HAQQ DOSTLARINDAN HİKMƏTLƏR -Həzrət Mövlana (quddisə sirruh)- 2
(Hörmətli Oxucu! Bu yazı Hz. Mövlananın Şəbi-Arusunun ildönümü münasibətiylə İrfan jurnalının 2010-cu ilin Dekabr ayında nəşr olunmuş yazının ikincisidir.)
Mövlana həzrətləri buyurur:
"Uşaqlar oyun oynayarkən dükan düzəldib, öz aralrında yalandan alış-vermə edərlər, lakin heç bir qazancları olmaz, sadəcə vaxt keçirərlər. Oyun olsun deyə dükan açan uşaq axşam evə ac gedər. Bu dünya da o uşaqların oyun yeri kimidir."
[Əbu Bəkr Şibli bir gün yolda gedərkən tapdıqları bir qoz üçün dalaşan iki uşaq görür. Şibli bu qozu onlardan alıb:
"-Bir az səbir edin, bu qozu ikiniz arasında bölüşdürüm!.." deyir.
Sonra qozun qabığını qırır, ama içi boş çıxır. Tam o əsnada:
"-Əgər həqiqətən pay bölüb qismət verən bir adamsansa, indi bunuaralarında bölüşdür!" deyə bir səs eşidildi. Şibli utandı və bu sözləri dedi:
"-Bütün bu qovğa içiboş bir qoz və quru bir «heç» üçünmüş!.." (Attar, s: 661)
Budur, uğrunda bu qədər döyüş və qovğaların yaşandığı dünya nemətləri də əslində içiboş bir qoz kimidir. İnsan fani həyat yuxusundan əcəl xəbərdarlığıyla oyandığı zaman onun nə qədər qısa, keçici və boş olduğunu anlayacaqdır. Bu fani aləmdə bir heç uğruna dözdüyü məşəqqətlər üçün peşman olacaq. Qəbirdə peşman olunacaq şeylər üçün dünyada insanların sanki bir-birlərini yemələri necə də acınacaqlı bir aldanışdır!..]
Mövlana həzrətləri buyurur:
"Dünya həyatı bir yuxudan ibarətdir. Dünyada sərvət sahibi olmaq isə yuxuda xəzinə tapmaq kimidir. Dünya malı müəyyən bir zaman kəsiyi içində nəsildən-nəslə ötürülərək yenə də dünyada qalar."
"Qızıl nəyə gərək, can nəyə gərək, inci və mərcan nədir axı, bir sevgiyə xərclənmədikdən, bir gözələ fəda edilmədikdən sonra?!"
[Dünyanın yeganə qiyməti axirət aləmini əhya və abad etmək baxımındandır. İnsanın canı və malı Allah yolunda fəda edildiyi təqdirdə bir dəyər qazanar. Dünya nemətləri nəzərgahi-ilahi olan iztirablı qəlbin hüzur və təsəlli tapmasına vəsilə edilə bildiyi zaman bir qiymət kəsb edər. Əks halda faydasız yorğunluq və ağır axirət hesabı olmaqdan irəli gedə bilməz. Axirətdən qafil olaraq yaşanan bir dünya həyatı ilğımlarla dolu bir faciə səhrasından ibarətdir.
Bu səbəblə mömin dünya nemətlərini axirət səadətinə çevirməyə cəhd göstərməli, bunun ən gözəl yollarından biri olan "könül alma"ğı özünə həyat düsturu etməlidir. Yunus Əmrə həzrətləri nə gözəl söyləyir:
Mən gəlmədim davi[1] üçün,
Mənim işim sevi[2] üçün,
Dostun evi könüllərdir,
Könüllər almağa gəldim...
Rəfiqi-Əlanın / Ən Uca Dostun rizasını axtaran kamil bir mömin də gerçək dostluğun malikiyyətlə birlikdə olmayacağını bilir. Beləliklə, bütün varlığının ilahi bir əmanət olduğu şüur və idrakı içində Allah yolundakı heç bir fədakarlıqdan geri durmaz.
