yol veririk, yoxsa ehtiyac miqdarı ilə kifayətlənirik? Malımızda yoxsul və məhrumun da haqqının olduğunu düşünərək fəqir-füqəranın üzünü güldürəcək xərclərimiz varmı və bu kimi məsrəflərə nə qədər yer veririk?
Burada sadaladıqlarımız və sadalaya bilmədiyimiz suallar əslində gözəl insan olmamız üçün hər gün özümüzü test edəcəyimiz mühüm suallardır. Əgər gündəlik hesabatımızı vaxtlı-vaxtında etsək, illik hesabatımız bu qədər uzun olmaz. Eləcə də axirət hesabımız daha asan olar. “Hesaba çəkilmədən özünüzü hesaba çəkin” tövsiyəsinə qulaq verərək atdığımız hər addımı, yaşadığımız hər saatı, hər günü, keçirdiyimiz hər ili götür-qoy etməliyik ki, axirət hesabından üzüağ çıxa bilək. Əgər 2018-lə bu duyğularla vidalaşa bilsək, əminəm ki, 2019 daha yaxşı olacaq.
Yeni ilə yenilənərək çıxmaq diləyi ilə…
ŞƏRHLƏR