Bil(mə)!..
Aristotelin məşhur “metafizika” əsəri “bütün insanlar bilmək istəyirlər” cümləsi ilə başlayır. Doğulduğu andan etibarən ətrafa nəzər salıb, səslərə qulaq verən insan oğlunun ixtiyarında olmadan öyrənməyə başlaması ən təbii və qarşısıalınmaz bir prosesdir. Bir şair “danışma dedilər, ağzımı yumdum; görmə dedilər, gözlərimi qapatdım; eşitmə dedilər, qulaqlarımı tutdum, düşünmə dedilər, düşünməməyi bacarmadım” deyərkən bu haqlı reallığa diqqət çəkmək istəmişdir. Düşünməyin nəticəsi bilmə, yaxud da bilməyin səbəbi düşünmədir deyilə bilər.
Elə isə nədir bilmə!? Bilmə əməliyyatının bir neçə tərkib hissəsi mövcuddur. Ancaq bunlardan ən mühüm olanı bilməyin mövzusu və metodu barəsindədir. Yəni nəyi bilmək və necə bilmək?
“Nəyi bilmək” sualına veriləcək cavablar heç də həmişə birmənalı olmamışdır. Həm tarixin fərqli dövrlərinin fərqli problemləri bu suala cavab mahiyyətinə bürünmüş, həm də tarixin fərqli sahələrinin bu suala verəcəkləri cavablar müxtəlif olmuşdur. Həyatın ən qaçınılmaz sahəsi olan dinimizin “nəyi bilmək?” sualına cavabı belədir:
“Haradan gəldin?”
“Niyə varsan?”
“Hara gedəcəksən?”
Bəzi İslam mütəfəkkirləri ikinci ilə üçüncü sual arasında “nə etməliyəm?” bədii sualını qoymuş olsalar da, üçüncü sualın insan oğlunun nə etməli olduğunu da ehtiva etdiyini düşünmək olar.
Filosoflara görə bilik- bilənlə bilinən arasındakı münasibətin adıdır. Bilən insandır. Bilinən isə varlıqdır. Varlıqmı? Nədir varlıq?
Varlığın dar mənada iki, daha geniş mənada baxıldıqda isə üç mərhələsi olduğu məlumdur.
həqiqətdə varlıq (bir şeyi necədirsə, o elədir (ontoloji mərhələ));
düşüncədə varlıq (bir şey necə qavranılırsa, o elədir (epistemoloji mərhələ));
dildə varlıq (nə ifadə oluna bilirsə, yalnız o var (lüğəvi mərhələ)).
Deməli, bilmək sözün ən geniş mənasında bu üç şeyi bilməkdir. Geriyə bir şey qaldımı ki!?
Hər şeyi açıqlama iddiası insana xas olan həddi aşmadır. Tarixin ən qədim dövrlərindən bəri insanlığın arzusu olsa da heç vaxt real olmamışdır. Qədim yunan təfəkküründə insan biliyinin hüdudlarını “bildiyim tək şey, bildiklərimin məhdud olduğudur” fikri ilə Sokrat təyin etmişdir. Orta çağ İslam düşüncəsində eyni mövqedə Qəzali görülmüşdü. Modern Qərb fəlsəfəsində isə “bəzilərimiz bəzilərimizdən daha çox biliyə sahibdir. Ancaq ümumi platformada hamımız cahilik” deyən Popper eyni fikirlərlə çıxış etmişdir.
İnsanın bilməsini məhdudlaşdıran amillərdən birincisi onun daxili qabiliyyətlərinin məhdudluğundan irəli gəlir. İkincisi, insan ömrü əbədi deyil, müvəqqətidir. Üçüncüsü, bəşər üçün varlıq aləminin hüdudu yoxdur.
Brunonun yandırıldığı atəşdən qığılcım alıb, Kopernikin “dünya fırlanır” sərzənişi ilə alovlanan, Dekartın “cogito ergo sum” (düşünürəm, deməli varam) fikri ilə zirvəyə çıxan və nəticədə Nitşenin Tanrını “öldürməsi” ilə nəticələnən XIX və XX əsrlər “elmizmin” ilahlaşdırıldığı dövrlər kimi xarakterikdir. Xüsusilə pozitiv elmlərin mütləq hakimliyi, yalnız təcrübi elmlərin rəvac görməsi, metafiziki, mənəvi və dini elmlərin “elmizm” çərçivəsindən uzaq tutulması keçən əsrimiz üçün iki dünya müharibəsi, aclıq, xəstəlik və səfalətlərin tarixdə heç vaxt olmadığı qədər çoxalması və gələcəkdən ümidini üzmüş “xəyyami” həyat tərzinə sahib bir nəsil yetişdirməsi ilə nəticələndi. Texnoloji tərəqqi insanı daxmadan villaya, dəvədən mersedesə və lələkdən noutbuka çıxardı, lakin onu daha çox xoşbəxt etmədi.
Müsəlman dünyası əsrlərlə və ucsuz-bucaqsız torpaqlara hakim olmağın gətirdiyi yorğunluqla dərin mürgüləmə dövrünə büründüyü zamanda, yeni-yeni cücərməyə başlayan Qərb düşüncəsinin də hakimiyyətini xristianlığın külləri üzərində ucaltması Yer kürəmizin mənəvi ab-havasında yeri uzun illər doldurulmayacaq yara açmışdır.
Bu yaranın ağrısını hiss etmək üçün bəşəriyyət çox da gözləməli olmadı. Hantinqtonun, “mədəniyyətlər toqquşacaq” fəryadı dünyanın mühüm elm və siyasət tribunalarından duyulmağa başladığı anda, “Nə olsan da gəl! Tövbəni yüz dəfə pozsan da yenə gəl” deyən Ruminin əsərləri avropalı oxucunun stolüstü kitabına çevrildi, “best seller” siyahısına girdi. Maddənin ruhsuz, ağlın imansız, Aristotelin Sokratsız olmayacağı görüldü.
Yenidən düşünməli olduq. Nədir bilmə!?
ŞƏRHLƏR