SƏBR

Səbir kəlmə olaraq tək bir mənanı ifadə edirmiş kimi görünsə də, dilimizdə, daşıdığı xüsusiyyətlərə görə fərqli mənalara da bürünə bilir. Misal olaraq, dünya nemətlərinin azı ilə kifayətlənmək səbir tələb edir və bu zaman dil ilə ifadəsi: 

“qənaət” olur. Çətinliklərə qarşı göstərilən səbirə onu dözməklə əlaqələndirib: “dözüm” deyirik. Bir işdə davamlılıq göstərdikdə isə “səbat” adını alaraq insana üstünlük qazandırır. Səbir ruha məna verən, yüksək mərtəbəyə çatdıran bir xüsusiyyətdir. Həyatda xeyirli iş görənlərin səbirlə bu işə davam etmələri onları mənəvi cəhətdən yüksəldir. İbadətlərdə də səbir lazımdır ki, daimilik təmin oluna bilsin.

Səbir müqavimət, çətin vəziyyətlər qarşısında cəsarət və mətanətini itirməmək duyğusudurBir sözlə, səbir həyatın çətinlik və məşəqqətlərinə dözmə gücü və eyni zamanda mənəvi bir tərbiyədir. Ölüm, xəstəlik qorxusu, müharibə, aclıq, iflas, maddi-mənəvi sıxıntı və problemlər insanın formalaşması adına bir imtahandır. Bu imtahanı müvəffəqiyyətlə keçməyin adı səbirdir. Səbir gücünü əldə etmək üçün birinci addım nəticəyə çatma inancı və əzmini göstərməkdir. Çünki ancaq inanaraq səbir edənlər məqsədlərinə çata bilərlər. Hər mövzuda nəticə əldə etmək üçün müəyyən bir zamanın keçməsi lazımdır. Tələsik və düşüncəsiz davranış insanı səbir gücündən uzaqlaşdıran amillərdən biridir. İnsan unutmamalıdır ki, səbir başımıza gələnlərə quru-quruya dözmək, durğun və hərəkətsiz qalaraq gözləmək deyildir. Haqsız yerə təcavüzə, ləyaqətini alçaldan hücumlara və davranışlara dözmək səbir etmək deyildir. Bunlara qarşı nifrət və kədər hissi keçirmək doğrudur, amma yetərli deyil. Onlarla mübarizə aparmaq lazımdır. Bu mübarizə zamanı göstəriləcək iradə gücü səbir adlanır. İnsan öz iradəsi ilə öhdəsindən gələ biləcəyi hadisələr qarşısında özünü zəif və gücsüz göstərməməlidir. Əgər özünü belə göstərərsə, bu, səbir deyil, acızlik və tənbəllik olar.

 Səbirsizlik etmək isə tələskən olmaq, eyni vaxtda  bir çox şeyi istəməkdir. Bu da hər hədəfə çatmaq üçün müəyyən bir vaxt tələb olunduğunu bilməməkdən irəli gəlir. Buna görə də ən qısa zamanda nəticə əldə etmək istəyənlər məqsədlərində yarımçıq qalır və işin sonundakı xeyri görə bilmirlər. Bütün çətinlik və sıxıntılara dözərək səbir etməli, bu sıxıntı və çətinliklərin Allah tərəfindən gəldiyi şüuruna sahib olmalı və hər işdə bir xeyrin olduğunu unutmamalıyıq. Bu da bir həqiqətdir ki, Allah-Təala heç kimi qaldıra bilməyəcəyi bir yüklə yükləməz.

 Dinlər tarixinə nəzər saldıqda səbrin bütün Peyğəmbərlərin ortaq nöqtəsi olduğunu görürük. Hər bir Peyğəmbər yaşadığı coğrafiyada problemlərlə üzləşmiş, zindanlara atılmış, öz yurd-yuvasından sürgün edilmək məcburiyyətində qalmışdır. Peyğəmbərlər bu qədər əzab - əziyyətə baxmayaraq, yenə də səbir etmiş və heç bir zaman bu yoldan üz döndərməmişlər. İslam dini başda olmaqla xristianlıq, musəvilik və buddizm kimi böyük dinlərdə də səbir ən önəmli xüsusiyyətlərdən biridir. Bu səbəblə də hər bir müsəlman qurtuluşun açarının səbirdə olduğunu bilib səbirlə addımlamalıdır. Bir reallığı da nəzərə almalıyıq ki, insan rahatlıqla səbir sahibi ola bilməz. Çünki insanın yaradılışında bezmək, tələsmək kimi xüsusiyyətlər vardır. İnsan baş verən hadisələrin eyni cür, rahat və tez baş verməsini istəyir. Gözlədiyi bu hadisələr fərqli şəkildə özünü göstərən zaman həyəcan, sevgi və məqsəd bir anda yoxa çıxır. Lakin səbir etməyi bacaran kimsə sonunda istədiyinə nail olur.

Bir işi inanaraq və davamlı görmək asan deyildir. Qəzəbləndiyi zaman özünə hakim ola bilmək, kənar təsirlərə müqavimət göstərərək səbirli olmaq da asan bir iş deyil. Ömrü boyu bizə örnək şəxsiyyət olmuş Peyğəmbərin (s.ə.s) həyatına nəzər yetirdiyimizdə səbrin ən böyük nümunəsini görə bilərik. Belə ki, Peyğəmbərimiz dostu Əbu Bəkr (r.a) ilə düşmənlərdən qaçaraq mağarada gizləndikləri zaman düşmənlər onları təqib etmiş və mağaranın önünə qədər gəlmişdilər. Artıq düşmənlərin ayaq səsləri eşidilirdi. Əbu Bəkr (r.a) çox qorxurdu; bu qorxu onun özü üçün deyil, Peyğəmbərə (s.ə.s) görə idi. Çünki ona bir şey olsa, İslam dininə zərbə vurulmuş olacaqdı. Əbu Bəkr (r.a) onun narahatlığının səbəbini soruşan Peyğəmbərimizə: “Mən ölsəm, bir insan həyatda olmamış olar, lakin sən ölsən, ümmət ölmüş olar”, - demişdi. Rəsulullah (s.ə.s) isə belə bir çətin məqamda dostuna təskinlik vermiş, kədərlənməməyi və səbirli olmağı tövsiyə etmişdi.

  İnsana güc verən səbir duyğusunu Mövlana həzrətləri bu sözləri ilə dilə gətirmişdir: “Səbir ağrıları azaldan acı bir toxuma bənzəyir; həm canı yandırır, həm də müalicə edir”.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz