SEYİD CAMAL ƏZİMBƏYLİ İLƏ REPORTAJ
“ Qarabağ Seyid Ocaqları”nın rəhbəri SEYİD CAMAL ƏZİMBƏYLİ:
Azərbaycan bayrağının Xankəndində dalğalanmasına gedən yol mənəvi irsimizin mühafizəsindən keçir
İrfan jurnalı: Əvvəlcə özünüz haqda qısa məlumat verərdiniz mümkünsə!
Seyid Camal Əzimbəyli: İlk növbədə bütün İrfan heyətinə təşəkkür edirəm ki, Azərbaycanda mənəvi dəyərlərin, mədəni irsimizin qorunması üçün əmək sərf edir. Ümidvaram ki, bu fikir mənim timsalımda onlarla, yüzlərlə Azərbaycan dövlətçiliyinə bağlı iman sahiblərinin də düşüncəsidir.
1971-ci ildə Ağcabədidə anadan olmuşam. Azərbaycanda, xüsusilə də Qarabağ camaatının (bunu ayrı-seçkilik üçün demirəm) birmənalı olaraq sevdiyi, əziz tutduğu Seyid Muxtar ağanın ogul nəvəsi, Seyid Xəlil ağanın qız nəvəsi olmaq taleyimə yazıldı. Həmçinin rəhmətlik Seyid Bəhram ağanın oğluyam. Anam mərhum Seyid Səbiqə xanım da Qarabağ camaatının and yeri olan Seyid Xəlil ağanın qızıdır. Bu da hər zaman məni məsuliyyətli olmağa vadar edib. Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirmişəm. Hər zaman Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak etmişəm. Mətbuatda köşə yazılarımla, ekspert rəyləri ilə uzun illər işləmişəm. Millət vəkilliyinə namizəd olmuşam. Qarabağ Seyid Ocaqları ilə birgə qurduğumuz Təbliğ İslam Xeyriyyə Vəqfinin rəhbəri olmuşam. Son 20 ildə İslamın vəqf anlayışını Azərbaycan ictimaiyyətinə tanıtmağa çalışmışam. 3 il əvvələ qədər sözügedən vəqf fəaliyyət göstərmişdir. İki oğlum var. Böyük oğlum Mirbəhram prezident təqaüdçüsü, Yazıçılar Birliyinin ən gənc üzvüdür. Qardaş Türkiyə cümhuriyyətində, ODTÜ-də Uluslararası İlişkilər bölümündə tələbədir. Hazırda 16 Qarabağ Seyid Ocaqlarının mənə verdiyi hüquqi əsaslarla onların təmsilçisi statusunu həyata keçirirəm. Rəsmi olaraq Qarabağ Seyid Ocaqlarının rəhbəri vəzifəsini həyata keçirsəm də bu adı o qədər də sevmirəm. Ona görə özümü onların təmsilçisi sayıram. Çünki orada 60-70 yaşında, şəcərəsi bəlli Əhli-Beyt mənsubları var. Mən özümü sadəcə onların təmsilçisi olaraq görürəm. Onu da qeyd etməyi özümə borc bilirəm ki, din-dövlət münasibətlərində hər zaman körpü rolu oynamağa çalışmışam. Ölkənin taleyüklü anlarında, məsələn, İstanbul Sammiti ərəfəsində Qarabağın taleyi ilə bağlı mərhum prezident Heydər Əliyev dönəmində 16 Qarabağ Seyid Ocaqlarının xalqa müraciətinin müəllifi olmuşam. Hansı ki, bu müraciətimiz o zaman istər iqtidar, istərsə də müxalifət tərəfindən birmənalı şəkildə dəstəklənmişdir.
İrfan jurnalı: Son dövrlərdə Azərbaycanda sürətli inkişaf müşahidə olunur. Respublikamız hər sahədə günü-gündən irəli doğru addımlayır. Bu inkişaf ərəfəsində milli şüurun da güclənməsinin şahidi oluruq. Bu məsələni dəyərləndirərdiniz mümkünsə. Dəfələrlə müxtəlif ölkələrə səfərləriniz olub, respublikamızdan uzaqda yaşayan həmvətənlərimizlə görüşmüsünüz. Azərbaycançılıq və milli şüur Azərbaycanda və dünyada hansı səviyyədədir?
