Futbol Boş Məşğuliyyət Deyil!

Futbol Boş Məşğuliyyət Deyil!

Həzrət Peyğəmbər (s.ə.s) zamanında bütöv bir il hüzn ili olaraq adlandırılmışdı. Mən də geridə qoyduğumuz keçən oktyabr ayını həddim olmayaraq hüzn ayı olaraq xarakterizə etdim. Bütün dünya ölkələrinin xəbər başlıqlarında yer alan bu iki ağır hadisəni uzun-uzadı yada salıb çəkdiyimiz acıları yenidən alovlandırmaq istəmirəm.

Öncə Çukurcadan gələn 24 ana quzusunun şəhid olduğu xəbəri ilə sarsıldıq. Aradan çox qısa bir müddət sonra hələ acımızı unutmamışkən Vandan gələn 7,2 ballıq zəlzələ xəbəriylə çökən binalar kimi biz də yerlə bir olduq. Ölkəmin hər tərəfindən hadisələrə şərhlər verildi, ağrı-acılar paylaşıldı. Önünə mikrofon uzadılan bir vətəndaşımızın sözləri isə həqiqətən ürəklərdə yaşananları sərgiləyəcək şəkildə idi. “24 Şəhid 70 milyon yaralı.” Bəli, hamımız yaralıydıq, amma ağrımızı bir az da olsa xəfiflədən hadisələr, dağıntılar altından sağ qurtarılanlar oldu.

Yaşlılarımızın dilində qəlibləşmiş bir söz var. Futbol oynayan uşaqları, nəvələri, futbolla maraqlanan qonşuları üçün daima söylədikləri bir ifadə: “Buraxın, bu boş-boş vaxt keçirməyi, futbol bol işdir”. Bu yaşanan hadisələr qarşısında futbolla yatıb-qalxan insanların reaksiyaları, cavabları yaşlılarımızın bu tezisini çürüdən mahiyyətdə idi. Nə üçünmü? Çünki futbolun yalnız topun arxasında qaçan 22 adamdan ibarət olmadığı gerçəyi istər media vasitəsilə edilən şərhlərlə, istər keçirilən yardım kampaniyaları ilə, istərsə də əldə tutulan şüarlarla və tökülən gözyaşları ilə bizlərə bir dəfə daha göstərdi.

Bunlardan yalnız bir neçəsini sizinlə paylaşmaq istəyirəm.

Oyundan əvvəl verilən sualları cavablandıran bir futbolçu ağlamsınaraq, həzin səs tonu ilə o gün futbol oynayacaq həvəsinin olmadığını, fiziki olaraq meydançada olsa da ruhunun, qəlbinin zəlzələ bölgəsində olduğunu dilə gətirdi.

Bir klubun yüksək məqam sahibi idarəçilərindən biri yenə media vasitəsi ilə o həftə oynayacaqları oyundan əldə olunan gəliri yardıma ehtiyacı olanlara, zəlzələdən zərər görmüşlərə göndərəcəklərini açıqladı.

Oyunlardan sonra göstərilən müzakirə proqramlarından birində proqramın aparıcısı göz yaşlarına hakim ola bilmədiyi halda yenə başqa bir müzakirə proqramında aparıcılar verilişi davam etdirə bilmədilər. Bu insanların hamısı zəlzələdən əziyyət çəkənlərin acılarını paylaşdılar, onlarla birlikdə bu kədəri yaşadılar, tək ürək, tək bədən oldular.

Şəhidlərimizin adları bir-bir stadionun tribunalarından səsləndikdə bütün tərəfdarların BURADA deyə qışqırması isə tüklərimizi biz-biz edir, göz yaşlarımızın axmasına və ürəklərin bir daha parçalanmasına kifayət edirdi.

Futbol həqiqətən boş bir məşğuliyyət deyil. Bu idman vasitəsi ilə yeri gəldikdə bir təşkilat təşkil edilərək milyonlar hərəkətə gətirilə bilir. Göndərilən yardımlar isə bunun bir göstəricisidir.

Acılar paylaşdıqca azalar, paylaşdıqca keçər deyib atalarımız. Bu çətin zamanda ölkəmə dəstəyini əsirgəməyən, ilk yardım ekipajını ehtiyac bölgələrinə göndərən, verdikləri şərhlərlə ağrımızı paylaşan can AZƏRBAYCANa və AZƏRBAYCANın gözəl insanlarına təşəkkürü özümə bir borc bildim. Ulu Öndər Mustafa Kamalın da söylədiyi kimi sizin kədəriniz də bizim kədərimiz, sizin sevinciniz də bizim sevincimizdir.

Yazımı milli şairimiz Mehmed Akif Ersoyun bu misraları ilə sonlandırmaq istəyirəm:

Ey bu torpaqlar üçün torpağa düşmüş, əsgər!

Göydən əcdad enərək öpsə o pak alnı dəyər.

 Keçən ay həyatlarını itirən bütün soydaşlarımızın ruhu şad, məkanları cənnət olsun. Uca Allah  bizi bu və bunun kimi müsibətlərdən, zəlzələlərdən, fəlakətlərdən qorusun.

AMİN!..

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz