FİTRƏTƏ BAĞLI TƏRBİYƏ
Bizi yoxdan yaradan Rəbbimiz Quranda insanlar üçün əxlaq, davranış və təlim-tərbiyə düsturu ola biləcək bir mövzuda belə buyurur: “Hər bir kəs yaradılış xislətinə (xasiyyətinə) görə əməl edər”. (əl-İsra, 84)
Fitrət insanın yaradılış düsturudur, məhz bu yoldan azmamaq üçün insanın xilqətini və xislətini bilməyimiz, tərbiyə və təlimi bu düstura münasib şəkildə sistemləşdirməyimiz lazımdır. Məsələn, uşaqlar oynamağı çox sevirlər. Buna görə də uşaqlara təhsil və tərbiyəni oyunlar vasitəsilə məktəbin ilk illərində verə bilsək, onların iki ehtiyacını da qarşılamış olarıq. Necə deyərlər, bir oxla iki ov vurmuş olarıq. Həm onları fitrətlərinə bağlı olaraq oyunlardan uzaq tutmamış, həm də lazım olan təlim və tərbiyəni aşılamış olarıq.
Bir müəllim şagirdlərin hansı xüsusiyyətlərə sahib olduqlarını bilməlidir. Dərs verərkən bütün uşaqları eyni dərsdən eyni tərzdə məsul tutmamalıdır. Bütün şagirdlərə "hamınız bu dərsi əzbərləyin" , "hamınız bu dərs haqqında bir məqalə yazın" kimi hər kəsin eyni cür etməsini istəməsi doğru deyildir. Allahın onlara vermiş olduğu qabiliyyətləri və xilqəti nəzərə alaraq münasib ev tapşırığı verməlidir. Yaxud onlara dərs anladarkən şagirdlərin qavrama tərzlərinin diqqətə alınması lazımdır. Məsələn, sinifdəki 20 şagirddən bir neçəsi şeir yazmağa meyilli ola bilər, başqa bir neçə şagird rəsm çəkməyə qabiliyyətli ola bilər, bir neçə başqa şagirdin teatr oynamaq bacarığı ola bilər. Əgər şagirdlərin bu kimi qabiliyyət və bacarıqları diqqətə alınmazsa və hətta təzyiq altında tutularaq üstü örtülərsə, o zaman bizə əmanət edilmiş bu uşaqları itirər, ictimaiyyətə gələcəkdə xeyirli olmaq yerinə zərər çəkmiş və zərər verən fərdlər yetişdirmiş olarıq.
Peyğəmbərimiz (s.ə.s) bir kəlamında belə buyurur: "İnsanlar qızıl və gümüş mədənləri kimidir". Bir müəllimin əsl vəzifəsi bu "yeraltı mədənin" ortaya çıxmasını təmin etməkdir. Tam əksi olar, yəni bu xəzinənin üstünü örtərsə, bu gövhər bir daha üzə çıxmaya bilər. Bəzi hallarda müəllimlər hiss etmədən önündə oturan şagirdlərin nifrət etməsinə, ailədən və cəmiyyətdən mənəvi olaraq uzaqlaşmasına səbəb ola bilərlər. Bu halların qarşısını almaq üçün təcrübəli müəllimlər şagirdlərin içində gizlənən "xəzinələrə" nəzər salmalı və bu xəzinəni ortaya çıxarmaq üçün əlini daşın altına qoymalıdır. Bir insan düşünün ki, qarşısındakı insan bilmədiyi halda ona öz dilində nəsə anlatmaq istəyir. Saatlarca deyil, günlərcə anlatsa da, ona məramını çatdıra bilməyəcəkdir. Çünki qarşıdakı insanın bilmədiyi bir dildə danışır. Elə məhz buna görə də bir müəllim və yaxud valideyn uşaqların “fitrət dilini” yaxşı bilməlidir.
Belə bir müdrik söz var: "Ən yaxşı müəllim, tələbəyə ən az zərər verəndir". Nəyisə öyrətməkdən əvvəl, nəyisə yıxıb dağıtmadığımıza diqqət etməliyik. Necə ki, usta əlindəki materialdan bir əşya düzəltdiyində, əgər nəticələndirdiyi əşya xammaldan daha qiymətsiz və dəyərsiz alınarsa, o zaman dayanıb düşünməyində fayda vardır; görəsən, yıxdığım düzəltdiyimə dəydimi?!
Bu həssaslıq sadəcə müəllim-şagird arasında deyil, valideyn-övlad, məsul şəxs ilə onun tabeliyində olanlar və buna bənzər münasibətlərdə də özünü göstərməlidir. “Məktəb həyatı” və “həyat məktəbi” məfhumları bir-birini tamamlayan iki cəbhədir. Biri ön cəbhə, ikincisi arxa cəbhə mahiyyətindədir. Bu iki tərəf hər zaman bir-birinə uyumlu və dəstək verən olmalıdır. Məktəb həyatında öncül olaraq öyrədilənlər, həyat məktəbində bizə ən çox ehtiyacımız olan bilik və bacarıqları əhatə etməlidir. Gözəl övlad, gözəl qonşu, dəyərli valideyn olmaq; xalqına xidmətkar ola bilmək, haqqı-hüququ tapdalamamaq; vətənpərvərlik, sədaqət, namus keşikçisi ola bilmək kimi bir çox üstün dəyərlərimiz məhz məktəb həyatında qazandırılmalıdır. Məktəb həyatında bunlar aşılanmadığı zaman bütün ictimaiyyət bunun cavabını vermək, daha doğrusu, cəzasını həyat məktəbində çəkmək məcburiyyətində qalar. "Nə tökərsən aşına, o da çıxar qaşığına" sözü burada bir həqiqət lövhəsi kimi qarşımıza çıxmaqdadır.
Məktəb həyatı bitdikdən sonra hər kəs həyat məktəbinə qədəm qoyacağına və keçən zamanı da geri qaytarmaq imkansız olduğuna görə fürsət və imkanları maksimum səviyyədə dəyərləndirmək lazımdır. Övladlarımızın, şagirdlərimizin bizim üçün davam edən bir sədəqə olmasını və axirətdə bizim lehimizə şahidlik etmələrini arzulayırıqsa, ilk əvvəl onları yaxından tanımalı, sonra da qabiliyyət və bacarıqları istiqamətində milli-mənəvi üstün dəyərlərə yiyələndirərək həyat məktəbinə uğurlamalıyıq.
ŞƏRHLƏR