Seyid Camal Əzimbəyli: Çox gözəl və həssas məqama toxundunuz. Ümummilli lider mərhum Heydər Əliyevin zamanından müşahidə olunan və onun siyasətini davam etdirən cənab İlham Əliyevin səyləri ilə aparılan uğurlu islahatlar göz qabağındadır. Azərbaycançılıq milli idealogiyasının təbliğ olunmasına gəldikdə isə dəfələrlə mətbu orqanlarda və televiziya vasitəsilə çıxış edərək sözümü demişəm. Hər zaman gətirdiyim bir sitatı sizinlə də paylaşmaq istəyirəm. Orxon-Yeniseydə deyilir: “Milli kimliyini dərk etməyən millətlərin oğulları qul, qızları cariyə olmuşlar.” Bu dəyərlərə, bu prinsiplərə sahib çıxan xalqın oğul və qızları hər zaman dünya xalqları arasında qabaqcıl mövqe tutmaqdan geri qalmazlar. Bu gün Azərbaycan dövlətinin bu istiqamətdə yaratdığı şərait, milli idealogiyanın və bu kimi məsələlərin təbliğinə verdiyi dəstək yüksək səviyyədədir. Mən bir az əvvəl qeyd etdiyim cümləyə “dini kimliyi bəlli olmayan xalqlar” ibarəsini də əlavə edirəm. Mən dünyanın müxtəlif ölkələrini gəzmişəm. Dini kimliyindən asılı olmayaraq öz dini ənənəsinə sadiq qalmayan, iman heysiyyatı, ilahi təslimiyyəti olmayan bir xalqın milli kimliyinə və varlığına bağlılığı şübhəlidir. Bu, bir əsasdır. Bunu heç kim dana bilməz.
Azərbaycan dövlətinin, mövcud iqtidarın Azərbaycançılıq idealogiyasının təbliğində göstərdiyi cəhdlərə gəlincə isə deyə bilərəm ki, bu sahədə atılan addımlar kifayət qədər qənaətbəxşdir. Mən belə düşünürəm. Lakin Azərbaycan Diasporasının bütövlükdə fəaliyyəti bir o qədər də ürəkaçan deyil. Mən başqa-başqa ölkələrdə çox oluram. Son iki ayda 3 dəfə Rusiyaya səfərim olub. Ona görə də müəyyən müşahidələri edirəm. Diasporların fəaliyyətində irəliləyişlər var. Bunu danmaq olmaz. Lakin bütövlükdə götürsək, bir az əvvəl də dediyim kimi nöqsanlar çoxdur. Azərbaycanda mətbu orqanların, xalqın və dövlətin mənafeyinə xidmət edən fikir adamlarının düşüncələrinə geniş yer ayrılması müsbət haldır. Milli mənafeyi düşünməyən bir ziyalı, bir dövlət heç vaxt müvəffəq ola bilməz. Bu baxımdan da mövcud Azərbaycan hakimiyyəti və cənab İlham Əliyevin sözügedən sahədə fəaliyyətləri sevindirici haldır. Amma unutmamaq lazımdır ki, bu kimi mövzularda bütün məsuliyyəti dövlətin və dövlət başçısının üzərinə atmaq da doğru deyil. Hər kəs çalışdığı sahədə dövlətçilik və milli şüur ideyalarına xidmət etməlidir. Vətənə, millətə, xalqın birliyinə xidmət etməyi bir könül işi halına gətirmək lazımdır. Bunu unutmamaq lazımdır ki, fərdlərin də üzərinə böyük vəzifə düşür. İrfan jurnalının həyata keçirdiyi bu layihənin özü Azərbaycançılığa, milli şüura, milli özünüdərkə, təfəkkürə böyük töhfədir.
İrfan jurnalı: Qarşıdan Məhərrəmlik ayı gəlir. İslam mənsublaırnın hər zaman gündəmində olan Əhli-Beyt faktoru bir daha yaddaşlarda geniş şəkildə gündəmə gəlir. İmam Hüseynin haqq uğrunda mübarizəsi, ümməti birliyə səsləməsi hər il məhərrəm ayında ön planda tutulur. Bir az da bu haqda danışaq. Əhli-Beytin birliyimizə təsiri nədən ibarətdir?
Seyid Camal Əzimbəyli:
Mən ilk növbədə demək istəyirəm ki, Azərbaycanda Sovetlər dövründə dinin qorunub mühafizə olunmasında İmam Hüseyn məktəbinin əvəzsiz rolu olmuşdur. O zaman bu ayda keçirilən ayinlər mövhumatla qarışıq olsa da, kortəbii şəkildə həyata keçirilsə də, bu fəaliyyət xalqımızın qəlbində İslam əqidəsini yaşatmağa xidmət etmişdir. Hər kəs bir şeyi dərk edirdi ki, bəli, əvvəlin və axırın seyidi Həzrət Məhəmmədin göz bəbəyi olan İmam Hüseyn bu ayda qətlə yetirilib. Bu günsə elmin tərəqqisi, yaranan vəziyyət İmam Hüseynin şəhadət fəlsəfəsini öyrənməyə təkan verir. Qısaca olaraq belə deyə bilərik, Sovetlər dövründə bu sahədə savadsızlıq olsa da, İmam Hüseyni sevməyi öyrəndik, bu günsə onun həyat fəlsəfəsini, elmini öyrənirik. Bu gün Qarabağ faciəmizin həllində İmam Hüseynin həyatını öyrənmək bizim üçün zəruri hal alır. Onun həyatının, 14 əsr əvvəl baş verən və İslam dünyası üçün böyük əhəmiyyət daşıyan hadisələrin planlı və proqramlı halda öyrənilməsi uğrunda 16 il ərzində 37 araşdırma yazısı yazmışam.
