HANSI ƏXLAQ?
Elmi və siyasi sistemlərin böyük əksəriyyəti fəzilətli və arzuedilən cəmiyyətin təsis edilib formalaşmasında əxlaqi dəyərlərin müstəsna yeri olduğunu birmənalı olaraq qəbul edir.
Ancaq bu əxlaq anlayışı və əxlaqi keyfiyyətlər dünya görüşü və bəhrələndiyi mənbələrə görə bir-birindən fərqlənmişdir. Ümumiyyətlə, əxlaqi fəaliyyətlər gündəlik həyatda hər gün təkrar etdiyimiz düzgün olmaq, doğru hərəkət etmək, yalan danışmamaq, insanlara hörmət etmək, başqalarının haqqını əlindən almamaq, insanlara kömək etmək kimi fəaliyyətlərdir. Bu kimi fəaliyyətlərdə olan insanlar isə əxlaqlı, namuslu, ləyaqətli insanlar kimi səciyyələndirilirlər. Əxlaq insanı digər varlıqlardan (heyvanlardan) ayıran ən əsas amildir.
Tarixə nəzər saldıqda görərik ki, fəlsəfə məktəblərinin və mütəfəkkirlərin insana təqdim etdiyi xoşbəxtlik reseptində əxlaq özünəməxsus yerə malikdir. Danılmaz bir həqiqətdir ki, bu sistem və məfkurələr populyarlığını mühafizə etsə də, əyani şəkildə heç bir cəmiyyətə öz bəhrəsini verməmişdir. Məsələn, Kant fəlsəfəsində əxlaq anlayışı önəmli mövzudur. Ancaq heç bir dövlət və cəmiyyət onun əxlaqını tətbiq edərək xoşbəxt olmamışdır. Sadəcə onun əxlaq qaydaları və anlayışı dərs vəsaiti olaraq qalmış və filosofların əxlaq barəsindəki görüşlərinin əsas mənbəyi olmuşdur. Ancaq bu sistemlərdən fərqlənən və cəmiyyətlərin tərəqqi mənbəyi olan bir əxlaq məktəbi mövcuddur ki, ona “İslam əxlaqı” deyilir.
Bir neçə cəhətdən fərqlənən İslam əxlaqını digər məktəblərdən fərqləndirən ən əsas amil onun vəhy mərkəzli və tətbiq ediləbilən olmasıdır. İslam dininin insanlardan tələb etdiyi və onu çatdırmaq istədiyi hədəf: kamil əxlaq sahibi olmasıdır. Bütün dini ibadət və ayinlərin əsas amalı bundan ibarətdir. Əxlaqın tətbiqçisi, müəllimi və mükəmməl nümunəsi olan Hz. Peyğəmbərin (s.ə.s) əxlaqı Qurani-Kərim əsasında tənzimlənmişdir. Bunun əyani isbatı da onun əxlaqı barəsində sual soruşan səhabələrə Hz. Aişənin verdiyi: “Onun əxlaqı Qurani-Kərim idi” cavabıdır. Hz. Peyğəmbər Quran əxlaqını həyatına yansıdaraq dövrünün ən vəhşi və əxlaqsız toplumu olan ərəb qəbilələrini, tarixdə tayı-bərabəri olmayan, ən zirvə əxlaq normalarının yaşandığı cəmiyyətə çevirmişdir. Vəhşi xarakterli, öz qızını diri-diri torpağa basdıracaq qədər qəddar olan Hz. Öməri ədalət timsalına çevirən və “ədalətin əkizidir” deyilməsinə, xəlifə olduğu dövrdə ehtiyacı olan ailələrə öz belində ərzaq daşımasına səbəb məhz Hz. Peyğəmbərin (s.ə.s) yaşadığı əxlaqdır. Şöhrəti bütün dünyada məşhur İbn Sina, Nəsrəddin Tusi, Nizami, Füzuli kimi görkəmli şəxsiyyətlər məhz bu əxlaqla yoğrulmuşdur. Belə gözəl əxlaq normalarına sahib ikən xəstə və naqis əxlaqlara həvəslənmək və tamah etmək heç bir şəkildə qəbul edilən deyildir.
Əxlaq insanın həyatına yansıdığı zaman dəyər qazanır. İslam dini həyat dinidir, yəni yaşamaq üçün göndərilmiş dindir. Məsələn, Qurani-Kərim və yaxud hədislərdən öyrəndiyimiz əxlaq qaydalarını öyrənib həyatımıza yansıtmasaq, əyani şəkildə heç bir faydası yoxdur. Yalan danışmağın, oğurluq etməyin günah olduğunu bildiyimiz halda həyat fəlsəfəmizdə bunun yeri yoxdursa, islam nöqteyi-nəzərindən də heç bir dəyəri yoxdur. Hz. Peyğəmbərin “Mən gözəl əxlaqı tamamlamaq üçün göndərilmişəm” hədisində də məqsəd həyata yansıyan və cəmiyyətin rəngini dəyişdirən əxlaqdır.
Əxlaq və iman biri-birini tamamlayan iki ünsürdür. İman kamilləşdikcə əxlaq da gözəlləşir. İman Allah ilə olan rabitənin, əxlaq isə sosial mühit ilə münasibətlərin əsasını təşkil edir. Odur ki, Allahın razılığına nail olmaq və cəmiyyətdə nümunə şəxsiyyət olmaq üçün gözəl əxlaq vazkeçilməzdir.
Hz. Peyğəmbər (s.ə.s) nümunə əxlaq və kamil şəxsiyyəti ilə yaşadığı dövrdən başlayaraq hər dövrdə diqqət mərkəzində olmuş və ona inanan və yaxud inanmayanlar tərəfindən təqdirə layiq görülmüşdür. “Allahım! Xilqətimi gözəl etdiyin kimi, əxlaqımı da gözəlləşdir” (Əhməd ibn Hənbəl, Müsnəd) şəklində etdiyi dua onun (s.ə.s) kamil əxlaqa nə qədər əhəmiyyət verdiyini göstərir. Tarix kitablarının heç birində onun kobud, xoşagəlməz və üzqızardıcı hər hansı davranış sərgilədiyi yer almır. Uca Allahın: “Şübhəsiz ki, sən gözəl əxlaq üzərindəsən” (əl-Qələm, 4) buyurması da nümunə alınacaq əxlaqın Hz. Peyğəmbərin öyrətdiyi və yaşadığı əxlaq olduğunu göstərir. Bu həqiqət qeyri-müsəlmanları da heyrətə qərq etmişdir. Hollandiyalı alimlər tərəfindən 100 görkəmli şəxsiyyətlərdən kimin daha əxlaqlı olduğu barəsində apardıqları elmi təcrübi tədqiqatda birinci yerə Hz. Muhammədin (s.ə.s) çıxması da düzgün tənzimlənmiş əxlaqın nə qədər əhəmiyyətli olduğunu göstərir.
Xülasə, dünya tarixində ən gözəl əxlaq peyğəmbər əxlaqıdır. Hz. Peyğəmbərin ifadəsi ilə desək: insanlar arasında ən xeyirli olmaq üçün gözəl əxlaqlı olmaqdan başqa yol yoxdur.
ŞƏRHLƏR