“2019”

“2019”

Yaş ötdükcə görürük ki, hər il eyni şeylər təkrar edilir. Bilinməyənlər get-gedə azalır. Təkrar edə-edə yaşanılan həyat cansıxıcı hala gəlməzmi?! Yaxşı ki, ölüm var…

Payız gələn kimi yadıma il sonu düşdü; bir azdan vitrinlər  “xoş gəldin 2019” yazıları ilə bəzənər, Şaxta baba geyimli insanlar mağazaların önündə saxta gülüşlərlə dayanar, yanacaqdoldurma məntəqələrindəki işçilərdən marketlərdəki kassir qızlara qədər bir çox insan başına qırmızı papaq taxar… Əslində, qırmızı papaq örtməkdənsə dəli olub başında qıfla gəzmək daha yaxşıdır. Çünki heç olmasa, o qıfın hikmətli bir yönü var.

Dəlilər, adətən, başında qıfla təsvir edilir. Bunun səbəbi min illər əvvələ söykənir. İnsan beyni peyk antenası kimi daim siqnal qəbul edib-verməkdədir. Çalma sarmaq, tac taxmaq, şapka geyinmək və başa qıf qoymaq arasında bu mənada müştərək nöqtələr var. Bütün dünya xalqlarında kişilərin başlarına papaq qoyması da beyin dalğaları ilə əlaqəlidir.

Qədim dövrlərdə ruhi xəstələrin mübtəla olduqları xəstəliyin çıxıb getməsi üçün başlarına qıf qoyulurmuş. Dəlilik axmaqlıq deyildir; beyinin ya çox sürətli işləməsi, yaxud həddən çox yüklənmə səbəbi ilə zədələnməsidir.  Səbir, gözəl əxlaq və iman  da təzyiqli qazanın fiti kimi insanın daxilində yığılan zehin təzyiqini azaldaraq normaya salar. Təzyiqli qazanın buxarı çıxmazsa, partlaya bilər. İstəyənə qıf verək, istəyənə də qırmızı papaq…

31 oktyabr tarixində böyük bir mağazanın vitrinində “2019” yazıldığını gördüm. Deyirəm ki, ay camaat, 2018-ci ildən nə tez bezdiniz? Umduqlarınızı bu il tapa bilmədiyiniz üçün gözünüzü gələn ilə dikmisiniz? Halbuki 2018-ci il gələndə nə qədər sevincli idiniz?!..

Yaşadığı dövrdən razı olmayanın gözü gələcəkdə, yaşadığı yerdən razı qalmayanın gözü də xaricdə olur. Dərsdə sıxılan tələbə tənəffüsü gözləyər, əsgərlikdə evindən ötrü darıxan kimsə gün sayar… Halbuki 2018-ci ilə əyləncə içində başlamışdılar. “Yeni ilə necə girsən, o il eləcə də davam edər” deyənlərə səslənirəm, nə oldu, bu il gözlədiyiniz kimi keçmədi? Böyük ümidlərlə girdiyiniz bu ildən nə tez ümidinizi üzdünüz?! Arzuladıqlarınızı “yeni il”dən deyil, Allahdan istəməyin vaxtı gəlməyəcəkmi?!  

Dəliliyi açıqlamaq üçün: “daim eyni hərəkətləri təkrarlayıb fərqli nəticələr gözləmək” deyə ifadə edirlər. İllərdir yeni il başlayanda eyni hərəkətlər təkrarlanır. Yekəqarın Şaxta babalar, diqqətçəkən Qar qızıları, rəngli vitrin bərbəzəkləri, parıltılı bükmələrdə yeni il hədiyyələri, hər il təkrarlanan yeni il təbrik mesajları və hinduşkalar… Gözalıcı süfrələr, 10, 9, 8, 7… - deyə geri sayım, içkilər, rəqslər… Hamısı əvvəlki illərin təkrarı deyilmi? Eyni şey təkrarlandığı halda hər il fərqli nəticə gözlənilir.

Yeni ildə evlənmək, məktəbi bitirmək, iş tapmaq, ata-ana olmaq, ev almaq, sağlamlığa qovuşmaq… Hər kəsin umduqları ildən-ilə dəyişir. Şam ağacının artıq dilək tutaraq bez bağlanan ağaclardan fərqi qalmayıb. Dilək ağacı daha məntiqlidir, heç olmasa gözlə görünür, amma dəyişən ili qələmlər yazmasa, heç görə də bilmirik.

Demək olar ki, bütün dinlərdə, müxtəlif adlarla da olsa, Mehdi və Məsihin gəlməsi ilə bağlı bir inanc var ki, onların gəlməsi ilə hər şey düzələcək. Günümüzdə yeni il ilə bağlı da buna bənzər bir inanc formalaşıb. Halbuki hansı din olursa olsun, dünyanı xilas edəcək qabiliyyətdə bir insana inanmaq yeni ilin müvəffəqiyyət, sağlamlıq və bərəkət gətirəcəyinə inanmaqdan daha məntiqlidir. Çünki “yeni il” ağlı, qəlbi, iradəsi olmayan nisbi bir məfhumdur.

Əfsanəvi boksçu Məhəmməd Əli: “Bu həyat etibarsızdır. Dünyaya diz çökdürdüm, yenə də mənə rahatlıq vermədi. Allah mənə bir xəstəlik (parkinson) verdi, çempionun kim olduğunu xatırlatdı”, - demişdi. Hər il yaşadığımız hüznlər, acı dolu təbəssümlər və ayrılıqlar bizə əsl çempionun kim olduğunu xatırladır. Hər kəs çempionun kim olduğunu fərqli şəkillərdə başa düşür. Bəziləri də çempionu inkar edir.

Bir il daha bitməkdədir. Yeni ildə də yuxarıdan aşağı qar yağacaq, yağış yağacaq, günəş öz şüaları ilə yeri isidəcək, meyvələri yetişdirəcək… Bəs aşağıdan yuxarı nə gedəcək? Maşın və zavodların zərərli tüstüsü, atılan güllə və bombalar… Yuxarıdan aşağı həmişə rəhmət və bərəkət enir, amma aşağıdan yuxarı kir, üsyan, xəta və günahlar yüksəlir…

İnsan… Hər tərəfin ağappaq qarla örtülü olduğu bir gündə yerə tüpürdü. Paltarının üstünə yemək tökdüyü üçün anasının hisrlənəcəyindən qorxan uşaq kimi irkildi. Bir tüpürcək səbəbilə özünü çox kobud, insafsız kimi hiss etmişdi. Yağan qar tüpürülmək üçün belə ağappaq, yumşaq-yumşaq yağırdı ki?! Ətrafındakı hər bir qar dənəsindən necə üzr istəyib halallıq ala bilərdi?! Hər il qar dənələrini və hər yeni ili saymazyana əzir, israf edirdi. Nələri israf etmirdi ki?! Doğan günəş, açılan çiçək, əsən külək, oxunan azan, abunə olunan İrfan jurnalı, qılınan namazlar və bütün 365 gün…

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz