Keçmiş Bayramlar...
Qurban bayramı dedikdə uşaqlıq illərimi xatırlayıram. Qurban bayramında yaşadığım uşaqlığımı (hər nə qədər yaşlanmamış olsam da) və öyrəndiyim gözəllikləri sizinlə paylaşmaq istəyirəm.
7-8 yaşım vardı. Bacımla birlikdə qurban bayramını böyük həyəcan və sevinclə gözləyərdik. Qurban bayramı yaxınlaşdıqda evdə ciddi hazırlıqlar başlayardı. Anam təmizlik edər, paxlava bişirər və bizə yeni paltarlar tikərdi. Atam da kəndlərdən gələn, heyvandarlıqla məşğul olanlardan qurbanlıq almağa gedərdi. Bacımla mən də həm anama kömək edər, həm də atamın gəlməsini səbirsizliklə gözləyərdik. Atam hər il 2 qurbanlıq alardı və yenə 2 qurbanlıq almışdı. Qapının arxasında atamı qurbanlıqlarla görüb çox sevinərdik. Bağçamızda onlar üçün hazırladığımız yerə qurbanlıqları bağlayar və orada bəsləyərdik. Bacım su verər, mən isə qabağına ot qoyardım. Hər ikimiz də atamın gətirdiyi qurbanlıqları çox sevərdik. Gecə düşdükdə anam bizi zorla yatırdardı, amma biz yenə də bir yolunu tapıb qurbanlıq qoyunları tumarlamağa gedərdik. Bayram səhəri olunca atamla bayram namazına yollanardıq. Anam və bacım da evdə son hazırlıqları görərdilər. Namaza gedərkən bir tərəfdən də atamdan bilmədiklərimi soruşardım: “Ata niyə qurban bayramı var?” -deyərdim. Atam da Allahın əmri olduğunu söyləyər və “qurban bayramında həmd, şükür və sevinc var” –deyərdi. Hz.İbrahimin həmdi. Hz.İsmayılın şükrü. Hz. Cəbrayılın sevinci var. Gətirdiyimiz təkbirlər bu gözəlliyi bizə təlqin edərdi. Atamın dediklərindən sonra mən də həmd, şükür və qurban sevincini öyrəndim.
Atamla bayram namazından qayıtdıqdan sonra əvvəlcə anam atamın əlini öpərdi və biz də bir-birimizlə bayramlaşmağa başlayardıq. Sonra atam köhnə paltarlarını geyər və “haydı ana, namazımızı qılaq” -deyərdi. Nənəmlə atam birlikdə Allah rizası üçün 2 rükət namaz qıldıqdan sonra təkbir gətirərək bağçaya düşər, qurbanlıqlarını Allahın hüzurunda qurban edərdilər. Bacım və mən də onlarla birlikdə təkbir gətirərdik. Atam əvvəl nənəmin qurbanını, sonra da öz qurbanını kəsərdi. Qurbanı kəsib, dərisini soyarkən atama kömək edər, bir tərəfdən də suallarımı yağdırardım. “Atacan, niyə hər il iki dənə qurban alırsən?” Atam da “biri bizim üçün biri də anam üçün” deyərdi. “Nənəmə kəsməsən olmazmı?” -dediyim zaman atam belə deyərdi: “Bax, oğlum, anam mənim vəlinemətimdir və ata-anaya hörmət Allaha hörmətdir. Mən əvvəl anamı sevindirməliyəm. Çünki Hz. Məhəmməd (s.ə.s): “Cənnət anaların ayaqları altındadır.” –deyir. Sonra da “Anam olmasa, mən kiməm?” -deyərdi.
Atamın nənəmə hörmətsizlik etdiyini və onu incitdiyini heç vaxt görmədim. Biz atamla danışarkən bacım səslənərdi: “Ata, manqal və çay hazırdır.” Bacım babamla birlikdə qurban bayramı səhəri bağçamızın bir küncündə daş manqalı yandırar və ətləri onun üstündə bişirərdi. Qurban ətindən yemək üçün səbirsizcəsinə gözləyərdim. Atam qurbanlarımızı kəsdikdən sonra qonşularımızın da qurbanlarını kəsməyə gedərdi. Anam da qurban ətlərini bölüşdürər və bacımla mənə: “Haydı, uşaqlar, qurban paylarını paylanın” -deyərdi. Biz də anamın verdiyi qurbanlıqları paylayar və qonşularımızla hədiyyələşərdik. İmkanlı qonşularımız bizə pul, kasıb qonşularımız isə konfet və dəsmal verərdilər.
Evə qayıtdıqda anamdan soruşardım: “Qurban kəsməyənə ət veririk, bunu başa düşürük. Bəs qurban kəsənə niyə veririk?” Anam deyərdi: “Qonşuluq çox qiymətlidir. Biz qurbanımızı kəsənə də, kəsməyənə də verməliyik.” Paylaşdıqca çoxaldığını və “Qonşusu aç ikən tox yatan bizdən deyil” hədisi-şərifini xatırladardı.
Qurban bayramı dedikdə ağla gələn yeganə şey İslamın şərtlərindən biri olan həcdir. Qurban bayramına 15 gün qalmışdı. Qapımız döyüldü. Gələn, qonşumuz Səlahəddin əmi idi. “Atan evdədirmi?” -deyə soruşdu. Mən də atamı çağırdım. Atam: “Buyur, Səlahəddin qardaş!” -dedi. Səlahəddin əmi: “Qonşu, haqqını halal et, mən uzun səfərə çıxıram” dedi. Atam: “Halal olsun, sağ-salamat. Müqəddəs yoldakılara salam de, bizə də dua et!” -dedi və halallaşıb ayrıldılar. Maraqla atamdan soruşdum: “Atacan, müqəddəs yol nədir?” Atam müqəddəs yolun həcc, imkanlı müsəlmanların həccə getmələrinin fərz olduğunu başa saldı. Mən də həmin an dua etdim: “Allahım, mənə də bu yola çıxmağı qismət et!” Çox şükür, duam qəbul oldu və 18 yaşımda həccə də olmasa, o müqəddəs diyara ümrə ziyarətinə getdim.
Mən bu gözəlliyi bir bayram ərəfəsində yaşadım. Və halallığın da nə demək olduğunu öyrəndim. Peyğəmbərimizin dediyi “Bir-birinizlə halallaşın” sözünün gözəlliyini o zaman anladım. Bu da uşaqlıq illərimdə yaşadığım qurban bayramı. Hələ də bizim evimizdə 2 qurban kəsilir. Nənəm vəfat etdikdən sonra da qurbanını kəsməyə və onun adına paylamağa davam edirik.
Necə də gözəl idi o qurban bayramları. Böyüklərimiz bizə Rəbbimin gözəlliklərini öyrədərdi. Amma indiki uşaqlar qurban bayramının nə olduğunu doğru-dürüst bilmirlər. Səbəbini soruşsanız, qurban kəsiləcək bağçalar, qurban alacaq atalar, ətləri paylayacaq analar qalmadı. Təvəkkül, təslimiyyət, təqva, sevgi, həmd, şükür və sevinc bitdi. Bu gözəlliklər evdə yaşanmadıqdan sonra uşaqlar hardan öyrənəcək? Bayramlar sileyi-rəhm idi. İndi isə tətil oldu. Həsrətlə gözlədiyimiz qurbanlar və qurban ətləri evlərə girməz oldu. Nə böyük bir itkidir. Vaxtilə bizim qısa müddətlik də olsa yaşadığımız bu gözəlliklərdən indinin uşaqları xəbərsizdirlər. Nə olar, bir dəfə də olsa qurbanlarınızı ailəliklə kəsin. Kəsin ki, uşaqlarınız bu xoşbəxtliyi dadsın.
Qurban bayramınız mübarək olsun! Salam və dua ilə…
ŞƏRHLƏR