REFORMASİYA YOXSA DEFPRMASİYA?
Qloballaşma ölkələr arasında əmtəə, xidmət, beynəlxalq sərmayə axınlarını ve texnologiyanın inkişafını, sərbəstləşməsini, bunların da nəticəsində meydana gələn iqtisadi inkişafı ifadə edir. Sürətlə dünyanı bürüyən qloballaşmaya məşhur jurnalist T.Friedman tərəfindən bu cür tərif verilib:
“Qloballaşma dünyada bir cox iqtisadi, maliyyə, siyasi, milli təhlükəsizlik, ekoloji, sosial, mədəni, milli və regionlararası texniki əlaqələr, birjalar və fərdlər vasitəsiylə qitələrarası məsafələri bir-birinə baglayan şəbəkədir. Tarixi olaraq isə “qloballaşma” termini 80-ci illərin ortalarında meydana gəlmişdir. Bu termin yaranmağı ilə intellektual elitaya güclü təsir göstərmişdir. Terminin yaranması T.Levitin adı ilə bağlıdır. O, 1983-cü ildə “Harvard biznes revyu” jurnalında çap etdirdiyi məqaləsini böyük və çoxmillətli korporasiyaların istehsal etdiyi ayrı-ayrı məhsulların bazarlarının bir-birilə qovuşması nəticəsində yaranmış fenomenə həsr etmişdi. Terminin yayılması isə amerikan sosioloqu R.Robertsonun adı ilə bağlıdır. O, 1985-ci ildə qloballaşma anlayışının şərhini vermiş, 1992-ci ildə ayrıca bir kitabda öz konsepsiyasının əsaslarını qeyd etmişdir.Yapon alimi K.Omaye 1990-cı ildə çap etdirdiyi “Sərhədsiz dünya” əsərində qloballaşma anlayışının hərtərəfli izahını verməyə çalışmışdır. “Qloballaşma” bugünkü dünyamızın ən cox haqqında danışılan mövzularındandır. Bu qısa məlumatdan sonra qloballaşmanın mənfi və müsbət tərəfləri, xeyir və zərərləri, iqtisadi, sosial, mədəni və bu kimi cəmiyyətə və milli şüura təsir edən tərəflərinin müzakirəsi daha ciddi və bilinməli olan bir mövzudur. Qloballaşma iqtisadi sahədən verimli, lazımi və qəbul olunan bir anlayışdır. Bundan kortəbii imtina daha ugurlu nəticələrin qarşısını almaq və tərəqqiyə mane olmaq kimi qiymətəndirilə bilər. Deməli, iqtisadi inteqrasiya və ya iqtisadi qloballaşma cox verimli və xüsusən inkişaf etməmiş, zəif inkisaf etmiş və yeni inkişaf etməkdə olan ölkələrin iqtisadi cəhətdən inkişafı və tərəqqisi üçün çıxış nöqtəsi olacaq bir formul sayıla bilər. Lakin maraqlıdır, bu həqiqətən də belədirmi?! Nəzəri olaraq bəli. Praktiki olaraq isə demək olar ki, yox! Əslində qloballaşma tam əksinə yüksək inkişaf etmiş ölkələrin digər ölkələrdən bazar kimi istifadə etməsi üçün ugurlu bir formul sayılır. Bunun da əsaslı səbəbləri var. Yüksək inkişaf etmiş ölkələr artıq iqtisadi qloballaşmanı öz lehinə istifadə edəcək gücə malikdirlər. Bu ölkələr iqtisadi bazarları yaxşı təyin edə bilir, istehsal gücünə malikdir, brend sahibidir və s. Bu isə daimi olaraq zəif və inkişaf etməmiş ölkələrdə idxalata əsaslanan iqtisadi tendensiyanın formalaşmasına təkan verir. Məsələn, inkişaf etməmiş bir Asiya ölkəsi yeni bir avtomobil istehsalına başlamaqdansa, bu maşının xaricdən idxal edilməsini daha sərfəli hesab edir. Mövcud vəziyyət üçün qiymətləndirilsə, bu düzgün variant hesab oluna bilər. Bu da bir həqiqətdir ki, həmin inkişaf etmiş ölkələrdə istehsal olunan avtomobilin ərsəyə gəlməsində asiyalı miqrant işçilərin ucuz əl əməyinin zəhməti az deyil. Deməli, qlobalaşma bir növ inkişaf etməmiş ölkələrin inkişaf etmiş ölkələrə ucuz işçi qüvvəsi verməsi, dolayısıyla həmin ölkənin bazarına cevrilməsinə, nəticədə digər ölkənin lüks avtomobil istehsalçısı imicini qorumasına xidmət edir. Bu məsələnin iqtisadi tərəfinə cüzi bir baxışdır. Lakin qloballaşma sadəcə iqtisadi formasiya deyil, yuxarıda qeyd etdiyimiz kimi bütün sahələri əhatə edən dərin bir formasiyadır.
Qloballaşma bütün sahələri əhatə edirsə, deməli həyatımızın hər sahəsinə, geyimimizə, yemək-içməyimizə, sosial həyatımıza, davranışımıza, düşüncəmizə və ən əsası həyata baxışımıza da təsir göstərir. Necə? Bunun üçün hər hansı xalqa məxsus gəncin gündəlik həyat tərzinə nəzər salmaq kifayətdir. Kimə oxaşamaq, nə yemək, hara getmək, nə cür olmaq istəyir, hansı həyat və yaşayış tərzinə üstünlük verir və s... Düşünsək görərik ki, babalarla nəvələrin arasında böyük bir (Generation gap) “Nəsil boşluğu” və fikir ayrılığı var. Övladlarımızı biz bəsləməli, başqalarının təsiri altında formalaşan cəmiyyət tərbiyə etməlidir?! Bu nə dərəcədə doğrudur? Təəccüblü olan odur ki, qərbdəki insanların həyatında bu fakt mövcud olsa da, sözügedən tendensiya onların köklərinə əsaslanan bir ənənənin davamıdır! Bəs bizdə necə? Bizdə də bu cürdürmü? Əksinə, 180 dərəcəlik fərqli baxış...
Qərbləşməyə, inteqrasiya etməyə can atan gənclik öz maddi və mənəvi varlığının əsasını təşkil edən dəyərlər toplusu olan kökündən ayrılmırmı?! Ayrılırsa, bu, gəncliyimizdə şəxsiyyət boşluguna və dəyər aşınmasına səbəb olmurmu?! Olur! Bu gün öz dəyərlərini dünya dəyəri halına gətirən və hər vəchlə buna calışan inglis, amerikan və yəhudi cəmiyyətləri öz dəyərlərinə, tarixlərinə və mədəniyyətlərinə sadiq deyillərmi? Sadiqdirlər! Onlar sadəcə öz dəyərlərini yaşamırlar, bütün dünyanın onların dəyərləriylə yaşamasını istəyirlər. Bəs onda biz və bizim gəncliyimiz, gələcəyimiz necə olsun? Biz ingilis, fransız və qeyri deyilik və o dəyərlərlə yaşaya da bilmərik. Əgər o dəyərlərlə yaşasaq, öz dəyərlərimizin aqibəti necə olsun? Dünyaya işıq tutacaq dəyərlərimiz. Ya özümüzə qayıdacaq, bizi biz edən dəyərlərlə yaşayacağıq ya da ki...
Nəticə: Elm, texnologiya və sivilizsiyanın inkişafı həyatımıza yeni rəng çalarları qatır və qatacaqdır da. Ancaq bunlar bizi öz rəngimizdən uzaqlaşdırmamalıdır ki, bu lövəhədə bizim də öz rəngimiz, öz yerimiz olsun. Bu gün üçün qloballaşma labüddür! Elə isə qloballaşmanın elmi, texnoloji, tibbi və bu kimi faydalı tərəflərini alacaq, digər mədəni, mənəvi, əxlaqi və s. kimi bizi biz olmaqdan uzaqlaşdıracaq tərəflərindən kənar duracagıq. Bir sözlə, necə olmağımız əmr olunursa, o cür olmağa calışacağıq...!
Yol varsa budur...
ŞƏRHLƏR