HEKAYƏLƏR
Yükünü qoy, sonra keç.
“Günlərin birində bir ağacın altında oturub istirahət edirdim.
Bir qarışqa diqqətimi çəkdi. Özündən böyük bir çörək qırıntısını sürüyə-sürüyə aparırdı. Bəzən kiçicik su gölməçəsi ilə qarşılaşır və ətrafından fırlanır, bəzən də otlara ilişən çörək qırıntısının ucunu qopartmaq üçün çırpınırdı. Amma nə çörək qırıntısını əldən qoyur, nə də rahat daşıya bilmək üçün çörəyi xırdalamağa razı olurdu. O isti gündə bu minvalla çörək qırıntısını uzaq məsafəyə daşıdı.
Nəhayət yuvasına çatdı. Lakin yuvasına gedən dəhliz dar, çörək qırıntısı isə böyük idi. Min bir zəhmətlə yuvasının ağzına gətirdiyi çörəyi heç cür içəri sala bilmirdi. Çörək qırıntısının
ətrafında fırlanır, gah o tərəfə, gah da bu tərəfə çevirərək içəri salmağa çalışırdı, lakin heç cür istədiyinə nail olmurdu. Bu mənzərə məni öz halımı düşünməyə sövq etdi. Ömrüm boyu toplayıb yığdığım dünyalıqları nə cür qəbir qapısından keçirməyə çalışdığımı düşündüm. Halbuki dünyada yığdığımız bu əşyaların, zinət və sərvətlərin qat-qat gözəlləri bizi axirət həyatında gözləyir. Təbii ki, əvvəlcədən ora göndərmişiksə. Haqqın lütf etdiyi nemətlərin necə sərf
ediləcəyini bilmişiksə!..”
Hər kəs odu dünyadan özü ilə gətirirmiş!
Haqq dostlarından Bəhlul Danəndə hikmətli və ibrətli sözlərlə dövrünün insanlarını, xüsusilə xəlifə Harun Rəşidi xəbərdar etməyə çalışır, həqiqət pərdələrini aralayaraq tez-tez mənəvi dərslər verirdi. Xəlifə də onun bu halını sevər, saraya girib-çıxmasına etiraz etməzdi. Bəhlul Danəndə uzun müddət saraya baş çəkməmişdi.
Bir gün Harun Rəşib onunla qarşılaşdıqda soruşdu:
“- Bəhlul, neçə vaxtdır haralardasan, görsənmirsən?”
Bəhlul:
“- Mənə cəhənnəmi göstərdilər, oradakı vəziyyəti seyr
etdirdilər”, – deyə cavab verdi.
Harun Rəşid bu cavaba təəccüb edərək:
“- Ora necə girə bildin, od səni yandırmadımı?” – dedi.
Bəhlul Danəndə xəlifəni dəhşətə salan bu cavabı verdi:
“- Xeyr, orada oddan əsər-əlamət yox idi. Çünki hər kəs
odu dünyadan özü ilə gətirirmiş!..”
Ümidimi boşa çıxarma!
Həzrət Musa (ə.s) bir səyahətə çıxmışdı. Yolda bir şahinin bir göyərçini qovduğunu gördü. Göyərçin Musanı (ə.s) görən kimi ona sığınmaq üçün çiyninə qondu. Şahin də gəlib o
biri çiyninə qondu. Şahinin üstünə şığımaq istədiyini görən göyərçin Həzrət Musanın əbasının qolundan içəri girdi:
“- Məni qoru, ya Musa! Yoxsa şahin məni həlak edə cək!”
– dedi.
Bu zaman şahin də açıq bir dillə Musaya:
“- Ey İmran oğlu! Mən də sənin yardımına möhtac olaraq gəldim. Ümidimi boşa çıxarma! Mənimlə ruzimin arasına girmə!” –deyə səsləndi.
Göyərçin isə:
“- Ey İmran oğlu Musa! Məni qoruyacağına ümid
edirəm, sənə sığınıram, məni qoru!” –dedi.
Musa (ə.s) öz-özünə:
“- Aman, ya Rəbb! Belə bir məsələdə məni nə tez imtahana
çəkdin. Həm də çox ağır bir imtahana!” – dedi. Həzrət
Musa çarəsiz qalmışdı.
Nəhayət, göyərçini qorumaq, şahinin də istəyini yerinə yetirmək və beləcə, Allahın əmrinə sadiq qala bilmək üçün son çarə olaraq baldırından bir parça ət qopardıb şahinə verməyi düşündü.
Göyərçinlə şahin Həzrət Musanın canından fədakarlıq etmək fikrinə düşdüyünü hiss etdikdə:
“- Ey İmran oğlu! Əl saxla! Biz iki elçiyik. Məqsədimiz sənin Allaha verdiyin vədi sınamaq idi”, – dedilər.
ŞƏRHLƏR