Bunun əksinə, Allahın lütf etdiyi nemətləri Onun yolunda infaq etməkdən çəkinən xəsis kəslər isə bu ilahi-xəbərdarlığın müxatəbi olmaqdan xilas ola bilməzlər:
“…Qızıl-gümüş yığıb onu Allah yolunda xərcləməyənləri şiddətli bir əzabla müjdələ!” (ət-Tövbə, 34)]
Mövlana həzrətləri buyurur:
“İnsaf et; eşq gözəl (bir abi-həyat)dır. Onu zədələyən (ona zəhər səpən) isə sənin (nəfsani və) pis xasiyyətlərindir. Sən şəhvətə eşq adını qoymusan. Kaş, şəhvətlə eşq arasında nə qədər uzaq məsafə olduğunu biləydin!”
"İlahi eşq və vəcd, mömini ayıq tutar. Dünyəvi və şəhvani aşiqlər isə insanı axmaq və sərsəm edər…"
[Məhəbbətin qaynağı Haqq-Təaladır. O, yaratdığı hər insanın ürəyinə ilahi məhəbbətin toxumunu atmışdır. Möminin Haqqa vüslət səfərində ən mühüm vasitəsi yaradılışından gələn bu məhəbbət istedadıdır.
Lakin məhəbbətin həqiqisi və məcazisi vardır. Həqiqisi Allah sevgisi; məcazisi isə Allahdan başqasına bəslənən sevgidir. Əsasən ilahi riza çərçivəsi daxilində yaşanan məcazi sevgilər də həqiqi sevgiyə bir pillədir. Yetər ki, məcazi sevgilər qəlbin son dayanacağı olmasın! Əsl təhlükə layiq olmayana məhəbbət duymaqdır. Çünki hər insan həyatda məhəbbət bəslədiyi varlığın buna ləyaqəti nisbətində bir səviyyə qazanar.
Bu səbəblə məhəbbət təmayülünü yanlış ünvanlarda ziyan etməkdən diqqətlə çəkinmək lazımdır. Çünki layiqini tapa bilməyən məhəbbətlər həyatın ən dəhşətli israflarıdır. Nəfsi mənfəətlərin məngənəsində sıxışıb qalan məhəbbətlər səki kənarında açan çiçəklərə bənzəyər ki, gec-tez ayaqlar altında tapdanmağa məhkumdur. Zibil qabına düşmüş bir brilyant nə qədər talesizdir! Ləyiq olmayan birinin haqsız malı olmaq, nə qədər acınacaqlı bir bədbəxtlikdir.
Məhəbbət sərmayəsini ona ən layiq olan Allah-Təalaya həsr edə bilən bir bəndə başda Allahı və Ona yaxınlığı nisbətində hər varlığı könlündəki məhəbbət dairəsinin içinə alar. Bu keyfiyyət Yunus Əmərənin; "Yaradılanı xoş gör, Yaradandan ötəri" ifadəsində olduğu kimi sifət və mahiyyəti nə olursa-olsun, Yaradanı hörmətinə bütün məxluqatı, məhəbbət və mərhəmətlə qucaqlaya bilmə halıdır.
Haqq dostları qəlblərindəki ilahi eşq və məhəbbət toxumunu cücərdərək onu sanki meyvəli bir ağac halına gətirmiş kəslərdir. Bu səbəblə daim Yaradandan ötrü yaradılanlara lütfkarlıq edərək yaşayarlar. Allah ilə dostluq onları bütün məxluqat ilə dost edər. İsmayıl Ata həzrətləri bu dostluğun təzahürünü necə də gözəl ifadə edir:
“Sən günəşdə kölgə, soyuqda xalat, aclıqda çörək ol.”]
Mövlana həzrətləri buyurur:
“Peyğəmbərlərin nəfəsləri daşa belə təsir edər. Onların sözlərinə dağlar belə boyun əyər. Lakin bir axmağa onların saçdığı hikmət incilərindən bircə dənəsi də tuş gəlməz!”
“Qəflət yuxusuna dalmış bir cahilə öyüd vermək quraq bir yerə toxum əkməkdir! Yaxud səhranı sulamaq kimidir. Axmaqlığın, cahilliyin yırtdığı bir şeyi artıq heç bir yamaq tuta bilməz! Ey nəsihətçi, oraya hikmət toxumunu çox əkmə!”
[Hikməti layiq olmayana verməyə cəhd göstərmək hikmətə zülm etmək olduğu kimi, layiq olanı hikmətdən məhrum etmək də ona zülm etməkdir. Bu səbəblə mömin sözlərinin səviyyəsini həmsöhbətinin idrak səviyyəsinə görə nizamlamalı, kimə necə xitab edəcəyinə diqqət yetirməlidir. Nəsihət və xatırlatmağın fayda verəcəyi zaman danışmalı, əks halda susmalıdır. Necə ki, ayeyi-kərimədə buyurulur:
“Əgər nəsihət etmək fayda verəcəksə, öyüd-nəsihət ver!” (əl-Əla, 9)
Öyüd-nəsihət, xəbərdarlıq və xatırlatmanın fayda verməyəcəyi vəziyyətlərdə susmaq danışmaqdan üstündür. Mövlana həzrətləri bu gerçəyi də; "Korlar bazarında ayna satma, karlar bazarında gəzəl oxuma!" sözləriylə dilə gətirir. Yəni öyüd və nəsihətdən bir ibrət götürə bilmək də qismətdən asılıdır. Qisməti bağlanmış olanlara ən qiymətli nəsihətlərin belə faydası toxunmaz. İstifadə edə biləcək kəslər varkən bu kimi qismətsizlərlə vaxt itirməmək lazımdır. Aşağıdakı təmsil bu gerçəyi necə də gözəl xülasə edir:
Həzrəti İsa u sanki arxasınca aslan düşmüş kimi var gücü ilə qaçırdı. Bir nəfər maraqla ardınca qaçaraq kimdən qaçdığını soruşdu. İsa u:
“-Axmaqdan qaçıram!..” dedikdə, bu səfər adam:
“-Sən nəfəsi ilə korların və karların şəfa tapdığı, duasıyla ölülərin dirildiyi «Məsih» deyilsənmi? İstədiyin hər şeyi edə bildiyin halda nə üçün qaçırsan?” deyə soruşdu. İsa u:
“-And içirəm ki, İsmi-Əzəmi kar və kor adama oxudum, onlar sağaldı. Bir ölüyə oxudum, dirildi. Bir kasıba oxudum, zəngin oldu. Lakin o duanı bir axmağın ürəyinə min dəfə oxuduğum halda faydası olmadı. O axmaq qatı bir daş keəsildi, yenə də axmaqlığından imtina etmədi!” -dedi.
Heyrəti bir az da artan adam Həzrəti İsadan təkrar soruşdu:
"‒İsmi-Əzəm duası hər xəstənin şəfa tapmasına səbəb olduğu halda nə üçün axmaqlığa təsir etmir? Bunun hikməti nədir?"
İsa u cavab verdi:
“‒Axmaqlıq qəhri-ilahi olan bir xəstəlikdir. Digərləri isə qəhri-ilahiyyə uğramayan bəlalardır. Bəla da bir xəstəlikdir; ancaq yalnız ona tutulanın halına acıyarlar. Axmaqlığa gəlincə, o da bir xəstəlikdir, lakin çox vaxt başqasını yaralayar və zərər verər.”
Bunun üçün də ariflər belə buyurmuşlar:
“Bu üç adam Allah dostu ola bilməz: Təkəbbürlü, xəsis və axmaq.”]
Mövlana həzrətləri buyurur:
“May böcəyi daim pislik daşıyıb durar. Buna görə də gül suyundan huşunu itirər. Onun dərmanı yenə murdar qoxulu şeylərdir. Çünki ona alışmışdır.
Allah üçün insanlara nəsihət verənlər də qəlbi qatılaşmış adamı, yaxşılaşması və şəfa tapması üçün, ənbər kimi, gülab kimi hikmətli gözəl sözlərlə müalicə etmək istəyərlər.
Kimə öyüdün gözəl qoxusu fayda verməzsə, şübhəsiz ki, onun burnu pis qoxulara alışmışdır.
Sən də nurdan, öyüddən, yaxşılıq və gözəllikdən özünı düşən payı al!.. Burnunu pisliyə soxma ki, may böcəyi olma! İNSAN OL, İNSAN!.."
[Aləmdə cinslər və onların olduqları mühitlər arasında daimi bir cazibə qanunu vardır. Məsələn, bülbül çəmənliklərdən və bir musiqi kimi axan çeşmələrdən, yəni ruha rahatlıq verən lətif mənzərələrdən xoşlanar. Tərəssübat (pislik) böcəyi kimi olanlar isə nəcasətdən, yəni bayağılıq, əxlaqsızlıq, fəsad və nifaqdan zövq alarlar.
Pislik siçanı qidasını nəcasətdən təmin etdiyi kimi, səfeh insanlar da səfalətlərini səadət zənn edərlər. Səfalətə alışdıqları üçün özlərini gerçək səadətə çatdıracaq vəsilələrdən inadla qaçarlar.
Mövlana həzrətlərinin aşağıdakı ifadələri də bu gerçəyə işarə edir:
"Ey nəcasət böcəyi! Gül bağçasından qaçırsan, amma sənin bu nifrətin gülüstanın kamalına dəlalət edir!.."
Bu səbəbdən axmaqların hikməti dərk etməsi qeyri-mümkündür. Onlara hikmət öyrətməyə cəhd etmək hikmətə zülm etməkdir, əmək və vaxt israfıdır. Bərəkətli yaz yağışlarının səhraya və ya sərt qayalar üzərinə yağıb hədər olması kimi, bihudə əmək sərf etmək və faydasız yorğunluqdur.]
Mövlana həzrətləri buyurur:
“Cahillərin yanında kitab kimi səssiz ol.”
[Yəni cahillərlə münaqişəyə girmə ki, onlar sənin elmindən, irfanından, gözəl əxlaqından, hal və rəftarlarınla verdiyin öyüdlərindən istifadə edə bilsinlər. Çünki münaqişə, mübahisə, rəqabət və üstün olma yarışı əsasən xam nəfslərin qürur və mənliklərini təhrik edərək anlayışlarının daha da bağlanmasına səbəb olar. Bu isə doğruların qəbulunu xeyli çətinləşdirər.
Arif insanlar həqiqəti kimdən və nə şəkildə eşidirlərsə-eşitsinlər, qəbul edə biləcək kamil bir ruh daşıyırlar. Lakin xam, kobud, nadan və cahil insanlar belə deyil. Bu səbəblə onlara daha diqqətli yaxınlaşmaq və həqiqətləri münasib bir dil ilə söyləmək lazımdır. Bəzən mənalı bir sükut, dərin bir baxış bir çox sözün ifadə edə bilməyəcəyi dərsləri təlim və təlqin edə bilər.]
Mövlana həzrətləri buyurur:
“Allahla dost olmaq istəyirsənsə, bunu yaxşı bil ki, dostların yanına əliboş gedilməz. Dostların yanına əliboş getmək, dəyirmana buğdasız getməyə bənzəyər. Haqq-Təala məhşər günündə qullarından:
«-Qiyamət günü üçün nə hədiyyə gətirdiniz?» deyə soruşacaq və ardından belə buyuracaq:
«-Sizi ilk yaratdığımızda olduğu kimi əliboş, azuqəsiz olaraq, təkbaşına və möhtac halda gəldiniz. Haydı, söyləyin, qiyamət günü üçün nə hədiyyə gətirdiniz? Yoxsa sizdə dünyadan axirətə dönmək və Allahın hüzuruna çıxmaq ümidi yox idi? Quranın qiyamət haqqındakı xəbərləri, sizə mənasızmı gəldi?»
Ey əhsəni-təqvim, yəni ən gözəl xüsusiyyətdə yaradılan insan! Haqqın qapısına belə boş bir könüllə necə ayaq atırsan?
Bu fani aləmdə azca da olsa yuxunu, yemək-içməyi azalt, Allah ilə görüşəcəyin zaman üçün bir hədiyyə hazırla!"
[Dünyaya gələn hər insane bir əbədiyyət yolçusudur. Necə ki, uzun bir səfərə çıxacaq olanlar özlərinə yol azuqəsi tədarük görürlər, Haqdan gəlib yenə Onun hüzuruna dönəcək olan insane oğlu da bu əbədiyyət səfəri üçün hazırlanmaq və özünə axirət azuqəsi yığmaq məcburiyyətindədir.
Rəbbimiz buyurur:
“…Allah gördüyünüz hər bir yaxşı işi bilir. (Axirət üçün) tədarük görün. Ən yaxşı tədarük (azuqə) isə təqvadır (pis əməllərdən çəkinməkdir). Ey ağıl sahibləri, Məndən (əmrlərimə müxalif davranmaqdan) qorxun!” (əl-Bəqərə, 197)
Bu səbəblə fani dünyada yerli ədasıyla yaşayıb, nəfsani arzuların ardınca düşərək əylənmək, ən qiymətli sərmayə olan zamanı axirətdə faydası olacaq qazanclardan məhrum bir şəkildə hədər etmək nəticəsi acınacaqlı peşmanlıq olan ən böyük qəflətdir.]
Mövlana həzrətləri buyurur:
"Torbanı doldurmağa çalışarkən, altdakı dəlikdən boşaltmamaq lazımdır."
[Hər insanın möhtac olduğu axirət azuqəsi ilk növbədə iman, daha sonra isə ibadətlər, xeyir-həsənat və saleh əməllərdir. Lakin bunları qəlbi mərəzlər və pis xasiyyətlərlə zədələmək axirət azuqəsinin yığıldığı heybənin altını deşməyə bənzəyir.
Bir möminin kamala çata bilmək üçün gözəl əxlaq ilə bəzənməsi zəruridir. Bunun üçün də təvazökar, haqq tərəfdarı, ədalətli, əmin, sadiq, ədəbli, həya sahibi, comərd, müşfiq, mərhəmətli, bağışlayıcı, səbirli, qənaətkar və ixlaslı olması lazımdır.
Bunun əksinə, yalan, qeybət, zülm, kin, həsəd, tamah, xəsislik, qürur, təkəbbür və riyakarlıq kimi pis xasiyyətlərdən də şiddətlə uzaq olmaq lazımdır ki saleh əməllər boşa getməsin.
Bu səbəblə xüsusilə namazı qəflətlə qılmaqdan; orucun əcrini qeybət və dedi-qodu kimi qəlbi mərəzlərlə məhv etməkdən; sədəqə, zəkat və infaqları başa qaxmaq surətiylə boşa çıxarmaqdan, ibadət və xeyirləri nəfsani bir iftixar vəsiləsi edərək içini boşaltmaqdan çəkinmək lazımdır. Həmçinin ixlası zədələyəcək hal və davranışlardan uzaq durmaq və ibadətlərdə niyyətlərə faniləri ortaq etməmək lazımdır. Əks halda bütün bu əməllərin savabı puç olar.]
Mövlana Həzrətləri buyurur:
"Həzrət Yusif u səfərdən gələn bir dostundan:
«-Mənə nə hədiyyə gətirdin?» deyə soruşur.
Dostu cavab olaraq:
«-Səndə mövcud olmayan nədir? Ancaq sənin camalından daha gözəl bir şey olmadığı üçün sənə bir ayna gətirdim ki, hər vaxt səndəki camal təcəllilərini onda müşahidə edəsən!..» dedi."