Qeyd edim ki, Azərbaycanda mədəni mənəvi irsimizin həqiqi təəssübkeşi ölkə başçısıdır. Mən bu sözü tərif üçün demirəm, müşahidələrimi söyləyirəm. Ola bilər ki, hardasa nə isə əngəllər, neqativ hallar müşahidə olunsun. Amma unutmamaq lazımdır ki, iş varsa, problem də olacaq. 1985-87-ci illər yadıma düşür. Əmim Seyid Bəhram ağa İmam Hüseynin qiyamını doğuran səbəblər mövzusunda ocaqda çıxış etdiyi üçün onu polisə aparmış və gecə səhərə qədər orada saxlamışdılar. Tapşırmışdılar ki, yuxarıdan verilən əmrdir: bir daha İmam Hüseynin adını dilinə gətirməyəcəksən. Otuzuncu illərdə cənazə namazı qıldıqları üçün atamın əmilərini qətl ediblər, sürgünə göndəriblər. O dövrdə cənazə namazı qıldığı üçün seyid övladını qətl edirdilər. Bu günsə Azərbaycanda milli-mənəvi irsimizin öyrənilməsinə yüksək səviyyədə şərait yaradılır. Azərbaycanda Məhərrəm ayı xüsusi qeyd olunur. Bu da normal haldır. Çünki qətlə yetirilənlər Peyğəmbər övladları idi. Amma burada ürək ağrısıyla qeyd etmək istəyirəm ki, ölkəmizdə İmam Hüseyn məktəbi istismara məruz qalıb. Bu da gerçəkdir. Bəzən insanlar İmam Hüseyn məktəbindən biznes sahəsi kimi istifadə etməyə çalışırlar. Bu gün İmam Hüseyn şəcərəsinin daşıyıcısı, 16 babası bəlli olan (iddia deyil) Seyid Camalın Bakıda onlarla “əmisi oğlanları” və başqa “qohumlar”ı var. “Qardaşım oğlanları”m var. Halbuki mənim elə əmim oğlanlarım, qohumlarım yoxdur. Bircə əmim oğlu var, o da Ağcabədidə yaşayır. Bir dəfə çox hörmətli nazirlərimizdən birinin yanına bir qadın girib mənim anam olduğunu iddia etmişdi. Halbuki mənim anam 1991-ci ildə vəfat edib. Kimsə mənim anamın adından və ya ümumiyyətlə seyid olduğunu iddia edib sədəqə yığırsa, bunun İmam Hüseynə nə qədər aidiyyatı var? Bəzən müəyyən adamlar camaatın bu kimi duyğularını istismar edirlər. Bu gün Azərbaycanda şəcərəsi, əxlaqı, mənviyyatı ilə tanınan beş-altı seyid soyu var. Amma hər kənddə yüzlərlə “seyid”lə qarşılaşırıq. Təzadlı haldır, vallah.
İmam Hüseyn əqidəsinin, fəlsəfəsinin düzgün aşılanmaması bəzi xürafatın, müəyyən fəsadların, şirklərin ortaya çıxmasına gətirib çıxarır. Əlbəttə ki, İmam Hüseyn bu mənzərədən razı qalmazdı. Hər sahədə olduğu kimi bu məsələdə də düzgün maariflənmək lazımdır. Dəfələrlə cavabdeh səlahiyyətli qurum rəhbərləri ilə söhbət edəndə demişəm ki, din-dövlət münasibətlərinin möhkəmlənməsi üçün İslama sözün həqiqi mənasında xidmət edən elm və tədris ocaqlarının, mətbu orqanların önünü açmaq lazımdır. Azərbaycanda mövcud olan tolerantlıqdan sui-istifadə etməyə çalışan qüvvələr var. Bu gün Azərbaycanı istismar etmək məqsədi ilə burada məkrli siyasət yürüdən və dinin adından istifadə edən bir çox qruplar mövcuddur. Bunların qarşısını almağın yolu sadəcə dövlətin güc strukturlarından keçmir. Ortada ideoloji savaş amili də var. Bunu yaddan çıxarmamaq lazımdır. Mənəvi irsimizi aşılayan mərkəzlərin fəaliyyətinə təkan vermək lazımdır. Neqativ halların qarşısını almağın yolu həqiqi maariflənmədən, Əhli-Beyt və İmam Hüseyn məktəbini öyrənməkdən keçir. Məhz belə olduğu zaman xalqın həmrəyliyindən söz gedə bilər. Alnı səcdəyə dəyən, mömin olduğunu iddia edən, lakin bayrağına hörmət etməyən bir adamın imanı naqisdir. Son olaraq deyə bilərəm ki, Azərbaycan bayrağının Xankəndində dalğalanmasına gedən yol mənəvi irsimizin mühafizəsindən keçir.
ŞƏRHLƏR