ƏNSAR-MÜHACİR QARDAŞLIĞI
Mühacir Məkkədə yaşayıb, Allah Rəsuluna (s.ə.s) iman gətirdiyi üçün onlara qarşı olunan əziyyət və işgəncələrdən sonra, imanlarını qorumaq məqsədi ilə Allah və Rəsulu (s.ə.s) üçün öz yurd-yuvalarını, var-dövlətini tərk edib Mədinəyə köçərək (hicrət edərək) burada məskunlaşan müsəlmanlara verilən addır.
Ənsar isə Məkkədən köçüb gəlmiş müsəlmanlara (mühacirlərə) maddi-mənəvi hər növ yardım edərək onlara dəstək olan yerli - mədinəli müsəlmanlara verilmiş addır.
Mühacirlər Mədinəyə yerləşdikdən sonra bu torpaqları, buranın xalqını sevmələri, onların qəlblərində olan vətən həsrətini, yaxınlarından ayrılıq atəşini, Məkkənin sevgi və hüznlərini bir az da olsun yatışdırmaq üçün Allah Rəsulu (s.ə.s) dualar etmiş və onları Ənsarla qardaş elan etmişdir. Bir duasında belə deyirdi: “Ya Rəbb! Məkkəni sevdirdiyin kimi, Mədinəni də bizə sevdir! Hətta Məkkədən daha çox sevdir!Mədinəlilərin məhsullarına bərəkət ehsan et!..” (Buxari, Fəzailul-Mədinə, 12; Müslim, Həcc, 480)
Allah Rəsulunun (s.ə.s) təsis etdiyi yuxarıda qeyd etdiyimiz bu qardaşlıq elə möhkəm olmuşdur ki, bəşər tarixi heç bir zaman belə bir qardaşlığa şahid olmamışdır. Əvvəlcə Allah Rəsulu (s.ə.s) Mədinədə tarixən mövcud olan və bir-biri ilə qanlı savaşlar edən Övs və Həzrəc qəbilələrinin arasını düzəltmiş, onları barışdırmış, daha sonra isə “Muaxat” (qardaşlıq əlaqəsi qurmaq) dediyimiz bu tarixi əhdnaməni təsis etmişdir. Bununla da müsəlmanlar bütün dünyaya sübut etmişdir ki, din qardaşlığı, bu qardaşlıqdan doğan birlik və bərabərlik hər bir şeydən və dünyəvi mənfəətlərdən üstündür.
Mühacirlər öz yurd-yuvalarını, qohum-əqrəbalarını, var-dövlətlərini Allah üçün, öz imanları üçün necə tərk edib fəzilət sahibi üstün bir şücaət göstərdilərsə, elə Ənsar da mühacir qardaşlarını bağrına basaraq, onlara maddi-mənəvi dəstək olaraq, öz var-dövlətlərini onlarla paylaşaraq eyni şəkildə fəzilət və üstün əxlaq nümunəsi göstərdilər. Kimi öz şəxsi evini, kimi miniyini, kimi bağ-bağçasını, kimi öz əkin sahəsini və bəziləri də ticari işlərini mömin qardaşları ilə bölüşüb paylaşdılar. Onların bu səmimi fədakarlıqlarını tərif edən Uca Allah bu ayəni nazil etdi: “Onlardan (mühacirlərdən) əvvəl (Mədinədə) yurd salmış və (Muhamməd əleyhissalama qəlbən) iman gətirmiş kimsələr (ənsar) öz yanlarına (şəhərlərinə) mühacirət edənləri sevər, onlara verilən qənimətə görə ürəklərində həsəd (qəzəb) duymaz, özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar. (Allah tərəfindən) nəfsinin xəsisliyindən (tamahından) qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapıb səadətə (Cənnətə) qovuşanlardır!” (əl-Həşr, 9)
Bu islam qardaşlığının bariz nümunələrdən biri Əbdurrəhman ibn Əvf ilə Sad ibn Rəbi arasında qurulmuş qardaşlıq və yardımlaşma bağıdır. Sad ibn Rəbi (r.a) ona belə demişdi: “Qardaşım, buyur, bunlar mənim var-dövlətim, bunların yarısını sənə verirəm”. Əbdurrəhman ibn Əvf (r.a) isə:“Qardaşım, Allah var-dövlətinə bərəkət, ailənə də rahatlıq versin. Sən mənə Mədinənin bazarının yolunu göstər, kifayətdir”,- dedi. Dərhal ticarətə başlayan Əbdurrəhman ibn Əvf (r.a) qısa zamanda varlı bir insana çevrildi. (Buxari, Mənaqibul Ənsar,3)
Allah Rəsulu (s.ə.s) Mədinəyə yeni gəlmişdi. Ondan əvvəl Mədinəyə yerləşən mühacirlər başına toplaşmışdılar. İçlərindən biri: “Ya Rəsulallah! Yanlarına hicrət edib yerləşdiyimiz bu qövmdən daha comərd və xeyirxah heç kimi görmədik. Var-dövləti çox olan bol-bol pay verir, az olan da fədakarlıq edir. Bütün məişət sıxıntılarımızı aradan qaldırır və bizi öz var-dövlətlərinə ortaq edirlər. Qorxuruq ki, bütün savab və axirət mükafatının hamısı onların olar, bizə bir şey çatmaz!”- dedi. Allah Rəsulu (s.ə.s) onlara belə cavab verdi: “Xeyr, onlar üçün Allaha dua etdiyiniz və etdikləri yaxşılığa görə təşəkkür etdiyiniz müddətcə siz də savaba nail olarsınız”. (Tirmizi, Qiyamət, 2487)
Qurani-Kərimdə ənsar və mühacirin fəzilətini bəyan edən onlarla ayə mövcuddur. Bu ayələrdən birində belə buyurulur: "...Hicrət edənlərin, öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların və öldürülənlərin günahlarının üstünü Allahdan bir mükafat olaraq, əlbəttə, örtəcək və onları (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəyəm. Ən yaxşı mükafat Allah yanındadır!” (Ali İmran, 195)
Allah Rəsulunun (s.ə.s) hər bir işi, hər bir nəsihəti böyük bir hikmət və üstün fəzilət qaynağıdır. Gördüyümüz bu qardaşlıq nümunəsi də bizə ənsar və mühacir kimi ən çətin və məşəqqətli günlərdə qardaş olub, bir və bərabər olub İslama, Qurana necə sahib çıxmağı, dünyəvi mənfəətləri bir kənara qoymağı, əldəki nemətləri paylaşıb xoşbəxt və fəzilət timsalı bir cəmiyyət meydana gətirməyi təlqin edir. Şübhəsiz ki, Allah Rəsulunun hər bir nəsihəti bizim üçün dünya və axirət səadətinin mənbəyidir.
ŞƏRHLƏR