[Rəbbimiz hər şeyin yaradıcısı və sahibidir. Bu səbəblə O, heç nəyə möhtac deyil. Ona qulluq və şükür duyğularımızın ifadəsi olaraq apara biləcəyimiz heç bir hədiyyə yoxdur ki, Onun sonsuz xəzinəsində daha gözəli olmasın. O, hüsnü-mütləqdir; bütün gözəlliklərin qaynağıdır. Bu səbəbdən varlıqlar içində ən gözəl və ən qiymətli şey ancaq Haqqın gözəlliyini əks etdirəcək qədər pak bir “ürək”dir. Allaha aparılacaq ən layiq hədiyyə Onun camal əsmasının təcəlli etdiyi münəvvər, müsaffa, mücəlla, pak və lətif bir könül aynasıdır. Yəni Rəbbimizin bizdən istədiyi; “qəlbi-səlim, qəlbi-münib və nəfsi-mütməinnə”dir. Haqq-Təala qulunun qəlb aləmində camal sifətlərinin təcəllilərini gördükcə onu sevər və ondan razı qalar.
Ayeyi-kərimədə buyurulduğu kimi:
“Allah, qullarını Darus-Salama (səadət və salamatlıq yurdu olan cənnətə) dəvət edir...” (Yunus, 25) Təbii ki, hər dəvətin bir qəbul şərti, hər nemətin də bir əvəzi vardır. Bu səbəblə bəndə əbədi qurtuluşu üçün, axirətin tarlası olan bu fani dünyada Haqq-Təalanın ən çox qiymət verdiyi şeyi, yəni qəlbi-səlimi qazanmağa cəhd göstərməlidir. Necə ki, Rəbbimiz belə buyurur:
“O gün ki, nə mal-dövlət, nə də övlad bir fayda verər! Ancaq qəlbi-səlim (təmiz, daxilində şəkk-şübhəyə, küfrə, şirkə və nifaqa yer olmayan qəlb) ilə Allahın hüzuruna gələn kimsədən (möminlərdən) başqa!” (əş-Şuəra, 88-89)
Qəlbi-səlim insanı Allahdan uzaqlaşdıran hər cür masiva çirkindən təmizlənmiş, daim Haqqa yönəldiyi üçün həqiqətlərin dürüst bir kompası halına gəlmiş, içində iman nurunun parıldadığı, aydın və büllur bir fanar kimidir. Mömin qəlbindəki bu nur ilə doğrunu əyridən, xeyri şərdən, haqqı batildən, halalı haramdan ayırd edər.
Qulluğun təzahürü olan bütün əməllərin fəzilət və qiyməti də qəlbin paklığı nisbətindədir. Çünki qəlb nəzərgahi-ilahidir. Əziz Peyğəmbərimiz r bu həqiqəti belə ifadə buyurmuşdur:
“Heç şübhəsiz ki, Allah-Təala sizin cismlərinizə və surətlərinizə baxmaz, ancaq qəlblərinizə nəzər salar.” (Müslim, Birr, 33)]
Mövlana həzrətləri buyurur:
“Bir nəfər hər zaman «Allah Allah» deyərək zikr edər, bu zikrdən ağzında sanki bal yemiş kimi şirinlik hiss edərdi. Bir gün şeytan gəlib:
«‒Nə üçün dayanmadan "Allah Allah" deyirsən? Bu qədər zamandır Allah deməyinə qarşılıq olaraq bir dəfə də olsa Allah sənə "Ləbbeyk / buyur, qulum, nə istəyirsən?" dedimi? Sən heç bezmədinmi? Daha nə qədər Allah deyib duracaqsan?» dedi.
Bunun üzərinə Allahın adını dilindən salmayan adam ümidini itirdi və zikri tərk etdi. Könlü qırıq bir halda uzanıb yatdı. Yuxusunda Həzrət Xızırı gördü. Xızır ondan:
«‒Nə üçün etdiyin gözəl işi tərk etdin, Allahı zikr etməkdən qaldın?» deyə soruşdu. Həmin adam:
«Etdiyim o qədər zikrə cavab verilmədi. Haqq qatından "Ləbbeyk / buyur" səsi gəlmədi. Oʼnun qapısından qovulmaqdan qorxdum.» dedi. Bunun üzərinə Həzrət Xızır ona bu hikmətli cavabı verdi.
«‒Ey Allahʼın qulu! Sənin "Allah" deməyin, Allahın "Ləbbeyk / buyur qulum" deməsidir. Allah, adının zikrini hər kəsə qismət edərmi? Sənin "Allah" deyə bilməyin Allahın sənə bəslədiyi sevginin nişanəsidir.»
Bunu eşidən adam qalxaraq yenidən Allahı zikrə başladı.”
[Allahı zikr edə bilmək, Ona şükür edə bilmək, qulluq və itaət edə bilmək özü də şükür ediləcək başqa bir lütfdür.
Bütün məxluqat Allaha qulluq etsə, Onun şanını zərrə qədər də artıra bilməz. Yenə bütün məxluqat Ona üsyan etsə Onun şanına zərrə qədər xələl gəlməz. Allah-Təalanın heç bir şeyə ehtiyacı olmadığı kimi, bizim ibadətlərimizə də ehtiyacı yoxdur. Lakin biz Onun riza və rəhmətini cəlb etmək üçün xalis niyyətlə ibadət etməyə, saleh əməllərlə Ona yaxınlaşmağa möhtacıq.
Nəfs və şeytan insanı Allaha ibadət və itaətdən uzaqlaşdırmaq üçün min bir hiyləyə əl atar. İbadətlərinin qəbul olmadığı düşüncəsiylə ibadətdən uzaqlaşmaq şeytanın təhlükəli tələlərindən birinə düşmək deməkdir.
Qulun vəzifəsi ibadətlərini əlindən gəldiyi qədər ən gözəl şəkliylə ifa etmək, qəbul edilib-edilməyəcəyi barəsində öz ağlıyla hökm verməyib bunun təqdirini Allaha həvalə etməkdir. Çünki ibadətləri qəbul edən yeganə varlıq Haqq-Təaladır. Bu barədə qulun öz-özünə hökm verməyə qalxması həddi aşmaq sayılar. Bu da qulluq ədəbinə zidd olan bir haldır.
Bizim borcumuz əlimizdən gələn bütün səyləri göstərərək, qüsuruyla, nöqsanıyla da olsa əməllərimizi mütləq əda etmək və Haqq-Təaladan qüsurlarımızın əfvini diləməkdir. Onun fəzli-kərəminə, əfv və bağışlamasına sığınmaqdır. "Beynəl-xovfi vər-rəca", yəni qorxu və ümid duyğuları arasında, tarazlığın qorunduğu qulluq psixologiyasını daim könlümüzdə mühafizə etməkdir.
Buna görə ibadətlərinin mütləq qəbul ediləcəyini düşünərək əməlinə güvənmək nə qədər böyük bir səhvdirsə, bunun əksinə, əsla qəbul edilməyəcəyini düşünərək ümidsizliklə ibadətləri tərk etmək daha böyük bir səhvdir.
Bizim vəzifəmiz nə qədər ibadət etsək də Allaha olan qulluq və şükür borcumuzu layiqiylə ödəyə bilməyimizin mümkün olmadığını bilməklə birlikdə, təvazö və heçlik duyğuları içində var gücümüzlə qulluğumuza davam etməkdir. Sonda da Onun əfvini, bağışlamasını, fəzli-kərəmini ümid etməkdir.]
Haqq-Təala rizasına müvafiq bir qulluq həyatı yaşaya bilməyi hər birimizə nəsib və müyəssər etsin…
Amin!
ŞƏRHLƏR